Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sa...
19:20 06.06.2026
0
0
0
NAXÇIVAN :
07 Iyun 2026, Bazar
Şamaxı Olimpiya Mərkəzində kadetlər arasında keçirilən boks üzrə ölkə birinciliyinin final mərhələsində Naxçıvan idmançısı uğurlu nəticə əldə edib. 57 komandadan 159 dəri əlcək sahibinin qatıldığı respublika birinciliyində bütün rəqiblərinə qalib gələn boksçumuz Sadiq Xəlilov və onun məşqçisi Elnur Kərimli qələbə təəssüratlarını bizimlə bölüşüblər.
Ölkə birinciliyində fəxri kürsünün ən yüksək zirvəsinə qalxan Sadiq Xəlilov final mərhələsi elan olunanda qarşısına yalnız bir məqsəd qoyub, o da Naxçıvana çempion kimi qayıtmaq: “Birincilikdə ölkənin dörd bir yanından gəlmiş 159 boksçu mübarizə aparırdı və rəqabət həddindən artıq güclü idi. Bura gələn boksçuların hər biri zona birinciliklərində adlarını qaliblər sırasına yazdırmışdılar. Keçirdiyim 3 görüşün hər biri mənim üçün önəm daşıyırdı. Rinqə çıxanda üzərimdə böyük bir məsuliyyət var idi, bilirdim ki, doğma yurdumuzda uğurumuz üçün dua edən insanlar var”.
“Rəqiblərimin hər üçü də taktiki cəhətdən yaxşı hazırlaşmışdı, xüsusilə final döyüşü olduqca gərgin keçdi. Lakin mən məşqlərdə məşqçim tərəfindən aldığım tapşırıqları soyuqqanlı şəkildə tətbiq etməyə çalışdım. Çətin anlarda qələbəyə olan inamım və əzmim mənə güc verdi. 3 döyüşün hər birində təmiz qələbə qazanaraq birinci yerə layiq görülmək və qızıl medalı qazanmaq sözlə ifadə olunmayacaq hissdir. Kürsüdə dayananda çəkdiyimiz bütün əziyyətlərin bəhrəsini gördüyümü anladım. Bu qələbə mənim üçün böyük zirvənin başlanğıcıdır. İndi hədəfim daha böyükdür. Dayanmadan çalışıb gələcəkdə dünya və Avropa çempionatlarında Azərbaycan bayrağını dalğalandırmaq istəyirəm”.
Baş məşqçi Elnur Kərimlinin sözlərinə görə, yetirməsinin uğuru onun üçün ən gözəl mükafatdır: “Sadiqin bu turnirdə göstərdiyi əzmkarlıq məni çox qürurlandırdı. Biz bura asan yolla gəlməmişdik. İdmançılarımız əvvəlcə zona birinciliyində yüksək nəticə göstərərək final mərhələsinə vəsiqə qazanmışdılar. Naxçıvanda idmançılarımıza göstərilən diqqət və dövlət dəstəyi bizim hazırlıq prosesimizi tam təmin etmişdi. Biz Şamaxıya gedəndə qalib gəlməyi hədəf kimi qarşımıza qoymuşduq”.
“Sadiq turnirboyu əsl idmançı intizamı nümayiş etdirdi. Boks həm də analitik təfəkkür, rinqdə rəqibi oxumaq bacarığıdır. O hər üç döyüşdə də soyuqqanlılığını qorudu, rəqiblərin zəif tərəflərini vaxtında görüb dəqiq zərbələrlə xalları öz xeyrinə yazdırmağı bacardı. İnanıram ki, bu qızıl medal muxtar respublikamızda boksla məşğul olan digər yeniyetmələr üçün də çox böyük stimul olacaq. Qətiyyən əldə olunan nəticə ilə kifayətlənməyəcəyik. Qarşıda bizi milli komandanın toplanışları və beynəlxalq arenalarda gözləyən daha ciddi sınaqlar var”.
Ölkə birinciliyində qazanılan bu qızıl medal Naxçıvan boks məktəbinin gələcəkdə qazanılacaq böyük uğurlarının, sadəcə, bir xəbərçisidir. İnanırıq ki, gənc boksçumuzun adı tezliklə beynəlxalq arenalarda, dünya və Avropa çempionatlarında da qürurla hallanacaq, üçrəngli bayrağımız ən uca zirvələrdə dalğalanacaqdır.
Elnurə CƏFƏROVA
Digər xəbərlər