NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Naxçıvan bazarında məktəb ləvazimatlarının qiyməti: valideynlər razıdırmı?

...

Yeni tədris ilinin astanasında Naxçıvan bazarında canlanma müşahidə olunur. Son günlərdə valideynlər məktəbli forması, dəftər-qələm, çanta və digər ləvazimatları almaq üçün bazara üz tutur. Qiymətlər isə hər kəsin diqqət mərkəzindədir. Bizdə əməkdaşlarımızla birgə bu mövzu barəsində daha ətraflı məlumat əldə etmək üçün üz tutduq sakinlərin dili ilə desək, “57” bazarına.

Elə təzəcə bazara çatmışdıq ki, ilk baxışda məktəb ləvazimatları satan dükanların qarşısında sıxlıq olduğunu gördük. Anasının əlini tutmuş uşaqlar rəngbərəng çantalara, dəftərlərə heyranlıqla baxır, valideynləri isə qiymətləri ilə maraqlanırdılar. Hər birinin gözlərində məktəb həyəcanı, yeni dəftər və qələm almağın sevinci görünürdü. Elə bu zaman bir satıcının yanına yaxınlaşıb salamlaşdıqdan sonra məktəb ləvazimatlarının alış-verişi barəsində söhbətə başladıq. Gənc satıcı Fərdi Tağızadə bildirdi: “Bu il satışlar əvvəlki illərə nisbətən daha yaxşı gedir. Malların qiyməti bir qədər aşağı düşüb, üstəlik, topdansatış yerlərinin artması bizə də sərf edir. Valideynlər gəlir, həm seçim çoxdur, həm də ciblərinə uyğun məhsul tapa bilirlər”.

Bir az daha irəlilədikdən sonra bir dükan qarşısında anasına “Mən bu dəftəri istəyirəm”, – deyən balaca qızı gördük. Ana isə satıcı ilə qiymət danışırdı. Balaca Nilayı yeni dəftərin üz qabığı, rəngli qələmlər maraqlandırırdı, ana isə cibinə uyğun alış-veriş etmək istəsə də, övladını sevindirmək üçün əlindən gələni edirdi. Yanlarına yaxınlaşdığımızı görən valideyn Sevda Cəlilova bizə gülümsəyərək “Şərq qapısı” qəzetindən gəlmisiz?” sualını verdi. Biz də onlarla səmimi şəkildə salamlaşıb mövzumuz haqqında söhbətə başladıq. Sevda xanım: “Qiymətlər ötən illə müqayisədə bir az münasibdir, amma yenə də bütün siyahını tamamlamaq asan olmur. Hər bir valideyn övladının məktəbə hazırlıqlı getməsini istəyir, biz də çalışırıq, gücümüz çatdığı qədər hər şeyi alaq”. Müsahibə zamanı öyrəndik ki, balaca Nilay bu il 2-ci sinifə hazırlaşır. Məktəbə getmək üçün necə həyəcanlı olduğu balaca Nilayın gözlərindən görünürdü.

Balaca qız və valideyni ilə sağollaşdıqdan sonra yolumuza davam edirik.Bu zaman qarşımıza orta yaşlarda bir ata və iki övladı çıxdı. Diqqətimizi çəkən məqam o idi ki, ata alış-veriş siyahısını əlinə alıb gəzirdi. O, bir az yorğun, eyni zamanda övladları üçün nəsə axtarışında idi. Valideyn Mətləb İbrahimovun fikirlərini öyrənirik. O qeyd etdi: “Əslində, uşaqlar məktəbi çox sevirlər, biz də onların həvəsini qırmaq istəmirik. Sadəcə, hər şeyin qiyməti artdıqca valideynlər üçün yük də çoxalır. İki övladım var, hər birinin çantası, geyimi, dəftəri, qələmi... Toplamaq çətinləşir. Amma yenə də valideyn olaraq çalışırıq ki, övladlarımız məktəbə sevinclə getsinlər”.

Valideyn söhbətinə davam edərək bir məqamı da xüsusi vurğulayır: “Əvvəlki dövrlərdə daha çox çətinlik çəkirdik. Hər şeyi – kitabı, dəftəri, çantanı özümüz almalı olurduq. İndi isə dövlətimiz var olsun, uşaqlarımızı pulsuz dərsliklərlə təmin edir. Bu bizim üçün böyük dəstəkdir. Valideyn olaraq ən azından dərs kitablarına görə nigarançılıq çəkmirik”.

Müsahibimizlə sağollaşıb bazarın sonlarına doğru yaxınlaşırıq. Müşahidəmiz zamanı hər kəsin əlində çanta, dəftər, karandaşlarla dolu paketlər olduğunu görürük. Uşaqlar sevinclə yeni ləvazimatlarını göstərir, valideynlər isə bir az yorğun, amma övladlarının təhsili üçün etdikləri alış-verişdən məmnun görünürlər. Biz isə uşaq və valideynlərə yeni tədris ilində uğurlar arzulayırıq.

 Zəhra VƏLİYEVA

Nəşr edilib : 02.09.2025 15:04