Danimarka şirkəti ilə “Yaşıl Enerji Dəhlizi” layih...
20:55 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi və səfirliyin tabeliyindəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Roma şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Metropoliten Şəhər Mərkəzində “Ümumdünya Şəhərsalma Forumu 13 Bakı 2026: Memarlıq İrsi, Şəhər Yenilənməsi və Yeni Mərkəzlər” başlıqlı konfrans keçirilib.
"Şərq qapısı" xəbər verir ki, konfransda diplomatik, akademik və media nümayəndələri də daxil olmaqla ixtisaslaşmış auditoriya iştirak edib.
2026 – “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məqsədi həm paytaxt Bakının genişmiqyaslı və yüksək aktuallığı olan beynəlxalq tədbirlər üçün əsas mərkəzə çevrilməyini müzakirə etmək, Bakı və Roma arasında şəhərlərin gələcəyi ilə bağlı yüksəksəviyyəli dialoqu davam etdirmək və 17-22 may 2026-cı il tarixlərində baş tutacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) haqqında geniş məlumat verərək beynəlxalq iştirakı təşviq etmək olub.
Konfransda açılış sözünü Azərbaycanın İtaliyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə edib və konfransın WUF13 səyahətinin bir hissəsi olduğunu və bunun tədbirdən daha çox iki mədəniyyət arasında bir körpü olduğunu, metaforik olaraq dialoqda iki paytaxtın təmsil olunduğunu vurğulayıb.
Daha sonra Azərbaycanın İtaliyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə məsul diplomatı Nigar Qurbanova Ramazanlı çıxış edərək, bu il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə memarlıq nailiyyətlərini qeyd etmək və bütün şəhərlərə uyğunlaşdırıla bilən innovativ həllər üzərində əməkdaşlıq etmək üçün unikal bir platformanın təqdim olunduğunu qeyd edib.
Metropoliten Şəhər Mərkəzinin direktoru Elena Andreoni 2025-ci ilin dekabr ayında açılışı olan mərkəzin yerli ictimaiyyət və beynəlxalq əməkdaşlıqla bağlı fəaliyyəti haqqında qısa məlumat təqdim edərək, Azərbaycana bu təşəbbüsə görə təşəkkürünü ifadə edib.
İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi iki ölkə arasında həm iqtisadi, həm də institusional münasibətlərdə izlənilən böyük inkişafdan danışaraq Ticarət Palatasının da bu istiqamətdə fəaliyyəti barədə təqdimat edib.
Panel müzakirələrdə Azərbaycanın Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin müşaviri Sabir Rzayev, WUF13 Əsas Məzmun bölməsinin rəhbəri Cəmilə İsmayılzadə, “La Sapienza” Universitetinin professoru Leone Spita və “ArtCloud International Network” şirkətinin yaradıcı direktoru Fabritsio Konti iştirak edib.
S.Rzayev WUF13-ə ev sahibliyi etməyin milli prioritetlər baxımından Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb etdiyini, ölkəmizin azad edilmiş ərazilərində hərtərəfli yenidənqurma və bərpa prosesi həyata keçirdiyini, bu səylərin müasir, dayanıqlı, inklüziv şəhər və kənd icmalarının qurulmasına, eyni zamanda, məcburi köçkünlərin təhlükəsiz, ləyaqətli qayıdışının təmin edilməsinə yönəldiyini, bu təcrübənin Azərbaycana münaqişədənsonrakı bərpa və dayanıqlı şəhər inkişafı ilə bağlı qlobal müzakirələrə unikal bir perspektiv təqdim etməyə imkan verdiyini bildirib.
“Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunacaq forum haqqında geniş təqdimat edən C.İsmayılzadə sessiya çərçivəsində keçiriləcək Liderlər Sammiti, xüsusi sessiyalar və digər tədbirlər barədə geniş məlumat verərək sahə üzrə ekspertləri Bakıya dəvət edib.
Professor Spita Azərbaycanın şəhər xüsusiyyətlərinə, xüsusən də paytaxtın müxtəlif tarixi mərhələlərindəki təkamülünə özünəməxsus baxış bucağı təqdim edib, uzun illər Azərbaycanla sıx əməkdaşlıq edən Fabritsio Konti isə işğal olunmuş ərazilərin azad edilməsindən sonra Qarabağın yenidən qurulmasındakı geniş təcrübəsindən danışıb, Qarabağ Muzeylər Sistemini ehtiva edən videoçarx nümayiş etdirib.
Tədbirin sonunda isə getdikcə şəhərləşən dünyada yerli administrasiyaların daha dayanıqlı bir dünya üçün müdaxilə etməyə çağırıldığı WUF13-ün əhəmiyyətini vurğulayan Roma İrs və Mənzil Siyasəti üzrə Şura üzvü Andrea Tobia Zevinin videomesajı nümayiş olunub.
Digər xəbərlər