NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Tbilisi səfəri: Azərbaycan-Gürcüstan strateji və iqtisadi əməkdaşlığına yeni baxış

...

Cənubi Qafqazda dayanıqlı sülh və əməkdaşlığın əsas təminatçılarından hesab olunan Azərbaycan ilə Gürcüstan arasında əlaqələr son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İkitərəfli münasibətlər yalnız siyasi dialoq və iqtisadi-ticari əməkdaşlıqla deyil, həm də genişmiqyaslı infrastruktur layihələri ilə özünü aydın şəkildə göstərir. Bu kontekstdə aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana səfəri və səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında əməkdaşlığın daha da dərinləşməsi üçün mühüm bir mərhələ kimi qiymətləndirilə bilər.

Səfər zamanı həm Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, həm də Baş nazir İrakli Kobaxidze ilə keçirilən görüşlərdə siyasi münasibətlərin yüksək səviyyədə olduğu bir daha vurğulanıb, qarşılıqlı etimad və dostluq prinsiplərinə əsaslanan tərəfdaşlığın gələcək inkişaf perspektivləri geniş şəkildə nəzərdən keçirilib. Əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, “yaşıl enerji”, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərimizin genişlənməsindəki roluna toxunulub. Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin önəmi vurğulanıb, onların strateji və iqtisadi əhəmiyyəti qeyd edilib, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu vurğulanıb.

Regional inkişafa töhfə: enerji və nəqliyyat sinerjisi

Xalqlar, ölkələr arası sülh, mehribanlıq, qardaşlıq prinsipləri üzərində inşa edilən Azərbaycan-Gürcüstan münasibətləri həm regional, həm də beynəlxalq miqyasda strateji əhəmiyyəti ilə seçilir. Bu əhəmiyyəti həm nəqliyyat, həm də enerji strategiyasının reallaşdırılması baxımından dəyərləndirmək olar. Azərbaycan-Gürcüstan enerji tərəfdaşlığı dedikdə, təbii ki, ilk olaraq yaddaşlarda canlanan Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, xüsusən də nəhəng layihə Cənub Qaz Dəhlizi olur. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri vasitəsilə Azərbaycan nefti Gürcüstan ərazisindən keçərək Türkiyənin Ceyhan limanına çatdırılır və oradan dünya bazarlarına ixrac olunur, bu da enerji tranzitinin şaxələndirilməsinə xidmət edir. Eyni zamanda Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) qlobal enerji və nəqliyyat şəbəkəsinin əsas hissələridir ki, bu da regionu Avropa və Asiya arasında birbaşa əlaqələndirir. BTQ-nin illik yükötürmə gücü son modernləşdirmədən sonra, təxminən, 5 milyon tona çatdırılıb ki, bu da tranzit daşımaların həcmini ciddi şəkildə artırır.  Nəqliyyat sahəsində yeni addımlardan biri də Azərbaycan və Gürcüstan arasında əməkdaşlıqla yaradılan “BTKI Railways” MMC adlı birgə müəssisədir. Bu müəssisə BTQ xəttinin müəyyən hissələrində infrastrukturu idarə etməklə yük daşımalarının səmərəliliyini və həcmini daha da artırmağı hədəfləyir.  Bu layihələr Orta Dəhliz adlanan Avropa ilə Asiyanı birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas seqmentlərini təşkil edir və iki ölkənin iqtisadi əlaqələrini dərinləşdirir.

Aprelin 6-da Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında da ikitərəfli münasibətlərin dərinləşməsinə, əməkdaşlığın genişlənməsinə töhfə verən bütün bu nailiyyətləri diqqətə çatdırdı, Orta Dəhlizin əsas nəqliyyat damarı olduğunu vurğulayaraq bu damarın genişləndirilməsi naminə səylər göstəriləcəyini bildirdi. Sitat: “Bütün bu infrastruktur göz önündədir və artıq 20 ildir ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri uğurla fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi də ondan sonra icra edilmişdir və bu gün bu infrastruktur, əslində, böyük coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Biz sonra bu dəhlizlər üzərindən nəqliyyat dəhlizlərini də inşa etdik və bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Orta Dəhliz Azərbaycan və Gürcüstan üzərindən keçir. Bu bizim üçün əsas nəqliyyat damarıdır və bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcəkdir”.

Strateji tərəfdaşlığın devizi: artan ticarət, genişlənən əməkdaşlıq

Ticarət sahəsində də əlaqələr davamlı olaraq genişlənir. Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Gürcüstan arasında ticarət əməliyyatlarının həcmi 176,6 milyon ABŞ dolları təşkil edib ki, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 28 milyon ABŞ dolları və ya 18,9 faiz çoxdur. Gürcüstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,82 faizi həcmində olub. Bununla da Gürcüstan hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 5-ci pillədə qərarlaşıb. Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 158,3 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,1 milyon ABŞ dolları və ya təqribən, 21,6 faiz çoxdur. Bununla da hesabat dövründə Gürcüstan Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr sırasında 3-cü pillədə qərarlaşıb. Bu göstəricilər iki ölkə arasındakı iqtisadi münasibətlərin yalnız rəsmi anlaşma səviyyəsində qalmadığını, real ticarət və qarşılıqlı investisiyalarla da dəstəkləndiyini göstərir. Hər iki tərəf strategiya və logistika layihələri daha da genişləndirmək, ticarət dövriyyəsini artırmaq və regionun qarşılıqlı əməkdaşlıq potensialını maksimum dərəcədə reallaşdırmaq məqsədi daşıyır. Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında da iki ölkə arasında ticarət dövriyyəsinin artımından məmnunluq ifadə etdi, göstəricilərin il sonunadək daha da yüksələcəyini vurğuladı: “Biz iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Mən səfərdən öncə arayışlara baxdıqda gördüm ki, keçən il bizim ticarət dövriyyəmiz 800 milyon dollardan çox olmuşdur və bu ilin ilk rübündə yenə də artım kifayət qədər yüksəkdir. Belə gedərsə, biz, bəlkə də, ilin sonuna qədər bir milyard rəqəminə də çatacağıq”.

Azərbaycan-Gürcüstan münasibətləri təkcə ikitərəfli iqtisadi əməkdaşlıqla məhdudlaşmır, həm də beynəlxalq təşkilatlar vasitəsilə də uğurla inkişaf etdirilir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda ölkələrimiz bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək göstərirlər. Bu xüsusda onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanın haqq savaşına çıxdığı 44 günlük Vətən müharibəsində Gürcüstan ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmini üçün əlindən gələni əsirgəmədi. Hazırkı Azərbaycan-Ermənistan normallaşma prosesində və bölgədə dayanıqlı sülhün, əməkdaşlığın formalaşdırılmasında Gürcüstanın rolu mühümdür.

Prezident İlham Əliyevin Tbilisiyə səfəri bir daha göstərir ki, Azərbaycan-Gürcüstan əlaqələri, sadəcə, diplomatik çərçivə ilə məhdudlaşmır, çoxşaxəli və strateji məzmun daşıyan əməkdaşlıq modelinə çevrilib. Bu münasibətlər qarşılıqlı siyasi etimada əsaslanmaqla yanaşı, konkret iqtisadi maraqlar, geniş tranzit imkanları və qlobal əhəmiyyətli enerji layihələri üzərində qurulub. Müzakirə predmetinə çevrilən məsələlər deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan əməkdaşlığı təkcə ikitərəfli münasibətlər kontekstində deyil, bütövlükdə, Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi və inteqrasiyası baxımından mühüm platformadır. Mövcud dinamika və qarşılıqlı maraqlar fonunda bu tərəfdaşlığın gələcəkdə daha da dərinləşəcəyi və yeni layihələrlə zənginləşəcəyi gözlənilir. Prezident İlham Əliyevin dediyi kimi: “Bir sözlə, bizim ikitərəfli gündəliyimiz çox genişdir və bu gündəlik getdikcə genişlənir. Yeni layihələr, yeni fikirlər ortaya atılır və birgə səylərlə biz bunları həll edirik. Bunun əsas şərti və amili, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdir. Bizim münasibətlər deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur. Əminəm ki, biz bundan sonra da bu yolla uğurla gedəcəyik”.

Nail ƏSGƏROV

Nəşr edilib : 07.04.2026 10:06