NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Qəlbi sənətlə döyünən hər kəs üçün heç bir zirvə əlçatmaz deyil

...

Dünya çoxları üçün rənglərin, formaların və sonsuz vizual mənzərələrin vəhdəti olsa belə,  elə insanlar var ki, onlar dünyanı gözləri ilə yox, qəlbləri ilə rəngləyirlər. Rəsmiyyə Xəlilova və Küşvər Əliyeva məhz belə insanlardandır. Onların həyat hekayəsi qaranlığın içində itmək yerinə, o qaranlıqdan öz səsləri ilə işıq tapmaq hekayəsidir. Bəzən taleyin insanlara yazdığı sətirlər ağır olur. Amma elə insanlar da var ki, həmin sətirləri pozub yenidən yazmağı bacarırlar. Rəsmiyyə və Küşvər də həyat kitablarının səhifələrini musiqinin dili ilə yenidən yazan insanlardandır.

Onların pəncərəsindən boylanan günəş, əslində, qəlblərini isidən o həlim mehribanlıqdır. Həyatı görmədən sevmək, bəlkə də, çoxlarına çətin görünə bilər. Amma bu iki xanım sübut edir ki, insanın dünyanı hiss etməsi üçün gözlərindən daha güclü bir duyğu var – qəlbin səsi.

Həm Rəsmiyyənin, həm də Küşvərin musiqiyə olan sevgisi uşaqlıq illərindən qəlblərində kök salıb. Elə həyatın ilk çağlarından etibarən onların dünyasında səslər xüsusi bir yer tutub. Bu yol isə həm onların iradəsi ilə, həm də ətraflarında olan insanların sevgisi və dəstəyi ilə işıqlanıb. Valideynlərinin qayğısı, müəllimlərinin inamı onların addımlarını möhkəmləndirib, qəlblərindəki o incə musiqi sevgisinin sönməsinə imkan verməyib.

Onları birləşdirən, bir araya gətirən də məhz musiqi olub. Rəsmiyyə və Küşvər, eyni zamanda çox yaxın dostdurlar. Birinin səsindəki ümid digərinin qəlbinə güc verir, birinin addımındakı cəsarət o birinin yolunu işıqlandırır. Onların dostluğu  həyatın bütün anlarında bir-birinə dayaq olmaq deməkdir.

2023-cü ildən etibarən isə bu iki gənc xanımın səsi səhnələrdə səslənməyə başlayıb. Səhnəyə çıxmaq onlar üçün uzun illər ürəklərində böyütdükləri arzunun gerçəkləşməsidir. Mikrofon qarşısına keçəndə artıq qəlblərindəki bütün hisslər səsə çevrilir. Tamaşaçıların alqışları isə onlar üçün ən böyük mükafatdır. Hər alqış onların qəlbində yeni bir ümid, yeni bir güc oyadır.

Əlbəttə, bu yolun əvvəlində tərəddüdlər də olub. Bəzən öz-özlərinə “Bacara bilərikmi?” sualını veriblər. Amma zaman keçdikcə anlayıblar ki, insanın qarşısında duran ən böyük maneə bəzən elə qorxuların özüdür. Onlar bu qorxunu geridə qoyaraq sübut ediblər ki, fiziki məhdudiyyət arzuların qarşısını ala bilməz.

Bu gün Rəsmiyyə və Küşvər səhnədə dayananda təkcə mahnı oxumurlar. Onlar eyni zamanda iradənin, dostluğun və inamın nə qədər güclü olduğunu nümayiş etdirirlər. Onların səsi bizə bir həqiqəti xatırladır. Hansı ki qəlbi sənətlə döyünən kəs üçün heç bir zirvə əlçatmaz deyil.

Rəsmiyyə və Küşvərin çıxışları, əslində, həyatın ən çətin anlarında belə, insanın ayaqda qala biləcəyinin canlı sübutudur. Onların səsi qaranlığın içində yanan bir çıraq kimidir. Həmin çıraq təkcə onların yolunu yox, onları dinləyən hər kəsin qəlbini də işıqlandırır.

 Bəlkə də, onların gözləri dünyanı görmür. Amma onların səsi bizə dünyanı daha fərqli görməyi öyrədir. Onlar bizə xatırladır ki, insanın gücü bədənində yox, ruhun sarsılmaz əzmindədir. Fiziki sərhədlər ruhun uçuşu qarşısında, sadəcə, bir kölgədir. Rəsmiyyə və Küşvər sübut edir ki, qaranlıq nə qədər dərin və keçilməz görünsə də, əgər ümidin bir səsi, bir nəğməsi varsa, o qaranlıq heç vaxt işığa qalib gələ bilməz.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 24.03.2026 09:37