Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Türk Dövlətləri Təşkilatının (TDT) formalaşması və inkişafı prosesində Naxçıvanın rolu zamanın siyasi reallıqları ilə üst-üstə düşən, regionda yeni əməkdaşlıq modelinin əsasını qoyan mühüm tarixi faktor kimi qiymətləndirilir. 2009-cu il oktyabrın 3-də Naxçıvanda qəbul edilmiş Naxçıvan Bəyannaməsi təkcə türkdilli dövlətlərin siyasi həmrəyliyinin sənədləşmiş ifadəsi deyil, eyni zamanda müasir türk inteqrasiya sisteminin hüquqi-siyasi təməlini təşkil edən strateji konsepsiyadır. Aradan keçən 16 il ərzində bu sənədin əhəmiyyəti daha da artıb, TDT-nin regional və qlobal münasibətlər sistemində nüfuzunun yüksəlməsi üçün institusional baza rolunu oynayıb.
Təşkilat bu gün qlobal siyasi dinamikanın tələblərinə uyğun olaraq fəaliyyət dairəsini genişləndirib, yalnız mədəni-humanitar platforma olmaqdan çıxaraq təhlükəsizlik, enerji, nəqliyyat-logistika, texnologiya, qida təhlükəsizliyi, kosmik tədqiqatlar və strateji ticarət xətləri kimi sahələrdə də vahid koordinasiya mərkəzinə çevrilib. Prezident İlham Əliyevin TDT-ni “bizim ailəmiz” kimi səciyyələndirməsi bu quruma verilən strateji-siyasi dəyərin mahiyyətini ifadə edir və Azərbaycanın təşkilatın möhkəmlənməsi istiqamətində liderlik xəttini təsdiqləyir.
Məhz bu ideoloji və siyasi xəttin davamı olaraq Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik platformasının ilk dəfə Naxçıvanda təsis edilməsi, institusional dərinləşmənin, ictimai diplomatiyanın və yumşaq güc mexanizmlərinin yeni mərhələyə keçdiyini göstərir. Bakı proqramından sonra muxtar respublikada geniş tərkibdə keçirilən forum yalnız vətəndaş cəmiyyəti institutlarının koordinasiyası deyil, TDT məkanında təhlükəsiz sosial-siyasi mühitin formalaşmasına yönəlmiş ümumi strateji hədəflərin reallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Forumda çıxışı zamanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov 2009-cu ildə “Naxçıvan Sazişi”nin imzalandığı şəhərdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunun keçirilməsinin rəmzi məna daşıdığını vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvana göstərdiyi ardıcıl diqqət və qayğının bu qədim diyarın inkişafını sürətləndirən başlıca amil olduğunu diqqətə çatdıran səlahiyyətli nümayəndə bildirib ki, məhz bu diqqətin nəticəsi olaraq Naxçıvan bu gün təkcə region səviyyəsində deyil, bütövlükdə Türk coğrafiyasında yeni inkişaf modelinin nümunəsinə çevrilir.
Hazırda türk dövlətləri arasında əməkdaşlıq artan qlobal rəqabət fonunda yeni geostrateji xəttin konturlarını müəyyənləşdirir. Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfərlə regionda yaranan yeni reallıqlar fonunda Türk Dövlətləri Təşkilatının fəaliyyətində də yeni mərhələnin əsası qoyulub, təşkilata üzv ölkələr arasında əməkdaşlığın mühüm perspektivləri formalaşıb. Bu baxımdan ötən il iyulun 6-da Şuşada imzalanan “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi” təşkilatın yeni çağırışlara uyğun çıxış etməsi, beynəlxalq nüfuza malik olması üçün özündə yeni məzmun daşıyan mühüm yol xəritəsi rolunu oynayır. 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni siyasi nizam və bunun fonunda güclənən türk inteqrasiya modeli Naxçıvanın rolunu daha da aktuallaşdırır. Zəngəzur dəhlizinin açılması perspektivi Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirəcək, türk dövlətləri arasında iqtisadi, nəqliyyat və enerji əlaqələrinin vahid struktur altında koordinasiyasını təmin edəcək. Bu kontekstdə TDT QHT-lərinin Naxçıvanda bir araya gəlməsi yalnız simvolik akt deyil, gələcək beynəlxalq təşkilati mexanizmlərin formalaşmasına yönəlmiş praqmatik addımdır. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciətində də TDT-nin nüfuzunun gücləndirilməsi istiqamətində qarşıya qoyulan hədəflərə toxundu, Zəngəzur dəhlizinin türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacağına əminliyini ifadə etdi: "Bu gün Türk dünyası özünün yüksəliş dövrünü yaşayır. Beş il əvvəl qazandığımız Qarabağ Zəfəri türk xalqlarının ümumi sevinci və qürur mənbəyidir. İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır".
Forumda səsləndirilən ideyalar, TDT-yə üzv və müşahidəçi ölkələrin nümayəndələrinin təqdim etdiyi əməkdaşlıq xəritəsi və yeni institusional təşəbbüslər təşkilatın regional güc mərkəzinə transformasiyasının siyasi təzahürü kimi çıxış edir. Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətində diqqətə çatdırdığı kimi, türk dövlətlərinin artan potensialı qarşıya daha iddialı məqsədlər qoyur və effektiv mexanizmlərin yaradılmasını tələb edir. TDT QHT-lərinin platforması məhz bu tələbə cavab olaraq qərarlaşan ilk institusional modeldir və təşkilatın gələcək çoxşaxəli əməkdaşlıq strukturunda əsas istiqamətlərdən birini formalaşdıracaq.
Qəbələdə keçirilən TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə irəli sürülən strateji yanaşmalar da bu prosesin məntiqi davamı kimi çıxış edir. TDT-nin hərbi-siyasi, iqtisadi və texnoloji koordinasiya mərkəzinə çevrilməsi prosesi sürətlənir, türk dövlətlərinin vahid geosiyasi mövqeyi daha aydın şəkildə konturlanır. Bu çərçivədə Naxçıvanda keçirilən QHT forumu yalnız ictimai diplomatiya tədbiri deyil, vahid türk gələcəyinin konseptual arxitekturasının formalaşmasında mühüm mərhələ kimi dəyərləndirilir.
Beləliklə, 2009-cu ildə qəbul olunan Naxçıvan Bəyannaməsi ilə əsası qoyulan ideoloji təməlin 16 il sonra yenidən elə həmin məkanda institusional aspektdə möhkəmləndirilməsi türk inteqrasiyasının davamlı xarakterini sübut edir. Göründüyü kimi, Naxçıvan keçmişdə olduğu kimi, bu gün də türk siyasi sistemində strateji əlaqələndirmə mərkəzi funksiyasını qoruyub saxlayır və gələcək regional əməkdaşlıq modelinin formalaşdırılmasında aparıcı rol oynayır.
Sara Əzimova
"Şərq qapısı" qəzetinin baş redaktoru
Digər xəbərlər