NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvan Dövlət Milli Dram Teatrı Türkiyədə uğurla çıxış edib

...

Naxçıvan Dövlət Milli Dram Teatrı növbəti dəfə beynəlxalq səhnədə uğurlu çıxışı ilə diqqət mərkəzində olub. Teatr kollektivi Türkiyənin müxtəlif şəhərlərində keçirilən teatr festivallarında iştirak edərək Azərbaycan teatr sənətini layiqincə təmsil edib. Belə ki, kollektiv 25 mart tarixdə Samsun şəhərində keçirilən “8-ci Samsun Beynəlxalq Teatr” festivalında, eləcə də 27 mart tarixdə Trabzon şəhərinin Akçaabat rayonunda keçirilən “13-cü Beynəlxalq Erol Günaydın Teatr Günləri” festivalında səhnəyə çıxıb. Səhnələşdirilən tamaşa görkəmli dramaturq Hüseyn Cavidin “Ana” əsəri əsasında hazırlanaraq tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb. Xüsusilə 27 mart – Dünya Teatr Günü münasibətilə nümayiş olunan çıxış festival iştirakçıları tərəfindən yüksək qiymətləndirilib. Festival çərçivəsində kollektiv müxtəlif mükafat və hədiyyələrlə təltif olunub.

Biz də tamaşada uğur qazanan aktyorların bir neçəsi ilə həmsöhbət olaraq onların təəssüratlarını öyrəndik. Onlardan biri Naxçıvan Dövlət Milli Dram Teatrının dram artisti Əlizamin Abbasovdur. O qeyd edib ki, teatr kollektivi həm Samsun şəhərində, həm də Trabzonun Akçaabat rayonunda Hüseyn Cavidin “Ana” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə səhnəyə çıxıb. Aktyor bildirib ki, hər iki çıxış tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və teatr ictimaiyyətində xoş təəssürat yaradıb. Qeyd olunub ki, tamaşanın uğurlu alınmasında kollektivin birgə əməyi mühüm rol oynayıb. Texniki heyətdən yaradıcı heyətə qədər hər kəsin səyi nəticəsində Azərbaycan və Naxçıvan teatrı beynəlxalq səhnədə layiqincə təmsil olunub.

Əlizamin Abbasov vurğulayıb ki, “Ana” tamaşası 2026-cı ildən teatrın repertuarına daxil edilib və gərgin məşqlər nəticəsində ərsəyə gəlib. Tamaşaya hazırlıq prosesi olduqca məsuliyyətli keçib. Aktyorun sözlərinə görə, çıxışlardan sonra tamaşaçılardan və sosial şəbəkələrdən çoxsaylı müsbət rəylər alınıb. Bu xoş geri dönüşlər kollektiv üçün xüsusi əhəmiyyət daşıyır və onları gələcək uğurlara daha da həvəsləndirir.

Tamaşada iştirak edən digər aktyor isə Məmməd Mehdiyev olub. O, hazırda Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru kimi fəaliyyət göstərir. Tamaşa ilə bağlı təəssüratlarını bölüşən aktyorun sözlərinə görə, teatr kollektivi bir çox şəhərlərdə və beynəlxalq festivallarda uğurla çıxış edib. Son səfər də Türkiyəyə baş tutub və bu səfər çərçivəsində “Ana” tamaşası təqdim olunub.

Məmməd Mehdiyev vurğulayıb ki, sözügedən tamaşa kollektiv üçün həm önəmli, həm də yüksək məsuliyyət tələb edən bir səhnə işi olub. Səhnədə hiss olunan enerji və tamaşaçı ilə qurulan canlı əlaqə aktyorlara əlavə motivasiya verib və nəticədə uğurlu, yaddaqalan çıxış ərsəyə gəlib. O bildirib ki, hazırlıq prosesi olduqca intensiv və maraqlı keçib, hər bir detal üzərində ciddi işlənilib. Kollektiv daxilində qarşılıqlı dəstək isə bu uğurun əsas amillərindən biri olub. Aktyorun sözlərinə görə, tamaşaçıların alqışı onların zəhmətinin ən böyük qarşılığıdır. Festival çərçivəsində təqdim olunan plaket və təbriklər də kollektiv üçün xüsusi əhəmiyyət kəsb edir. Bu, görülən əməyin yüksək qiymətləndirilməsi olmaqla yanaşı, gələcək uğurlar üçün əlavə motivasiya yaradır. Beləliklə, əldə olunan bu uğur bir daha göstərir ki, Azərbaycan teatr sənəti sürətlə inkişaf edir və beynəlxalq səhnələrdə öz sözünü deməyə davam edir.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 10.04.2026 14:00