Naxçıvan Muxtar Respublikasında Qurban bayramı mün...
09:30 06.06.2025
0
0
0
NAXÇIVAN :
06 Iyun 2025, Cümə
4 iyun tarixdə Naxçıvan Dövlət Universitetində iki gün davam edəcək “Orqanik və dayanıqlı kənd təsərrüfatı: ekoloji tarazlıq və dayanıqlı inkişaf” I respublika elmi konfransının açılış tədbiri olub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Konfrans Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, ARETN Botanika İnstitutu, ARKTN Bitki Mühafizəsi və Texniki Bitkilər
Elmi-Tədqiqat İnstitutu, ARETN Genetik Ehtiyatlar İnstitutu və Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan rektor Elbrus İsayev müasir dövrdə qlobal iqlim dəyişikliklərinin, xüsusilə kənd təsərrüfatında yeni yanaşmalara, tədqiqatlara ehtiyac yaratdığını bildirib. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda kənd təsərrüfatı istiqamətində yer alan orqanik məhsulların təbliğinin bu gün keçirilən konfransın da əsas müzakirə obyekti olduğunu qeyd edib. Rektor konfransın ənənəvi kənd təsərrüfatı sahələrini elmi baxımdan zənginləşdirmək mahiyyəti daşıdığını vurğulayıb. Eyni zamanda tədbirin tələbələrin, gənc tədqiqatçıların, mütəxəssislərin diqqətini ekoloji dayanıqlı istehsal üsullarına yönəldilməsində mühüm platforma rolunu oynadığını ifadə edib. Gələcəkdə konfransda orqanik məhsullardan ibarət sərgi nümayişinin nəzərdə tutulduğu əlavə edilib.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev konfransı aktual məsələlərdən biri olan qida təhlükəsizliyi və bunun orqanik məhsullar üzrə təmini məsələsinə həsr olunmasını yüksək dəyərləndirib. Qeyd edib ki, muxtar respublikanın münbit torpaqları, iqlim zənginliyi burada keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalına geniş imkanlar yaradır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda, 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm vəzifələr müəyyənləşdirilib. Nazir vurğulayıb ki, muxtar respublikada orqanik məhsulların istehsalının artırılması, əhali arasında təbliği, eyni zamanda “Orqanik Naxçıvan” publik hüquqi şəxsin bu istiqamətdə fəaliyyətinin genişləndirilməsi perspektivdə duran məsələlərdir.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib ki, kənd təsərrüfatı təkcə ərzaq təminatının əsası deyil, eyni zamanda dayanıqlı iqtisadi inkişafın qorunmasının vacib komponentlərindən biridir. Bu mənada, konfransın mövzusu olduqca aktualdır. Nazir “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda “Kənd təsərrüfatı məhsulları istehsalının və emalının inkişafı” prioritetində “Bölgə üçün spesifik və orqanik kənd təsərrüfatı məhsullarının brendləşdirilməsi, təbliği, orqanik məhsulların xarici bazarlara ixracının təşviqi” məsələsinin nəzərdə tutulduğunu vurğulayıb. Yerli sahibkarların məhsullarının bazar mövqeyinin möhkəmləndirilməsində və onların biznes əlaqələrinin genişləndirilməsində İqtisadiyyat Nazirliyi tərəfindən dəstək göstərildiyini qeyd edib.
Konfransda ARETN Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva, AR KTN Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, ARETN Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov və Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) İdarə Heyətinin sədri Mürvət Həsənli çıxış ediblər. Natiqlər konfransın Naxçıvanın coğrafi iqlim və kənd təsərrüfatı ənənələri baxımından orqanik məhsulların istehsalında gözləntilərin yüksək olduğunu söyləyib, ümumilikdə, ölkə üzrə bu məsələdə elmi tədqiqatların, təkliflərin əsas tutulmasının vacibliyinə diqqət çəkiblər.
Sonra Naxçıvan Dövlət Universiteti ilə ARETN Genetik Ehtiyatlar İnstitutu arasında, Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) arasında əməkdaşlıq müqavilələri imzalanıb, rektor Elbrus İsayev tərəfindən hədiyyələr təqdim edilib.
Daha sonra konfransın keçirilməsində göstərilən təşkilati dəstəyə görə tərəfdaş üzvlərə rektor Elbrus İsayev tərəfindən plaketlər təqdim edilib.
Naxçıvan Dövlət Universitetinin əməkdaşları Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məmmədova və Baytarlıq təbabəti kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Mahir Məhərəmova yüksək təşkilatçılığa görə təşəkkürnamələr verilib.
NDU-nun Beynəlxalq Kembric Məktəbində baş tutan konfransın açılış tədbiri universitetin İncəsənət fakültəsində bədii hissənin nümayişi ilə davam edib.
Qeyd edək ki, konfransa ölkəmizin, Türkiyənin, Norveçin müxtəlif ali təhsil, elmi-tədqiqat və tətbiq yönümlü müəssisələrindən, ümumilikdə, 26 təşkilat qoşulub. 172 elm adamı tərəfindən 108 elmi məqalə təqdim olunub. Konfrans
4-5 iyun tarixlərdə 4 əsas istiqamət üzrə təşkil olunmuş 4 paneldə davam etdiriləcəkdir. Bu panellərdə bitkiçilik və bitki mühafizəsi, biomüxtəliflik və vəhşi təbiətin qorunması, orqanik əkinçilik və heyvandarlıq, kənd təsərrüfatı obyektlərində makro və mikro çirkləndiricilər haqqında mövzular dinləniləcək.
Digər xəbərlər