NAXÇIVAN :

03 May 2026, Bazar

Naxçıvanda sürətli fiber-optik internet şəbəkəsinin əhatəsi genişləndirilir

...

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən internet infrastrukturunun gücləndirilməsi istiqamətində növbəti mərhələyə start verilib.

Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, Naxçıvan şəhərinin müxtəlif ərazilərində GPON texnologiyası əsasında yeni internet xətlərinin çəkilişi məqsədilə fiber-optik kabellərin quraşdırılmasına başlanılıb. Layihə çərçivəsində bir sıra küçə və yaşayış massivlərini əhatə edən binalar üzrə işlər həyata keçirilir. Çəkiliş işlərinin aparıldığı ünvanlar sırasında Heydər Əliyev prospekti, Atatürk küçəsi, Qoçüstü və Çənlibel məhəllələri, Həsən Əliyev və İstiqlal küçələri, Nizami küçəsi və digər ərazilər yer alır.

Layihə əhalinin yüksəksürətli və dayanıqlı internet xidmətlərinə çıxış imkanlarını genişləndirməklə yanaşı, rəqəmsal xidmətlərin keyfiyyətinin artırılmasına mühüm töhfə verəcək. Eyni zamanda yeni şəbəkə üzrə abonentlərə sərfəli və əlçatan internet tariflərinin təqdim olunması da nəzərdə tutulur. Növbəti mərhələlərdə layihənin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır. Belə ki, Naxçıvan şəhəri ilə yanaşı, digər rayon mərkəzləri, həmçinin bütün kənd və qəsəbələr daxil olmaqla muxtar respublika ərazisində GPON şəbəkəsinin tam şəkildə qurulması nəzərdə tutulur. Bu təşəbbüs region üzrə yüksəksürətli və dayanıqlı genişzolaqlı internet xidmətlərinin əlçatanlığını təmin etməyə yönəlib.

Nəşr edilib : 01.05.2026 12:40