NAXÇIVAN :

24 May 2025, Şənbə

Naxçıvanda “Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş “Hisslərin hərəkətlərlə harmoniyası" adlı hesabat konserti keçirilib

...

“Şərq qapısı” qəzetinin informasiya və texniki dəstəyi ilə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin Xoreoqrafiya şöbəsinin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Hisslərin hərəkətlərlə harmoniyası” adlı hesabat konserti keçirilib.  
Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin Xoreoqrafiya ixtisası üzrə müəllimi, layihə rəhbəri Fatimə Kazımova çıxış edərək ölkəmizdə, eləcə də muxtar respublikada  xoreoqrafiya sənətinin inkişaf yolu və məktəbin bu sahədəki uğurlarından bəhs edib. Vurğulanıb ki,  həmin məktəbin uşaqları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 1-ci Uşaq İncəsənət Festivalında solo nominasiya üzrə 2-ci və 3-cü, kollektiv nominasiyası üzrə 3-cü yerin qalibi olublar. 
Sonra uşaq musiqi və incəsənət məktəbinin şagirdləri muxtar respublikanın bir sıra tarix və mədəniyyət abidələrinin qarşısında ifa etdikləri rəqs nömrələrindən ibarət videoçarx nümayiş olunub.
Konsert zamanı məktəbin istedadlı şagirdlərinin təqdimatında milli rəqslərimizdən  Üzeyir Hacıbəyovun “Arşın mal alan”, Eldar Mansurovun “Azərbaycan”, “Qavalla rəqs”, Cavanşir Quliyevin “Yallı”, həmçinin xarici bəstəkarların əsərlərində naxçıvanın ilk balerinləri tərəfindən “The Royal Ballet”, daha sonra “Flamenqo-Koster” təqdim olunub. Həmçinin Qarabağa həsr olunmuş kompozisiya nümayiş etdirilib.
Sonda mədəniyyət nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Həsən Seyidov tədbirdə əməyi keçən hər kəsə  təşəkkür edərək  kollektivi təltif edib.
Bayram əhvali-ruhiyyəsi ilə baş tutan konsert proqramı alqışlarla sona çatıb. Daha sonra kollektiv şəkil çəkdirilib.

Bülbül QULİYEVA

Nəşr edilib : 23.05.2025 20:45