NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Aprel döyüşləri – böyük qələbənin başlanğıcı

...

Bu gün tarixi qalib ölkənin vətəndaşları kimi vərəqləyirik. İllər öncə bir arzumuz var idi: bayram tonqalını Qarabağda yandırmaq. Artıq 6 ildir ki, azad Qarabağ torpaqlarında bayram tonqalını Müzəffər Ali Baş Komandan, ölkə başçısı İlham Əliyev yandırır. Torpaqlarımız zəfər dolu bu alovun hər zərrəsində can tapır, ilbəil abadlaşır, doğmalarına qucaq açır. Artıq Qarabağda yalnız bayram tonqalları deyil, evlərin işığı da yanır, gülüş səsləri, dünyaya göz açan körpə qığıltısı əbədi qayıdışımızın möhürü kimi səslənir. Bəli, biz qayıtdıq, haqq-ədalət zəfər çaldı. Bütün dünya bir daha gördü ki, Azərbaycan haqlı savaş aparıb və Qarabağ Azərbaycandır!

44 günlük müharibənin nəticəsi olaraq qazandığımız zəfər yolu isə heç də asanlıqla başa gəlməmişdi. Bu yolda neçə-neçə igidlər canını qurban vermiş, Vətən torpaqları etibarlı müdafiə olunmuşdu. Qazandığımız şanlı Aprel zəfərindən bizi 10 illik zaman ayırır. Bu gün biz tarixin Aprel səhifəsini qürurla, fəxarət hissi ilə səhifələyirik. Arzularımız çin olmuş, şəhidlərimizin qisası alınmış, insanların artıq illərdir, həsrətində olduğu torpaqlarına Böyük Qayıdışı başlanmışdır.

Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun birliyinin, vətənpərvərliyinin göstəricisi kimi düşüb. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. 2016-cı il aprelin 2-nə keçən gecə düşmən təmas xəttindəki bütün mövqelərimizi, eyni zamanda mülki əhalini atəşə tutmağa başladı. Dərhal əks-hücum əməliyyatına başlayan ordumuzun əsas hədəfi isə düşmənin sərhədyanı və sərhədətrafı yaşayış məntəqələrinə törətdiyi təhlükəni aradan qaldırmaq idi. 4 gün davam edən döyüşdə Azərbaycan Silahlı Qüvvələri cavab zərbələri ilə düşmən müdafiəsinin ön xəttində yerləşən çoxlu canlı qüvvə və hərbi texnikanı sıradan çıxardı. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Lakin düşmənin bu cəhdi uğursuzluqla nəticələndi və ordumuz tərəfindən yüksək peşəkarlıqla dəf edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu, mühəndis-istehkam tədbirləri həyata keçirildi.

Göstərdiyi şücaətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən polkovnik-leytenant Şükür Həmidov həmin döyüşləri belə xatırlayırdı: “Ön xətdə döyüş növbətçiliyi aparan bölmələrimizə düşmən qəfil hücum etdi. Şəxsi heyətimiz düşmənin müqavimətini qırdı. Düşmən müqavimət göstərməyə çalışsa da, döyüşçülərimizin gücünü gördükdən sonra əlindəki silahını atıb pərakəndə şəkildə qaçmağa başladı. Ermənilər təşviş içində idi. Bölmələrimiz əks-hücum ilə düşməni geri otuzdurdu, Lələtəpə yüksəkliyi və ətraf bölgələr düşməndən tamamilə azad edildi. Çox gözəl bir tarixi an yaşandı. Ordumuzun gücü, şəxsi heyətin döyüş ruhu ortaya çıxdı. Düşmənə və havadarlarına sübut olundu ki, Azərbaycan Ordusu 90-cı illərdəki ordu deyil və ordumuzun vahid komandanlığı, orduda xidmət edə biləcək peşəkar zabitlər var. Əsgərlərimiz, döyüşçülərimiz böyük rəşadət göstərdilər. Lələtəpə yüksəkliyinə üçrəngli bayrağımızı sancdılar”. 

2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri igidliyə görə xüsusi fərqlənən bir qrup hərbçi Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə yüksək fəxri ada, orden və medallara layiq görüldü.

Xalqımıza böyük ruh yüksəkliyi bəxş edən Aprel zəfərində şəhadətə yüksələn oğullarımızın sırasında Naxçıvan torpağının yetirmələri də vardı. Heydər Əliyev adına Hərbi Liseyin iki məzunu – mayor Rasim Məmmədov və leytenant Qabil Orucəliyev şəhadətə yüksəldi. Şəhidlərimizin döyüş yolu gənc nəsil üçün qəhrəmanlıq örnəyi oldu.

Beləliklə, Aprel döyüşləri düşmənin ağır məğlubiyyəti ilə nəticələndi. Uzun aradan sonra xalqımıza yaşadılan qələbə sevinci ürəklərdə həm də əminlik hissi yaratdı: torpaqlarımızı düşməndən azad edəcəyik.

Aprel zəfərindən sonra mülki əhalinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdışı mühüm hadisə kimi tarixə düşdü. Sakinlər illər sonra böyük şövqlə öz doğma ocaqlarına qayıtdılar və bu, Böyük Qayıdışın başlanğıcı kimi yurd nisgilli ürəklərə su səpdi: biz tezliklə qayıdacağıq.

Azərbaycan Ordusu uğurlu Aprel zəfərindən sonra Günnüt zəfərinə imza atdı. 2018-ci ilin mayında muxtar respublikanın 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Qələbə əzmi ilə irəli gedən ordumuz 44 günlük Vətən müharibəsi ilə bizə şanlı zəfərin sevinc hisslərini yaşatdı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi.

Üzərindən neçə onilliklər keçəcək, lakin bu gün də, sabah da Aprel döyüşlərindən hər zaman qürurla danışılacaq. 10 il əvvəl Lələtəpədə ucaldılan bayraq bu gün Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində dalğalanır. Aprel döyüşləri hər zaman böyük qələbənin başlanğıcı kimi xatırlanacaq.

Ruhiyyə RƏSULOVA

Nəşr edilib : 02.04.2026 00:00