NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Elçin Əmirbəyov: Orta Dəhlizin əhəmiyyəti daha da artır

...

V Antalya Diplomatiya Forumu çərçivəsində “Bağlantıda yeni imkanlar” mövzusunda panel iclas keçirilib. “Şərq qapısı” xəbər verir ki, paneldə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun, Şimali Makedoniyanın xarici işlər və xarici ticarət naziri Timço Mucunskinin, Türkiyənin xarici işlər nazirinin müavini Berris Ekincinin və Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin Qərbi Avropa üzrə icraçı direktorunun müavini Emanuele Giaufretin mövzu ilə bağlı fikirləri dinlənilib. Toplantıda çıxış edən Elçin Əmirbəyov Azərbaycanın geosiyasi mövqeyinin, strateji keçid yolu üzərində yerləşməsinin ixracın şaxələndirilməsinə doğru hərəkətin əhəmiyyətini daha da ön plana çıxarmasına diqqət çəkib. “Orta Dəhliz qitələrarası nəqliyyat dəhlizidir və bəlkə də, iki qitəni birləşdirən ən qənaətli, təhlükəsiz, qısa marşrutdur. Eyni zamanda, bu şaxələndirməni artırır. Hesab edirəm ki, bazar dəyişkənliyi, geosiyasi qeyri-sabitlik və gərginlik Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Əvvəllər bu, sadəcə, alternativ variantlardan biri idisə, hazırda mövcud vəziyyətdən çıxış üçün getdikcə daha vacib bir yol halına gəlib”, - deyə o bildirib. Daxil olduğumuz regionun onilliklər boyu münaqişələr, bağlı sərhədlər və parçalanma ilə yadda qaldığını qeyd edən Elçin Əmirbəyov Azərbaycanın artıq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, bundan sonra qonşu Ermənistanla faktiki sülh şəraitində yaşadığını və bunun yeni imkanlar yaratdığını vurğulayıb. O deyib: “Bu imkanlar Ermənistan və Azərbaycanla yanaşı, ümumilikdə region ölkələri arasında müsbət qarşılıqlı asılılıqlar yaradır. Hesab edirəm ki, bu cür qarşılıqlı əlaqə və asılılıq sülh üçün ən yaxşı təminatlardan biridir, çünki bu, əsl “qazan-qazan” vəziyyətidir”. Digər çıxışçılar qlobal ticarət yolları və infrastruktur layihələri haqqında danışıblar. Bildirilib ki, bu layihələrin tam potensialını üzə çıxarmaq üçün texniki, hüquqi və investisiya ilə bağlı çətinliklərin çoxtərəfli əməkdaşlıq vasitəsilə həll edilməsi zəruridir.

Nəşr edilib : 18.04.2026 14:41