NAXÇIVAN :

07 Iyun 2026, Bazar

Naxçıvanlı hakimdən Avropa çempionatında ilk beynəlxalq missiya

...

Bolqarıstanın Samokov şəhərində U-15 yeniyetmə güləşçilər arasında keçirilən  Avropa çempionatı başa çatıb. Hər üç güləş növü üzrə (yunan-Roma, sərbəst  və qızlar arasında) ölkəmizi təmsil edən milli komandalarımızın üzvləri gərgin mübarizə aparıblar. Turnirdə idmançıların çıxışları ilə yanaşı, qarşılaşmaların idarə edilməsində azərbaycanlı hakimlər də uğurla yer alıblar. Beynəlxalq dərəcəli hakimlər Sevinc Yusibova və Şamil Fəttayevlə yanaşı, Naxçıvan Şəhər Uşaq-Gənclər və İdman Məktəbinin müəllimi, milli kateqoriyalı hakim Nihad Muradov da bu mötəbər turnirdə ədaləti qoruyanlar sırasında olub.

Karyerasında ilk dəfə olaraq bu miqyasda nüfuzlu yarışa dəvət alan Nihad Muradov altı ilə yaxındır ki, milli kateqoriyalı hakim kimi fəaliyyət göstərir. O, ötən dövr ərzində müntəzəm olaraq Azərbaycan çempionatlarının və birinciliklərinin məsul görüşlərində hakim kimi çıxış edərək zəngin təcrübə toplayıb. Naxçıvan idman məktəbinin yetirməsi olan gənc hakimin qitə birinciliyinə cəlb edilməsi onun peşəkar fəaliyyətinə verilən yüksək qiyməti göstərir.

Samokovda keçirilən Avropa çempionatının ab-havası və beynəlxalq arenadakı ilk debütü barədə danışan Nihad Muradov qeyd edib ki, Avropa çempionatı kimi əhəmiyyətli bir idman səhnəsində Azərbaycanı təmsil etmək onun üçün həm böyük şərəf, həm də ciddi məsuliyyətdir. O bildirib ki, beynəlxalq səviyyəli yarışlarda hər bir qarşılaşmanın gərginliyi maksimum həddə olur və hakimdən yüksək diqqət, psixoloji dözümlülük və saniyələr daxilində dəqiq qərar qəbul etmək bacarığı tələb olunur. Həmin anlarda müəyyən həyəcan yaşansa da, ölkə daxili yarışlarda qazanılan çoxillik təcrübə və peşəkar vərdişlər bu maneəni qısa zamanda dəf etməyə imkan verib.

Milli kateqoriyalı hakim vurğulayıb ki, yerli çempionatlarda idarə etdiyi gərgin görüşlər onun beynəlxalq səviyyəyə keçidi üçün mühüm zəmin rolunu oynayıb. Bununla belə, Avropa çempionatında müxtəlif ölkələrin fərqli güləş üslubları və məktəbləri qarşılaşdığı üçün buradakı idarəçilik spesifik yanaşma tələb edir. Təcrübəli beynəlxalq dərəcəli hakimlərimizlə birgə fəaliyyət göstərmək və yarış çərçivəsində onlarla təcrübə mübadiləsi aparmaq da gənc hakimin peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Fəaliyyətini həm də Naxçıvan Şəhər Uşaq-Gənclər və İdman Məktəbində davam etdirən Nihad Muradov vurğulayıb ki, bu uğurun əldə olunmasında ona göstərilən dəstəyin böyük rolu olub. O, məktəbin direktoru Faiq İsgəndərova, Azərbaycan Güləş Federasiyası Hakimlər Komitəsinin sədri Asif Şirəliyevə göstərdikləri diqqət və dəstəyə görə təşəkkürünü ifadə edib.

N.Muradov qeyd edib ki, bu çempionatda əldə etdiyi beynəlxalq təcrübə onun gələcək fəaliyyətində, xüsusən də gənc idmançıların yetişdirilməsində böyük rol oynayacaq. O, qitə birinciliyində mənimsədiyi yeni hakimlik meyarlarını və praktiki bilikləri öz işində tətbiq edəcəyini, hədəfinin isə gələcəkdə beynəlxalq dərəcəli hakim statusu qazanaraq Azərbaycanı daha yüksək səviyyəli idman arenalarında təmsil etmək olduğunu diqqətə çatdırıb.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 04.06.2026 15:28