NAXÇIVAN :

09 May 2026, Şənbə

Naxçıvanın “Turan” Döyüş Klubunun gücü idman arenasında bir daha təsdiqləndi

img

Bakıda keçirilən və Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunan “Legion Fighting Championship – LFC” turniri Naxçıvan idmanının növbəti uğuru ilə yadda qaldı. 52 klubdan 526 gənc istedadın qüvvəsini sınadığı bu nüfuzlu yarışda Naxçıvan idmanı növbəti parlaq qələbəsinə imza atdı. Naxçıvanın “Turan” Döyüş Klubu möhtəşəm nəticə göstərərək 38 qızıl, 22 gümüş medalla komanda hesabında birinci yerə yüksəldi və qalibiyyət kubokunu qaldırdı. Turnirdə qazanılan uğurdan sonra klub rəhbərliyi və idmançılar təəssüratlarını “Şərq qapısı” ilə bölüşərək bu qələbənin arxasında dayanan zəhmətdən danışdılar.

Dünya və Avropa çempionu, Azərbaycan yığmasının üzvü Röya Abdullayeva yarışın gərgin və yüksək rəqabət şəraitində keçdiyini bildirib: “Bu turnirə hazırlıq mərhələsində hər bir idmançımız öz üzərində maksimum səylə çalışdı. Komandamızın əldə etdiyi birincilik bizim  birliyimizin nəticəsidir. “Turan” Döyüş Klubunda hökm sürən qarşılıqlı dəstək və yüksək motivasiya mühiti bizi hər zaman daha böyük hədəflərə ruhlandırır”.

Gənc nəslə tövsiyələrini verən çempion, uğurun sirrinin özünəinamdan keçdiyini qeyd edib: “Gənc idmançılarımıza hər zaman öz məqsədlərinə inanmağı və qarşılarına çıxan çətinliklərdən qorxmamağı tövsiyə edirəm. Zəfər maneələri aşanlarındır”.

Dəfələrlə respublika çempionatları və turnirlərinin qalibi olan yığma komandanın üzvü Nurəddin Əliyev turnirdəki parlaq çıxışı yüksək hazırlıq səviyyəsi ilə əlaqələndirir: “Bu turnirdə nümayiş etdirdiyimiz nəticə aylarla davam edən məsuliyyətli hazırlıq prosesinin bəhrəsidir. Rəqiblərin güclü və təcrübəli olmasına baxmayaraq, biz bir an belə özünəinamımızı itirmədik. Hər bir qarşılaşmada sona qədər, son saniyəyədək mübarizə aparmaq bizim əsas prinsipimiz idi”.

Nurəddin, həmçinin bu uğurun yerli səviyyədə təsirini də vurğulayıb: “Belə qələbələr biz idmançılar üçün növbəti hədəflərə doğru böyük bir stimuldur. “Turan” Döyüş Klubunun son illərdəki uğurları Naxçıvanda döyüş idman növlərinə olan kütləvi marağın artmasında mühüm rol oynayır”.

“Turan” Döyüş Klubunun rəhbəri, baş məşqçi Xəyal Abdullayev bildirib ki, Bakıda əldə olunan bu möhtəşəm nəticə aylarla davam edən sistemli və peşəkar hazırlıq prosesinin yekunudur: “Klubun fəaliyyət fəlsəfəsi yalnız medallar qazanmaq üzərində yox, həm də sağlamdüşüncəli, yüksək intizamlı və vətənpərvər bir gəncliyin formalaşdırılması üzərində qurulub. Turnirdə iştirak edən 30 nəfərlik heyətin hər bir üzvü tatamiyə çıxarkən üzərinə düşən məsuliyyəti dərindən hiss edib və Naxçıvan idman məktəbinin sarsılmaz gücünü bir daha bütün respublikaya nümayiş etdirib”.

Baş məşqçi qeyd edib ki, əldə olunan nailiyyətlər klub daxilində tətbiq olunan düzgün məşq metodikasının və idmançıların nümayiş etdirdiyi sonsuz əzmkarlığın bariz göstəricisidir: “Belə mötəbər yarışlar gənclərin inkişafı üçün mühüm platforma rolunu oynayır və gələcəkdə beynəlxalq arenalarda qazanılacaq böyük uğurların möhkəm təməlini qoyur”.

Qarşıda daha böyük hədəflərin olduğunu vurğulayan Xəyal Abdullayev, komandanın bu qələbəni yeni zəfərlər üçün stimul kimi qəbul etdiyini və hazırlıqların eyni templə davam edəcəyini əlavə edib.

Bu möhtəşəm zəfər sadəcə qazanılan medalların sayında və  qaldırılan kubokda təcəssüm etmir. “Turan” Döyüş Klubunun “LFC” turnirindəki mütləq üstünlüyü, ilk növbədə, Naxçıvan idman məktəbinin köklü ənənələrinin, peşəkar hazırlıq sisteminin və gənc nəslin tükənməz potensialının parlaq təzahürüdür. Döyüş meydanında nümayiş etdirilən polad iradə və məğlubedilməz ruh bir daha təsdiqlədi ki, zəhmətlə keçirilən məqsədyönlü hazırlıq ən uca zirvələrin fəth olunması üçün əsas zəmindir. Şübhəsiz ki, bu qələbə klubun heyəti üçün daha böyük hədəflərə doğru açılan yeni bir üfüq, muxtar respublika idmanının gələcək uğurları üçün mötəbər bir müjdədir. Bu nəticə həm də göstərir ki, düzgün qurulmuş taktika və komanda daxilindəki səmimi birlik istənilən çətin sınaqdan alnıaçıq çıxmağın yollarından biridir. Hər bir idmançının göstərdiyi şücaət Naxçıvanın gənc nəslinin idman arenalarında nə qədər iddialı və qətiyyətli olduğunu bir daha bütün respublikaya nümayiş etdirdi.               

Elnurə CƏFƏROVA

DAHA ƏTRAFLI