NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Ümummilli Lider Heydər Əliyevin liderliyi ilə başlanan əzəmətli tarix

...

Xalqın məhəbbətini qazanmaq hər kəsə nəsib olmur. Azərbaycanda hakimiyyətə çoxları gəlib-gedib. Onlardan heç birinə xalq tərəfindən Ulu Öndər Heydər Əliyev qədər sevilmək səadəti nəsib olmayıb. Bu ümumxalq məhəbbətinin arxasında böyük siyasət və böyük işlər dayanır. “Azərbaycanın bəxti onda gətirib ki, tarixinin ən mürəkkəb və həlledici məqamında ona Heydər Əliyev rəhbərlik edib” – dünyanın məşhur siyasətçilərindən birinin dediyi bu sözlərdə danılmaz həqiqət var. Dahi şəxsiyyət Heydər Əliyev, sözün əsl mənasında, xalqımızın bəxtinə düşən Tanrı payı idi. Həyatının son dəqiqəsinədək xalqının gələcək taleyi haqqında düşünən Ümummilli Liderimiz bizə müstəqil, dünyada öz sözü və yeri olan Azərbaycan qoyub getdi. 
“Heydər xalq, xalq-Heydər birliyi əbədidir” deyimi xalqımızın, Vətənimizin və onun əvəzedilməz liderinin birliyinin, ayrılmazlığının ifadəsidir. Bütün həyatını canından çox istədiyi xalqının yolunda şam kimi əridən Ulu Öndər, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”, – deyən, xalqımızın mənəvi-əxlaqi keyfiyyətlərini özündə birləşdirən dahi siyasətçi xalqımızı firavan günlərə çıxartdı. Dünyada elə bir dövlət xadimi, tanınmış siyasətçi yoxdur ki, onun siyasi nəhəngliyini, liderlik qüdrətini etiraf etməsin. Dünyanın böyük siyasi liderləri Heydər Əliyevi əsrin lideri sayırdılar. Eduard Şevardnadze deyirdi: “XX əsr liderlər əsridir. Əsrin lideri Heydər Əliyevdir”. Keçmiş ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Zbiqnev Bzejinski isə fikrini belə ifadə edib: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir”. Bu fikirlərin sayını istənilən qədər artırmaq olar. Çünki dünyada tanınan elə bir siyasi xadim yoxdur ki, Ümummilli Liderimiz haqqında belə heyrətamiz fikirlər söyləməsin. Nikolay Baybakov yazırdı ki, “Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram!”
Bu Onun ictimai-siyasi fəaliyyətinə verilən qiymətdir. Amma “Heydər Əliyev sadəliyi”, “Heydər Əliyev səmimiyyəti” deyilən məqamlar da var ki, bunlarsız böyük liderin tam portretini tamamlamaq qeyri-mümkündür. Dahi şəxsiyyət Heydər Əliyev dünənin və bu günün adamı deyil. O daha çox gələcəyin adamıdır. Çünki  gördüyü işlər firavan gələcək üçün hesablanmış binanın təməlidir. Bu səbəbdən “Heydər Əliyev Azərbaycan dövlətinin memarıdır” ifadəsi çox dəqiqdir. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev qayğısını, Heydər Əliyev nəfəsini hiss etməyəsən. 
Ölkənin bütün bölgələrini inkişaf etdirən, binalar tikdirən, körpülər saldıran, heykəllər ucaltdıran Heydər Əliyev sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə azərbaycanlıların qəlbində silinməz izlər buraxan xidmətlər göstərmişdir. Bu da bəllidir ki, Heydər Əliyevədək Azərbaycan durğunluq içərisində yaşayırdı. Unudulmaz rəhbər bütün imkanlarını səfərbər edərək Azərbaycanın müstəqil yaşaya bilməsi üçün lazım olan işləri imperiyanın vəsaiti hesabına gördü. Müstəqil energetika sisteminin yaradılması, neft sektorunun inkişafı, neftçıxarma və emal müəssisələrinin tikintisi, sənaye komplekslərinin yaradılması, ittifaq əhəmiyyətli sənaye müəssisələrinin Azərbaycanda salınması, paytaxtda bir-birindən gözəl binaların tikintisi, mədəniyyətimizin dünyada tanınması, səhiyyənin inkişafı, yeni mikrorayonların, qəsəbələrin salınması... Bütün bunları saymaqla qurtaran deyil. 1969-1982-ci illərdə Heydər Əliyev fəaliyyətinin ideyası Azərbaycanın müstəqilliyi üçün möhkəm bünövrə yaratmaq idi.
1993-cü ildə Ulu Öndər Heydər Əliyev Azərbaycanı xaos içərisində qəbul etdi. Xalqına arxalanan, onun səsinə səs verən dahi şəxsiyyət özünəməxsus müdrikliklə parçalanmaq təhlükəsi ilə üzləşmiş bir ölkədə xaosa və anarxiyaya son qoydu,  müasir müstəqil  Azərbaycan dövlətini yaratdı. Ümummilli Liderimizin çox qısa müddətdə uzaqgörənliklə yaratdığı mükəmməl idarəetmə sistemi Azərbaycanın bir dövlət olaraq iqtisadi, siyasi anlamda möhkəmlənməsinə, dünyanın ən qüdrətli dövlətlərinin strateji tərəfdaşına çevrilməsinə rəvac verdi. Ulu Öndərin hakimiyyətdə olduğu hər bir il Azərbaycanı uğurdan-uğura apardı. Çıxışlarının birində Ulu Öndər deyirdi: “Xalqım üçün firavanlıq və əmin-amanlıqdan başqa ayrı bir arzum yoxdur. Bütün varlığımı, bütün qüvvə və bacarığımı mən bu amala həsr etmişəm”. Öz amalını Ümummilli Lider böyük inamla reallaşdırdı, həqiqi demokratiyanın memarı kimi yaddaşlarda qaldı.
Ulu Öndər Heydər Əliyev bütün ömrünü mənsub olduğu xalqa təmənnasız xidmətdə keçirdi. Hələ gənclik illərindən ideallarında yaşatdığı müstəqil Azərbaycan dövlətçiliyinin dönməzliyini və əbədiliyini təmin etdi. Dahi şəxsiyyət qurub-yaratdığı  şah əsəri olan müstəqil Azərbaycanın taleyini  Prezident  İlham Əliyevə əmanət etdi. Xalqımız Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına, Azərbaycanın daha güclü və qüdrətli dövlətə çevriləcəyinə ürəkdən inanır. Dövlət başçısının dediyi kimi: “Nə qədər Azərbaycan var, Heydər Əliyev olacaqdır. Biz – Ulu Öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq”. 
Bu gün Azərbaycan xalqı öz tarixini Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Müzəffər Ali Baş Komandan, Prezident İlham  Əliyevin qətiyyəti, dönməz iradəsi, liderliyi və sərkərdəliyi sayəsində bərqərar edib. Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” kəlamı və “dəmir yumruq” hesabına Azərbaycan Ordusu bütün dünyaya nümayiş etdirdiyi Qarabağ Zəfəri ilə yeni hərb tarixini  yazdı. Cəmi 44 gün ərzində qazanılan qalibiyyət xalq-dövlət-Ali Baş Komandan gerçəkliyinin məntiqi nəticəsi idi. Bu vəhdət, bu birlik dünyanın bütün ölkələrindən heyrətlə izlənildi. 
Vətən müharibəsi dövründə dünya birliyi Azərbaycanın öz suverenliyini qorumağa qadir qüdrətli dövlət olduğunu bir daha gördü. Hamıya aydın oldu ki, Vətən müharibəsindəki şanlı qələbə Prezident İlham Əliyevin milli maraqlara söykənən uzaqgörən siyasətinin, güclü lider kimi beynəlxalq aləmdə yüksək nüfuzunun və xalq-dövlət-ordu birliyinin parlaq nəticəsidir. Azərbaycan xalqı Vətən müharibəsində öz Prezidentinin ətrafında sıx səfərbər oldu. Bu baxımdan, 44 günlük savaş həm də xalqımızın milli və siyasi həmrəyliyinin təcəssümünə çevrildi. Hər kəs öz sahəsində bu milli mücadiləyə özünün layiqli töhfəsini verdi. Təbii ki, qələbənin əldə edilməsində müasir ordumuzla yanaşı, güclü iqtisadiyyatımız, milli həmrəylik, iqtidar-xalq birliyi mühüm rol oynadı. Azərbaycan xalqı bir millət olaraq öz varlığını müdafiə etdi. Prezident İlham Əliyev qələbənin əldə edilməsində bu birliyin əhəmiyyətini xüsusi vurğulayaraq deyib: “Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”.
Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi  müstəqillik tariximizin ən əlamətdar hadisəsi oldu. Ali Baş Komandan İlham Əliyevin müəllifliyi, ordumuzun rəşadəti, hərbçilərimizin qəhrəmanlığı hesabına qazanılan bu zəfər müstəqillik tariximizi daha da şərəfləndirdi, xalqımıza fəxarət  bəxş etdi. Bu qələbə bir daha təsdiqlədi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyevin dediyi kimi: “Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”.
Ulu Öndər Heydər Əliyev xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətini miras qoydu. İnsanların ürəyində çoxdan heykəlləşən Ümummilli Liderimizin xatirəsi Azərbaycan durduqca yaşayacaqdır. Böyük yaradıcı gücə malik olan Heydər Əliyev siyasəti bu gün olduğu kimi, gələcəkdə də Azərbaycanı rifaha və tərəqqiyə qovuşduracaqdır. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin dediyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri vardır. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.

Məhəbbət MİRZƏYEVA
 

Nəşr edilib : 20.04.2026 09:45