NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Torpaq oyanırsa, deməli, həyat yenidən başlayır

...

Novruzun müjdəçiləri olan dörd çərşənbənin sonuncusu Torpaq çərşənbəsi gəlib çatdı. Qışın soyuq səssizliyi yerini baharın ilıq nəfəsinə verdiyi bu zamanda kainatın ən gözəl oyanışı baş verir. Su gəldi, Od yandı, Yel əsdi və budur, indi növbə hər şeyin anası olan Torpağındır. Torpaq çərşənbəsi o yatmış hisslərin, donmuş ümidlərin və mürgüləyən təbiətin ayağa qalxışıdır. Bu gün ana torpaq qışın ağır yuxusundan ayılır, bağrına yığılan hərarətlə isinir və insanlığa dirilişin muştuluğunu verir. Əcdadlarımızın inancına görə, məhz bu gün torpaq nəfəs almağa başlayır, damarlarındakı su canlanır və o hər bir toxumu, hər bir kökü yuxudan oyadır.
Naxçıvanın qədim guşələrində, əsasən, bir sıra rayonlarında Novruzun ən çox sevilən ərəfəsi olan İlaxır çərşənbə “Yeddiləvin” adlanır. Yeddiləvin zamanı oğlan evi qız evinə şirni apararkən orada şirninin müxtəlif növlərindən olur. Buna görə də şirni növünün çoxluğunu göstərmək məqsədilə ona “yeddilövün”, “yeddiləvin” adı veriblər. “Yeddiləvin” günü süfrələrə cürbəcür nemətlər düzülür. Bu nemətlər, əsasən, 7 adda olmalıdır. Belə ki, bu adət Azərbaycanın başqa regionlarında da özünü göstərməkdədir. Bəzi yerlərdə “7” ləvinə “7” sin də deyirlər. Yeddiləvin axşamı tonqallar qalanır. Əhalinin bayram şənliyini və sevincini ifadə edən ən möhtəşəm tonqal dağların uca nöqtəsində yandırılır. Bu uca ocaqlar qaranlıq gecəni aydınladaraq baharın gəlişini bütün dünyaya bəyan edir.
Həyətlərdə qalanan tonqalların alovu göylərə yüksəldikcə qışın da qəmi-kədəri o alovda yanıb kül olur. İnsanlar ocağın üzərindən atılarkən həm də mənəvi bir təmizlənmədən keçirlər. Hər evdən yüksələn səməni qoxusu, süfrələri bəzəyən şəkərbura, paxlava, digər şirniyyatların ətri və qazanlarda dəm alan plovun buxarı bərəkətin rəmzinə çevrilir. Qapıpusmalar, fal baxmalar, bayramlaşmalar hamısı eyni bir arzunun təzahürüdür, sevgi və birliyin. Bu çərşənbə həm də barışıq günüdür, əslində. Torpaq bütün çirkinlikləri öz bağrına basıb onları rəngli çiçəklərə çevirdiyi kimi, biz də qəlbimizdəki incikliyi torpağa tapşırıb bahar təravəti ilə yenilənirik. Səməninin yaşıllığı torpağın sevincidir, açan ilk çiçək isə onun dünyaya təbəssümüdür. Bu gün yerlə göyün qovuşduğu, təbiətin insanla birgə nəfəs aldığı andır. Qoy bu oyanış hər birimizin ruhuna sığal çəksin, süfrələrimizdən ruzi, qəlbimizdən isə mərhəmət əskik olmasın. Torpaq oyanırsa, deməli, həyat yenidən başlayır.

 Elnurə CƏFƏROVA
 

Nəşr edilib : 17.03.2026 00:05