Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycanın informasiya-kommunikasiya sahəsindəki beynəlxalq uğurları son illərdə əhəmiyyətli dərəcədə artıb və ölkənin həm diplomatik, həm də mədəni imicinin möhkəmlənməsində əsas rol oynamaqdadır. Xüsusilə Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra respublikamızın nəinki hərbi-siyasi, iqtisadi nüfuzu güclənib, media, informasiya və kommunikasiya siyasəti də dünya miqyasında güclü dəstək əldə edib. Bu da təsadüfi deyil. Çünki Azərbaycan Vətən müharibəsində yalnız hərbi-siyasi gücünü deyil, həm də informasiya-kommunikasiya sahəsində diplomatik bacarığını tam şəkildə nümayiş etdirib. Başqa sözlə, bu savaş, sadəcə, döyüş meydanında, siyasi masada deyil, həm də informasiya cəbhəsində ölkəmizin tam üstünlüyü ilə yekunlaşıb. Prezident İlham Əliyevin 44 gün ərzində 11 ölkənin 26 KİV-nə verdiyi müsahibələr beynəlxalq hüququn prinsiplərini, tarixi həqiqətləri və siyasi reallıqları əks etdirərək bunu qəti şəkildə göstərib. Müharibədən sonra zəfər rəmzi sayılan Şuşa şəhərində hər il keçirilən Qlobal Media forumları həm ölkə və iştirakçı sayı baxımından, həm də mövzuların aktuallığına görə Azərbaycanın beynəlxalq səviyyədə informasiya-kommunikasiya sahəsindəki diplomatiyasının nüfuzunu nümayiş etdirir. Prezident İlham Əliyev ölkəmizin bu istiqamətdəki uğurlarını yüksək dəyərləndirərək deyib: “Azərbaycan media sahəsində bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, bu istiqamətdə daim mühüm təşəbbüslərlə çıxış edir. Biz milli media strategiyamızı beynəlxalq təcrübə ilə uzlaşdıraraq jurnalistlərin peşəkarlığının artırılmasına, faktlara əsaslanan xəbərlərin yayılmasına və media savadlılığının inkişafına xüsusi diqqət yetiririk. Eyni zamanda biz regional əməkdaşlıq vasitəsilə ortaq informasiya platformalarının yaradılmasını dəstəkləyirik”.
İnformasiya-kommunikasiya sahəsində əldə edilən nailiyyətlərin nəticəsidir ki, ölkəmiz bu istiqamətdə təşkil olunan beynəlxalq sammitlərdə, forumlarda və strateji kommunikasiyaya dair tədbirlərdə fəal iştirak edir. Bir neçə gün öncə, daha dəqiq desək, martın 27-si və 28-də Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə İstanbul şəhərində təşkil olunan Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” da bu baxımdan, ölkəmizin növbəti diplomatik uğuru kimi dəyərləndirilə bilər.
Sammitin əhəmiyyəti barədə onu diqqətə çəkmək olar ki, bu mötəbər tədbir qlobal miqyasda baş verən geosiyasi və kommunikasiya transformasiyaları fonunda strateji kommunikasiya sahəsində aktual çağırışların müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Tədbirdə ənənəvi olaraq dövlət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər, strateji kommunikasiya sahəsi üzrə məsul şəxslər, qabaqcıl mütəxəssislər və akademik dairələrin təmsilçiləri iştirak edirlər. Bu dəfəki sammit çərçivəsində keçirilən panel müzakirələrdə müasir kommunikasiya mühitində narrativlərin rolu, qlobal informasiya axınının dinamikası, rəqəmsal texnologiyaların təsiri və böhran dövrlərində informasiya idarəçiliyinin əhəmiyyəti kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. “Rəqəmsal kommunikasiya ekosistemində qlobal ictimai rəyin transformasiyası” mövzusunda panel sessiyada çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, rəqəmsal kommunikasiya mühitində ictimai rəy qlobal və dinamik xarakter alaraq həm yeni imkanlar, həm də dezinformasiya və etimad böhranı kimi neqativ nəticələr yaratmışdır. Bu proseslərin effektiv idarə olunması üçün media savadlılığının artırılması, yerli kontentin təşviqi, texnoloji həllərin tətbiqi və institusional əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayan Əhməd İsmayılov bildirib ki, strateji kommunikasiyanın proaktiv əsasda qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dayanıqlı və etibarlı informasiya mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
“Stratcom Summit 26” çərçivəsində Azərbaycanın Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran arasında ikitərəfli görüş də keçirilib. Dialoq zamanı Azərbaycan ilə Türkiyə arasında media sahəsində mövcud strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi, xüsusilə dezinformasiya ilə mübarizə istiqamətində birgə fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub. Görüşün sonunda “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti arasında Azərbaycan – Türkiyə Birgə Media Platformasının Birgə İşçi Komissiyasının və Komitələrinin yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənəd tərəflər arasında institusional əməkdaşlığın daha da dərinləşdirilməsini, birgə fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsini və koordinasiyanın gücləndirilməsini nəzərdə tutur. Əminliklə demək olar ki, memorandum regionda informasiya diplomatiyasının daha da güclənməsinə və hər iki ölkənin beynəlxalq media sahəsində nüfuzunun artırılmasına xidmət edəcək.
Ümumilikdə, onu vurğulamaq olar ki, “Stratcom Summit 26”da təmsilçilik Azərbaycanın qazandığı təcrübə və strategiyaları beynəlxalq ictimaiyyətə təqdim etməsi üçün əlverişli imkanlar yaradıb, peşəkar kommunikasiya sahəsində etibarlı tərəfdaş kimi tanınmasını təmin etməklə ölkəmizin beynəlxalq aləmdə strateji kommunikasiya sahəsində aktiv rolunu göstərib. Həmçinin dünya üzrə tanınmış kommunikasiya mütəxəssislərini bir araya gətirən bu mötəbər platforma Azərbaycan nümayəndələrinin ən son trendlər, innovativ yanaşmalar və uğurlu kommunikasiya strategiyaları barədə zəngin biliklər əldə etməsinə geniş imkanlar açıb. Bu biliklər isə təbii olaraq ölkədə informasiya siyasətinin və PR (ictimaiyyətlə əlaqələr) texnologiyalarının inkişafına böyük töhfə verəcək. Bundan əlavə, sammit iştirakçıları arasında dövlət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər, strateji kommunikasiya sahəsi üzrə məsul şəxslər, qabaqcıl mütəxəssislər və akademik dairələrin yer aldığını nəzərə alsaq, bu sayədə əlverişli əməkdaşlıq imkanlarının yaranacağını deyə bilərik. Bu da gələcəkdə birgə layihələrin icrasına və Azərbaycanın kommunikasiya sahəsində lider mövqeyinin möhkəmlənməsinə xidmət edəcək. Tədbir, həmçinin Azərbaycanın strateji məqsədlərini, regional və qlobal məsələlərdə mövqeyini beynəlxalq ictimaiyyətə effektiv şəkildə çatdırmağa imkan verən güclü tribuna rolunu da oynayıb. Bütün bu amilləri əldə rəhbər tutaraq deyə bilərik ki, “Stratcom Summit 26” Azərbaycan üçün həm informasiya-kommunikasiya sahəsindəki nailiyyətlərini göstərən diplomatik platforma kimi həm də, ölkənin beynəlxalq nüfuzunun, peşəkarlığının və strateji baxışının, gələcək perspektivlərinin nümayiş olunduğu mühüm tədbir olaraq tarixə düşdü.
Nail ƏSGƏROV
Digər xəbərlər