Romada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində k...
22:32 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
2026-cı ilin ilk rübünün nəticələri – davamlı gələcəyin ilk addımları
2026-cı ilin ilk rübü Naxçıvan Muxtar Respublikasında enerji sektorunun inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Elektrik və qaz təchizatı sahələrində həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri, rəqəmsal texnologiyaların tətbiqi və idarəetmədə çevikliyin artırılması regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verib.
Eyni zamanda, ölkə rəhbərliyi tərəfindən enerji sektorunun inkişafına göstərilən xüsusi diqqət və strateji yanaşma bu sahədə həyata keçirilən islahatların daha sürətli və məqsədyönlü şəkildə icrasına şərait yaradıb. Cənab Prezidentin enerji infrastrukturunun modernləşdirilməsi, regionların dayanıqlı enerji təminatı və rəqəmsal idarəetmə sistemlərinin genişləndirilməsi ilə bağlı tapşırıq və göstərişləri Naxçıvanda da ardıcıl şəkildə icra olunmaqdadır.
“AzərEnerji” ASC: Strateji ötürmə sisteminin yenidən qurulması və
dayanıqlılığın artırılması
2026-cı ilin ilk üç ayı ərzində “AzərEnerji” ASC tərəfindən Naxçıvanın enerji sisteminin əsas sütunu olan yüksəkgərginlikli ötürmə infrastrukturunun gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. İlk növbədə, 110 kV-luq magistral elektrik ötürücü xətlərin texniki vəziyyətinin yaxşılaşdırılması məqsədilə genişmiqyaslı yenidənqurma işləri aparılmış, köhnə dayaqlar müasir, yüksək dayanıqlı metal konstruksiyalarla əvəz edilmişdir. Bu proses yalnız fiziki infrastrukturun yenilənməsi ilə məhdudlaşmayaraq ötürmə qabiliyyətinin artırılmasına və sistemin pik yüklənmələrə davamlılığının yüksəldilməsinə xidmət etmişdir.
Bununla yanaşı, yarımstansiyalarda yerləşən güc transformatorlarının modernləşdirilməsi həyata keçirilmiş, bəzi hallarda isə daha yüksək gücə malik transformatorların quraşdırılması təmin edilmişdir. Bu isə region üzrə elektrik enerjisi paylanmasında balansın optimallaşdırılmasına və gərginlik sabitliyinin qorunmasına şərait yaratmışdır.
Xüsusi vurğulanmalı məqamlardan biri də enerji sistemində rəqəmsal idarəetmə elementlərinin tətbiqidir. SCADA və digər avtomatlaşdırılmış nəzarət sistemlərinin genişləndirilməsi nəticəsində enerji axınlarına real vaxt rejimində nəzarət imkanları artırılmış, qəza hallarına operativ müdaxilə müddəti azaldılmış, insan amilindən asılılıq minimuma endirilmişdir.
Bu tədbirlər nəticəsində ötürmə şəbəkəsində texniki itkilərin azalması, fasiləsiz enerji təminatının gücləndirilməsi və ümumi sistem etibarlılığının yüksəldilməsi müşahidə olunur.
“Azərişıq” ASC: paylayıcı şəbəkələrin modernləşdirilməsi və
istehlak idarəetməsinin optimallaşdırılması
“Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər daha çox son istehlakçıya yönəlmiş paylayıcı şəbəkələrin təkmilləşdirilməsini əhatə etmişdir.
Hesabat dövründə aşağı və ortagərginlikli elektrik şəbəkələrində genişmiqyaslı yenidənqurma işləri aparılmış, istismar müddətini başa vurmuş kabellər və hava xətləri yenilənmişdir. Xüsusilə kənd yaşayış məntəqələrində elektrik təchizatının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə köhnə transformator məntəqələri yeniləri ilə əvəz edilmişdir. Bu proses nəticəsində gərginlik düşmələri minimuma endirilmiş, abonentlər üzrə enerji təchizatında sabitlik təmin olunmuş, texniki nasazlıqların sayı azalmışdır.
Eyni zamanda enerji sektorunda rəqəmsallaşmanın əsas istiqamətlərindən biri olan “ağıllı sayğac” sisteminin tətbiqi genişləndirilmişdir. Bu sistem istehlakın dəqiq uçotunu təmin edir, qeyri-texniki itkilərin qarşısını alır, abonent və xidmət göstərən qurum arasında şəffaf münasibət formalaşdırır.
Bununla yanaşı, operativ xidmətlərin keyfiyyətinin artırılması məqsədilə qəza briqadalarının texniki təminatı gücləndirilmiş, çağırışlara cavab müddəti əhəmiyyətli dərəcədə azaldılmışdır. Bu isə enerji xidmətlərinin əlçatanlığını və operativliyini artıran əsas amillərdəndir.
“Azəriqaz” İB: qazlaşdırma səviyyəsinin genişləndirilməsi və
texniki təhlükəsizliyin gücləndirilməsi
2026-cı ilin ilk rübündə “Azəriqaz” İB tərəfindən Naxçıvan Muxtar Respublikasında qaz təchizatının davamlılığının təmin olunması və şəbəkənin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir.
Əsas prioritet istiqamətlərdən biri yeni yaşayış sahələrinin qazlaşdırılması olmuşdur. Bu çərçivədə fərdi ev təsərrüfatlarının şəbəkəyə qoşulması sürətləndirilmiş, qazlaşdırma səviyyəsi daha da yüksəldilmişdir.
Mövcud qaz şəbəkələrinin texniki vəziyyətinin yaxşılaşdırılması məqsədilə köhnəlmiş boru xətləri mərhələli şəkildə yenilənmiş, korroziyaya qarşı müasir qoruyucu texnologiyalar tətbiq edilmişdir. Bu isə qaz sızmalarının və texniki itkilərin qarşısının alınmasında mühüm rol oynayır.
Bundan əlavə, profilaktik baxış və texniki xidmət tədbirlərinin intensivliyi artırılmış, potensial risklərin qabaqlayıcı şəkildə aradan qaldırılması təmin olunmuşdur.
Abonentlərlə iş sahəsində də müasir yanaşmalar tətbiq edilmiş, vətəndaş müraciətlərinin operativ şəkildə cavablandırılması, səyyar xidmətlərin təşkili və maarifləndirmə tədbirlərinin keçirilməsi nəticəsində xidmət keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmişdir.
2026-cı ilin ilk rübündə Naxçıvan Muxtar Respublikasında enerji sektorunda həyata keçirilən tədbirlər göstərir ki, regionda bu sahə artıq lokal problemlərin həllindən çıxaraq strateji inkişaf mərhələsinə qədəm qoymuşdur. Elektrik enerjisinin istehsalı və ötürülməsi, paylanması və qaz təchizatı sahələrində paralel şəkildə aparılan modernləşmə işləri vahid enerji sisteminin formalaşdırılmasına xidmət edir.
Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, infrastrukturun yenilənməsi texnoloji modernləşmə ilə paralel aparılır, rəqəmsallaşma və avtomatlaşdırma idarəetmənin əsas elementinə çevrilir, xidmət keyfiyyəti və vətəndaş məmnunluğu prioritet istiqamət kimi çıxış edir.
Bu isə onu deməyə əsas verir ki, Naxçıvanda enerji sektoru yalnız cari tələbatı ödəməyə deyil, eyni zamanda gələcək çağırışlara cavab verə biləcək çevik və dayanıqlı model üzərində qurulur.
Yekun olaraq qeyd etmək olar ki, 2026-cı ilin ilk rübünün nəticələri Naxçıvanın enerji sektorunda davamlı inkişafın möhkəm təməllər üzərində qurulduğunu göstərir. Atılan addımlar regionun enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı, onun iqtisadi və sosial inkişafına da mühüm töhfə verir və gələcək illər üçün pozitiv inkişaf trayektoriyasını müəyyən edir.
Asim ABDULLA
Elektroenergetika mühəndisi, doktorant
Digər xəbərlər