NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Sükan arxasında “xanlıq” edənlər

...

Şəhərin axarında o dar asfalt yollarda hər gün minlərlə insan bir nöqtədən digərinə daşınır. Bu hərəkət məkandan-məkana keçməklə minlərlə fərqli taleyin, fərqli tərbiyənin və daxili dünyanın bir neçə kvadratmetrlik metal qutuların içində kəsişməsidir. Amma, təəssüf ki, çox vaxt bu kəsişmə nöqtəsi sərnişinlər üçün mənəvi işgəncəyə çevrilir. Səbəb isə sadə, lakin dəhşətlidir. Səbəb sürücünün ağzından çıxan və ətrafa zəhərli duman kimi yayılan vulqar ifadələrdir.

Təsəvvür edin ki, yorğun bir iş günündən çıxmısınız və ya səhər tezdən ümidlərlə yola düzəlmisiniz. Yanınızda ağsaçlı bir ana, qarşı tərəfdə kitabına sarılmış bir tələbə, küncdə isə dünyanı hələ yeni-yeni dərk edən bir uşaq var. Birdən qarşıdakı avtomobil gözlənilmədən dayanır və ya işıqforun qırmızı işığı sürücünün “planlarını” pozur. O an sükut elə bil nifrətlə parçalanır.

Sürücü söyür... Heç kimi saymadan, heç kimdən utanmadan, sanki salonda ondan başqa heç bir canlı yoxmuş kimi. O söyüşlər həm qarşıdakı “rəqibə”, həm də o dar məkanda əyləşən hər bir insanın ləyaqətinə atılan palçıqdır. O an salonda yaranan o ağır sükut, əslində, sərnişinlərin sürücüyə verdiyi ən böyük “məhkumiyyət” səsidir. İnsanlar bir-birinin üzünə baxa bilmir, çünki yad bir adamın tərbiyəsizliyi onları utandırır.

Bəzi sürücülər elə zənn edirlər ki, o sükanın arxasına keçdikləri andan etibarən həmin maşın onların şəxsi feodal mülkünə, “özəl krallığına” çevrilir. Onlar unudurlar ki, sərnişin mənzilbaşına çatdırılmalı olan bir “yük” deyil. Sərnişin hüququ olan, hörmət gözləyən və ən əsası, sürücünün daxili dünyasının çirkinliyini dinləməyə məcbur olmayan bir fərddir.

Vulqarizm, əslində, acizliyin ən ali ifadəsidir. Öz hisslərinə, hirsinə və idarəetmə qabiliyyətinə hakim ola bilməyən insan söyüşə sığınır. Amma sükan arxasındakı adam anlamalıdır ki, o söyüşləri sovurarkən o, sadəcə, “əsəbi sürücü” olmur, cəmiyyətin etik sütunlarını baltalayan, ictimai məkanda mənəviyyat qatilinə çevrilən bir fərd olur. Sizin “əsəbimə hakim ola bilmədim” bəhanəniz, kiminsə ruhunda açdığınız o yaradan daha yüngüldür.

Bizim cəmiyyətdə tez-tez bir bəhanə eşidirik: “Yoldur da, əsəbidir, fikir verməyin”.  Xeyr, fikir verməliyik! Çünki biz fikir vermədikcə, o söyüşlər daha da ucadan səslənir. Sükut da bu çirkinliyin ən böyük qidasıdır. Yaşlı bir qadının yanında ən ağır küçə söyüşlərini işlətməyi özünə rəva bilən sürücü, əslində, bizim göstərdiyimiz dözümdən, o səssiz razılığımızdan güc alır.

Bu mədəniyyət məsələsi ilə yanaşı, həm də bir təhlükəsizlik məsələsidir. Öz dilinə hakim ola bilməyən birinin, tonlarla ağırlığı olan metal kütləsinə və içindəki onlarla cana tam hakim olduğuna necə inana bilərik? Ruhu qəzəblə dolu olanın əli də, ayağı da hər an xəta etməyə meyillidir. Vulqar sözlər, əslində, sükanın sarsılmasının səsidir.

Yol mədəniyyəti təkcə yol hərəkəti qaydalarına riayət etmək, cərimələrdən qaçmaq sayılmır. Əsl yol mədəniyyəti o sükanın arxasında bir insan olduğunu unutmamaqdır. Yanındakı sərnişinin bacın, qardaşın, atan və ya anan ola biləcəyini dərk etməkdir. Biz küçələrimizin təmiz olmasını, binalarımızın bəzəkli olmasını istəyirik, amma mənəvi havamızın, səs mühitimizin çirklənməsinə göz yumuruq.

Sürücülərin bu davranışı şəhərin estetikasına vurulan ən böyük zərbədir. Biz bu yollarda, sadəcə, mənzilbaşına getmirik, biz hər gün bir-birimizin həyatından keçirik. Yolları söyüşlərdən təmizləyək ki, mənzilbaşından çox insanlığa çataq.

                   Elnurə CƏFƏROVA

Nəşr edilib : 29.03.2026 11:00