Danimarka şirkəti ilə “Yaşıl Enerji Dəhlizi” layih...
20:55 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
İstanbulda keçirilən Şotokan karate (WSF) üzrə dünya səviyyəli turnirdə Azərbaycanın qazandığı tarixi qələbənin əsas pay sahiblərindən biri də Naxçıvan karateçiləri oldu. Azərbaycan millisinin 55 qızıl medal qazanaraq komanda hesabında 1-ci olduğu möhtəşəm turnirdən Naxçıvan təmsilçiləri vətənə 9 medal ilə qayıdıblar. Yarışın qəhrəmanları və onların məşqçisi təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşdülər.
11 yaşlı dünya çempionu Xədicə Bayramova turnirdən həm qızıl, həm də gümüş medalla dönməyin sevincini yaşayır: “Mən bu yarışa yola düşərkən qarşıma tək bir məqsəd qoymuşdum, Azərbaycanın adını uca tutmaq. Tatamidə rəqiblərimin kifayət qədər güclü və təcrübəli olmasına baxmayaraq, qələbəyə olan sarsılmaz inamım məni çempionluğa daşıdı. Xüsusilə final görüşündən sonra bayrağımızı ucaltmaq, o möhtəşəm qələbə sevincini yaşamaq mənim üçün sözlə ifadə olunmayacaq qədər böyük bir qürur idi. Lakin bu uğurla kifayətlənmək niyyətim yoxdur. Gələcəkdə daha böyük turnirlərdə yeni çempionluqlar qazanmaq və ölkəmi layiqincə təmsil etmək üçün var gücümlə çalışmağa davam edəcəyəm”.
Kadetlər arasında gümüş medal qazanan 14 yaşlı Nizami Orucov da yarışın olduqca gərgin keçdiyini deyir: “Öz yaş qrupumda dünyanın ən güclü karateçiləri ilə qarşılaşmaq mənə əvəzsiz bir təcrübə qazandırdı. Hesab edirəm ki, çıxdığım hər döyüş mənə yeni bir texnika, yeni bir baxış bucağı öyrətdi. İstanbulda qazandığım gümüş medal mənim üçün, sadəcə, bir mükafat deyil, həm də gələcək uğurlarım üçün böyük bir motivasiya mənbəyidir. Beynəlxalq arenada Azərbaycanın adından çıxış etməyin məsuliyyətini hər saniyə hiss edirdim. İndi qarşıdakı əsas hədəfim səhvlərim üzərində işləyib, növbəti yarışlarda mütləq qızıl medalı qazanmaqdır”.
Naxçıvan Muxtar Respublikası “Qapıcıq” karate-do idman klubunun məşqçisi Niyaməddin Əliyev isə bildirir ki, turnir idmançıların hazırlığı üçün böyük sınaq idi: “İstanbulda keçirilən bu turnir idmançılarımızın həm fiziki gücünü, həm də psixoloji hazırlığını sınayan ciddi bir imtahan idi. 117 nəfərlik nəhəng bir heyətin tərkibində naxçıvanlı idmançıların fərqlənərək ön sıralarda yer alması qətiyyən təsadüfi deyil. Biz bu yarışa çox gərgin və sistemli hazırlıq prosesi keçərək gəlmişdik. Uşaqlar hər gün saatlarla davam edən məşqlərdə həm texniki fəndləri cilaladılar, həm də yüksək dözümlülük nümayiş etdirdilər. Qazanılan 9 medal Naxçıvan “Qapıcıq” karate məktəbinin düzgün strategiya ilə inkişaf etdiyinin bariz göstəricisidir. İnanıram ki, bu gənclərin əzmi onları gələcəkdə olimpiya zirvələrinə qədər ucaldacaqdır”.
Gənc yaşlarına baxmayaraq, dünya səviyyəli rəqabətdə özlərini təsdiq edən bu idmançılar həm şəxsi əzmkarlıqlarının, həm də məşqçi korpusunun peşəkar əməyinin ən parlaq bəhrəsini nümayiş etdirdilər. Qazanılan medallar, eyni zamanda Azərbaycanın beynəlxalq idman nüfuzunun möhkəmlənməsinə verilən dəyərli töhfədir. Beynəlxalq tatamilərdə qazanılan bu uğurlu nəticələr gələcəkdə yeni zəfərlərin də böyük müjdəçisidir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər