NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Unudulmaz “Tunel” faciəsi, Kəlbəcərin azadlığı və bərpasına gedən yol

...

Düz 33 il bundan öncə, 1993-cü il martın 31-də Kəlbəcər rayonunun “Tunel” adlanan ərazisində baş verən faciə xalqımızın yaddaşından heç zaman silinməyəcək. Həmin dövr Azərbaycanın ictimai-siyasi və sosial-mədəni həyatının ən çətin illərindən biri idi. Münaqişə və işğal nəticəsində Kəlbəcər böyük insan itkiləri və dağıntılarla üzləşmişdi. “Tunel” faciəsi isə, bu baxımdan, həmin zamanın acı reallıqlarını əks etdirir və bu səbəbdən də rayon sakinlərinin yaddaşında dərin iz buraxıb.
Faciənin baş verdiyi tunel Tərtər-Kəlbəcər yolunun cənubunda, Laçın-Kəlbəcər yolunun üstündə yerləşir. Kəlbəcərin 35 kəndini rayon mərkəzi ilə birləşdirən, eni yalnız bir avtomobilin hərəkətinə imkan verən və işıqlandırılmayan tunelin uzunluğu 2 kilometrə yaxındır. Hadisə şahidlərinin sözlərinə görə, rayon ərazisini işğal edən zaman tunelin qarşısında pusqu quran erməni silahlı qüvvələri həmin gün buradan keçən dinc azərbaycanlıları güllə-barana tutmuş, bir çoxunu öldürmüşlər. Faciə zamanı qadın, yaşlı, uşaq da daxil olmaqla ümumilikdə 53 nəfər qətlə yetirilib, 64 nəfər əsir götürülərək uzun müddət ağır işgəncələrə məruz qalmışdır. Hadisəni törədən silahlı dəstəyə məşhur terrorçu, sonralar Ağdam rayonu ərazisində öldürülən Avo ləqəbli Monte Melkonyan rəhbərlik etmişdir. 
"Tunel" faciəsi Kəlbəcərin işğalı həm infrastrukturun dağıdılmasına səbəb olub, həm də insanların həyatına, mənəvi dünyasına ciddi təsir göstərib. Rayon sakinləri doğma torpaqlarından didərgin düşmüş, kəndlər və məhəllələr dağıdılmış, sosial-iqtisadi həyat, demək olar ki, iflic vəziyyətə salınmışdı. Məhz bütün bu acı gerçəkliklərin timsalında o dövrün şəraiti müharibənin sərt reallıqlarını göstərir və Azərbaycanın hər qarış torpağı uğrunda mübarizəsinin vacibliyini bir daha sübut edir. “Tunel” faciəsi zamanı çoxlu sayda mülki şəxs və hərbçi həyatını itirmiş, bölgədəki yollar, körpülər və digər infrastruktur obyektləri dağıdılmışdı. Bu hadisələr bölgənin tarixində unudulmaz iz buraxmış, xalqın yaddaşında dərin kədər və iztirab yaratmışdır. 
İşğaldan öncə 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər Azərbaycanın dağlar, çaylar, meşələr və mineral sularla zənginliyi ilə seçilən, kənd təsərrüfatı və turizm potensialına malik ən səfalı bölgəsi idi. Lakin 1993-cü il işğalı bu zəngin təbii və iqtisadi potensialı məhv edilməsinə yol açdı. İşğaldan əvvəl Kəlbəcər həm sakinlərinin həyat tərzi, həm də bölgənin ekoloji tarazlığı baxımından ölkənin önəmli rayonlarından biri sayılırdı. Rayonda 24 min hektar meşə ərazisi və çox sayda təbiət guşələri, nadir bitkilər var idi. Bu baxımdan, bölgənin işğalı həm də Azərbaycanın ümumi ekoloji vəziyyətinin mürəkkəbləşməsinə və təbii sərvətlərinin talan edilməsinə yol açdı.
Məlum olduğu üzrə Kəlbəcər rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olub və burada çox sayda tarixi abidələr mövcud idi. Ərazidə alban dövrünə aid müxtəlif məbədlər, qalalar, qayaüstü təsvirlər və digər arxeoloji məkanlar tapılıb. Məşhur Xudavəng məbəd kompleksi ilə yanaşı, Qalaboynu, Comərd, Keşikçi qalaları və digərləri bu rayonun maddi-mədəni irsinə daxil idi. Qayaüstü təsvirlər isə bölgənin 30 min ildən çox tarixə malik Azərbaycan torpağı olduğunu göstərir. Bu baxımdan, rayonun işğalı ilə yalnız insanların həyatına deyil, həm də xalqımızın tarixi-mədəni irsinə ciddi zərbə vurulub. Kəlbəcər işğal edilərkən çoxsaylı tarixi və memarlıq abidələri dağıdılıb, Alban dövrünə aid məbədlər, qalalar, qayaüstü təsvirlər və digər arxeoloji obyektlər ya tamamilə məhv edilib, ya da ciddi ziyana uğrayıb. Bu dağıntılar regionun mədəni irsinin qorunması baxımından böyük itkidir, çünki həmin abidələr bölgənin tarixini və mədəni zənginliyini əks etdirirdi. 

Otuzillik ədalətsiz hökmün sonu: azad, abad Kəlbəcər

2020‑ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan 44 gün ərzində davam edən Vətən müharibəsi ilə tarixi zəfər, möhtəşəm qələbə qazandı. Bu qələbə nəticəsində tarixi ədalətsizlik aradan qaldırıldı və işğal altındakı torpaqlarımızın böyük hissəsi geri qaytarıldı. 2020‑ci il noyabrın 10‑da imzalanan üçtərəfli bəyanata əsasən Kəlbəcər rayonu həmin il noyabrın 25-də geri qaytarıldı. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən hər il noyabrın 25-i "Kəlbəcər Şəhəri Günü" kimi qeyd olunur. 
Kəlbəcər bir güllə atılmadan Azərbaycana qaytarıldı ki, bu da hərbi‑siyasi sahədəki uğurun diplomatik mərhələdə də təsdiqi oldu. Bu tarixi gün Azərbaycan xalqı üçün otuzillik ədalətsiz hökmün bitməsi və kəlbəcərlilər üçün milli qürurun bərpası kimi yaddaşlara yazıldı. Eyni zamanda həmin hərbi-siyasi qələbə Kəlbəcərin işğalına və "Tunel" faciəsinə ən layiqli cavab kimi tarixə düşdü. Prezident İlham Əliyev torpaqlarımızın hərbi-siyasi, diplomatik yolla azad olunmasını yüksək qiymətləndirərək deyib:  “Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi”.
 Kəlbəcər rayonunun azad olunması regiona yeni ümidlər və inam gətirdi, bölgədə bərpa və yenidənqurma işlərinə start verildi. Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində bütün Qarabağ ərazisində olduğu kimi, Kəlbəcərin bərpası, infrastrukturun yenidən qurulması və sosial həyatın canlandırılması əsas məqsədlərdən biri oldu. Ötən beş il ərzində rayon ərazisində yeni yaşayış kompleksləri inşa edilib, yollar, körpülər, məktəblər və digər ictimai obyektlər yenidən qurulub. Elektrik və su təchizatı bərpa edilib, rabitə və kommunikasiya imkanları genişləndirilib. Eyni zamanda kənd təsərrüfatının bərpası və turizmin inkişafı istiqamətində də mühüm addımlar atılıb, bölgənin iqtisadi həyatı canlandırılıb.
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib. Bu plan şəhərin ətraf kəndlər ilə birlikdə sistemli şəkildə inkişaf etdirilməsini, yaşayış zonalarının və ictimai məkanların planlı qurulmasını nəzərdə tutur. Kəlbəcərin bərpası təkcə infrastrukturun yaradılmasını deyil, həm də sosial həyatın canlanmasını nəzərdə tutur. Hazırda rayon ərazisində DOST məntəqəsi, poçt filialları və digər dövlət xidmət obyektləri fəaliyyət göstərir. Məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı da sürətlə həyata keçirilir və bir çox ailələr artıq Kəlbəcərə qayıdaraq həyatlarını yenidən qurmağa başlayıblar. Bundan başqa, işğal dövründə zərər görmüş məbədlər, qalalar, körpülər və digər tarixi abidələr sistemli şəkildə yenidən qurulur. Mədəni irsin qorunması və bərpası layihələri həm regionun keçmişini yaşatmaq, həm də gələcək nəsillərə ötürmək məqsədi daşıyır. Həmçinin bölgədə turizm potensialı da yenidən canlanır. "İstisu" əvvəlki şöhrətini bərpa edir, təbii gözəllikləri və mineral suları ilə Kəlbəcər həm yerli sakinlər, həm də turistlər üçün cəlbedici məkana çevrilir. Müasir infrastruktur və xidmətlər yaradılması bölgənin iqtisadi inkişafını və turizmin canlanmasını təmin edir.

Kəlbəcər: faciədən bərpaya, unudulmaz tarixin izləri

Üzərindən yüz illər keçsə də, Kəlbəcərdə baş vermiş “Tunel” faciəsi və rayonun, ümumilikdə, işğalı heç zaman unudulmayacaq, daim Azərbaycanın milli yaddaşının bir hissəsini təşkil edəcək. Bu hadisələr həm də xalqın gücünü, sarsılmaz iradəsini, torpaq uğrunda mübarizəsini və bərpa imkanlarını göstərən nümunələrdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi və göstərişi ilə keçmişin dərsləri gələcək nəsillərə uğurla çatdırılır, azad edilmiş torpaqlarda yeni həyat formalaşdırılır. Rayonun bərpası prosesi insanlarla paralel tarixin, mədəniyyətin, milli irsin, dəyərlərin doğma torpaqlara qayıdışını təmin edir. 
Bu gün “Tunel” faciəsi kimi kədər dolu hadisələr, acı xatirələr unudulmadan, Kəlbəcər gələcəyə doğru əmin addımlarla irəliləyir. Bərpa və quruculuq işləri həm keçmişin dərslərini xatırladır, həm də gələcək nəsillər üçün möhkəm təməl yaradır. Rayonun yenidən həyat dolu bir məkana çevrilməsi, infrastrukturun inkişafı və insanların qayıdışı göstərir ki, Kəlbəcər təkcə tarixdə deyil, bu gün və gələcəkdə də əhəmiyyətli bir bölgədir. Bu proses həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsinin, xalqın birlik və gücünün simvoluna çevrilib. Beləliklə, keçmişin faciələrindən dərs alaraq gələcəyə inamla addımlayan Kəlbəcər rayonunun bərpası milli irsimizin qorunması və gələcək üçün strateji əhəmiyyətin nümayişidir. Milli birlikdən, həmrəylikdən güc alan Azərbaycan gün ötdükcə daha da qüdrətlənərək həm öz torpaqlarına Böyük Qayıdışı uğurla həyata keçirir, həm də bölgədə sülhün, təhlükəsizliyin təminatçısına çevrilir. Prezident İlham Əliyevin dediyi kimi: "Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır dünyada. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir".

Nail ƏSGƏROV

Nəşr edilib : 31.03.2026 08:52