Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Ordubad ərazisində mövcud olan kəhrizlər əsrlərboyu insanların həm içməli suya olan tələbatını ödəyib, həm də kənd təsərrüfatının inkişafına mühüm töhfə verib. Bu baxımdan, bölgədə kəhrizlərin qorunması və bərpası istiqamətində həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Hazırda isə Ordubadda yerləşən “Qırx pillə” kəhrizində bərpa işlərinə başlanılıb.
Görülən işlərlə bağlı Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşı Lalə Yusifova bildirib ki, Naxçıvan Muxtar Respublikası ərazisində kəhrizlərin qorunması və bərpası daim diqqət mərkəzində saxlanılır. Belə ki, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən qeydiyyata alınan 389 kəhriz mövcuddur. Ötən ilin yanvar-dekabr ayları ərzində kəhrizlərin istismar vəziyyətinin yaxşılaşdırılması məqsədilə Ordubad rayonunda 8, Kəngərli rayonunda 21, Şahbuz rayonunda 1, Naxçıvan şəhərində isə 2 kəhriz olmaqla, ümumilikdə, 32 kəhrizdə cari təmir işləri aparılmışdır. Həmin dövrdə 32 kəhrizdə, ümumilikdə, 4161 metr kürədə təmizləmə və şora qoparma işləri görülmüş, 43 metr uzunluğunda mövcud daşla saybənd hörülmüşdür. Bundan əlavə, 3 quyuda çökmüş hissələr bərpa olunmuş və 2 yeni quyu qazılmışdır.
Lalə Yusifova qeyd edir ki, kəhrizlərin uzunömürlü və dayanıqlı istismarı üçün mütəmadi olaraq baxım və təmir işlərinin aparılması vacibdir. Onun sözlərinə görə, bu sistemlərin qorunması həm əhalinin su təminatı baxımından, həm də kənd təsərrüfatının inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, kəhrizlərin təmir-bərpası işləri cari ildə də davam etdirilir. Belə ki, 2026-cı ilin ötən dövrü ərzində Kəngərli rayonunda 8 kəhrizdə cari təmir işləri başa çatdırılıb, Ordubad rayonunda isə 1 kəhrizdə təmir işləri hazırda davam etdirilir. Bu müddət ərzində 301 metr kürədə təmizləmə işləri aparılmışdır. Həmçinin yanvar ayında 1 quyuda 6 metr, fevral ayında digər quyuda 4 metr qazma işi tamamlanmış və 2 metr yeni kəhriz kürəsi qazılmışdır.
Hazırda Ordubad ərazisində yerləşən “Qırx pillə” kəhrizində aparılan bərpa işləri də bu istiqamətdə görülən işlərin tərkib hissəsidir. Bildirilir ki, bu kimi layihələr həm tarixi irsin qorunmasına, həm də regionda su təminatının yaxşılaşdırılmasına xidmət edir. Beləliklə, Naxçıvanda, xüsusilə də Ordubad bölgəsində kəhrizlərin bərpası və mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər qədim ənənələrin yaşadılması ilə yanaşı, müasir dövrdə də onların aktuallığını qoruyub saxladığını göstərir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər