NAXÇIVAN :

03 May 2026, Bazar

Müasir Azərbaycanın strateji prioritetləri: azad sahibkarlıq və davamlı iqtisadi inkişaf modeli

...

Ümummilli Liderimiz Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə həqiqi müstəqillik əldə edən Azərbaycanda iqtisadi sistemin əsaslı şəkildə dəyişdirilməsi, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid və sahibkarlığın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. 1990-cı illərin əvvəllərində ölkədə iqtisadi tənəzzül, istehsalın zəifləməsi və hüquqi-institusional boşluqlar sahibkarlığın formalaşmasını çətinləşdirsə də, Ulu Öndərin uzaqgörən siyasəti sayəsində sonrakı mərhələdə həyata keçirilən islahatlar bu sahədə əsaslı dönüş yaratdı. Belə ki, ölkədə sahibkarlığın inkişafı təkcə iqtisadi artım deyil, həm də sosial sabitlik və regional inkişafın təmin olunması baxımından strateji əhəmiyyət daşımağa başladı. 

Makroiqtisadi sabitliyin bərpası, özəlləşdirmə proseslərinin başlanması və 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” nəticəsində ölkəyə xarici investisiyaların axını sahibkarlıq fəaliyyətinin genişlənməsinə şərait yaratdı. Həmin dövrdə Sahibkarlığa Kömək Milli Fondu (hazırda bu funksiyanı Azərbaycan Biznesinin İnkişafı Fondu yerinə yetirir) vasitəsilə güzəştli kreditlərin verilməsi kiçik və orta biznesin inkişafını sürətləndirdi və yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verdi.
2003-cü ildən sonra Ümummilli Lider siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasət daha sistemli və nəticəyönümlü xarakter alıb. Sahibkarlığın inkişafı üçün hüquqi və institusional mühitin yaxşılaşdırılması, regionların inkişafı və qeyri-neft sektorunun genişləndirilməsi əsas prioritetlər kimi müəyyənləşdirilib. Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində həyata keçirilən infrastruktur layihələri iqtisadi fəallığın ölkə üzrə daha balanslı paylanmasına və sahibkarlıq fəaliyyətinin regionlarda genişlənməsinə şərait yaradıb. Nəticədə, iqtisadi inkişafın mərkəzləşməsinin azalması və regional biznes mühitinin güclənməsi müşahidə olunub. Eyni zamanda dövlət tərəfindən özəl sektora göstərilən diqqət sahibkarlığın institusional əsaslarının möhkəmlənməsinə xidmət edib. Bunun bariz nümunələrindən biri Prezident İlham Əliyevin  2016-cı il 21 aprel tarixli Sərəncamı ilə aprelin 25-nin Azərbaycanda “Sahibkarlar Günü” kimi təsis edilməsidir. Bu qərar həm də sahibkarlığın ölkənin sosial-iqtisadi inkişafında, xüsusilə məşğulluğun təmin olunmasında artan rolunun dövlət səviyyəsində tanınmasının göstəricisidir.
Özəl sektorun inkişafına xidmət edən mühüm faktorlardan biri də sənaye zonalarının yaradılmasıdır. Bu baxımdan, Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı və Balaxanı Sənaye Parkı kimi layihələr ötən dövrdə istehsalın artmasına, ixrac potensialının güclənməsinə və yeni iş yerlərinin yaradılmasına geniş imkanlar açıb. Eyni zamanda 2016-cı ildən sonra qəbul edilən strateji yol xəritələri sahibkarlığın inkişafını daha strukturlaşdırılmış mərhələyə keçirib. KOBİA-nın yaradılması sahibkarlara dövlət dəstəyinin daha sistemli və çevik mexanizmlərlə təqdim olunmasına imkan yaradıb. Həmçinin “ASAN xidmət” və elektron idarəetmə sistemlərinin tətbiqi biznes mühitində şəffaflığın artırılmasına və inzibati prosedurların sadələşdirilməsinə mühüm töhfə verib. Ən əsas amillərdən biri də Prezident İlham Əliyev tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun imzalanması və onun müddətinin 2027-ci il yanvarın 1-ə qədər uzadılmasıdır. Bu addım biznes mühitində inzibati yükü əhəmiyyətli dərəcədə azaldaraq sahibkarlıq fəaliyyətinin daha sərbəst və şəffaf şəkildə inkişafına şərait yaradıb. Bütün bu amillər özünü statistik nəticələrlə də büruzə verir. Belə ki, 2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7 faiz artıb və ümumi iqtisadiyyatda payı 68 faizə yüksəlib. Son 6 ildə qeyri-neft ixracı, demək olar ki, 2 dəfə artıb ki, bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin göstəricisidir. Eyni zamanda dövlət-özəl tərəfdaşlıq mexanizmləri və aparılan islahatlar nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81,4 faiz səviyyəsindədir. Bu da Azərbaycanda sahibkarlığın iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrildiyini və ölkədə dayanıqlı, rəqabətqabiliyyətli iqtisadi modelin formalaşdığını göstərir.

Qarabağ bölgəsində sahibkarlığın inkişafı və yeni iqtisadi mərhələ

Vətən müharibəsində əldə olunan tarixi zəfərdən sonra Azərbaycanın qarşısında yeni strateji inkişaf mərhələsi açılıb. Bu baxımdan, “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri yalnız fiziki infrastrukturun bərpası ilə məhdudlaşmır, eyni zamanda regionda müasir iqtisadi sistemin formalaşdırılmasını da hədəfləyir. Mövcud yanaşma ərazilərin uzunmüddətli sosial-iqtisadi inkişafına xidmət edən kompleks dövlət siyasətinin tərkib hissəsidir. Hazırda Ağdam, Füzuli, Şuşa, Zəngilan və digər rayonlarda sənaye parklarının, aqroparkların, logistika mərkəzlərinin, həmçinin turizm və xidmət infrastrukturlarının yaradılması intensiv şəkildə davam etdirilir. Bu layihələr regionun iqtisadi strukturunu diversifikasiya edir, qeyri-neft sektorunun payını artırır və sahibkarlıq fəaliyyətinin genişlənməsi üçün əlverişli zəmin yaradır. Xüsusilə sənaye zonalarının təşkili yerli və xarici investorlar üçün yeni imkanlar açaraq regionu iqtisadi aktivlik mərkəzinə çevirmək potensialına malikdir.
Dövlət tərəfindən Qarabağ və Şərqi Zəngəzurda biznes mühitinin stimullaşdırılması məqsədilə genişmiqyaslı vergi və gömrük güzəştləri tətbiq olunur, sahibkarlıq subyektlərinə müxtəlif maliyyə və institusional dəstək mexanizmləri təqdim edilir. Bununla yanaşı, nəqliyyat, enerji və kommunikasiya infrastrukturunun sürətlə bərpası və müasirləşdirilməsi iqtisadi fəaliyyətin dayanıqlı şəkildə inkişafına xidmət edir. Regionda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları isə innovativ texnologiyaların tətbiqinə əsaslanan yeni idarəetmə modelini formalaşdırır. Bu yanaşma rəqəmsal iqtisadiyyatın inkişafını sürətləndirir, resurslardan səmərəli istifadəyə şərait yaradır və müasir sahibkarlıq mühitinin formalaşmasını təmin edir. Eyni zamanda bu model regionun ekoloji dayanıqlılığını və sosial rifahını da gücləndirir.

Naxçıvanda sahibkarlığın inkişafı və institusional güzəştlər sistemi

Naxçıvanda yerli istehsalın gücləndirilməsi, daxili bazarın qorunması və özünütəminetmə prinsipləri sahibkarlığın əsas istiqamətlərini müəyyən edib. Kənd təsərrüfatı, qida sənayesi və kiçik istehsal sahələri burada iqtisadi inkişafın əsas dayaqlarından birinə çevrilib. Məhz bu baxımdan 2026-cı il yanvarın 1-dən 10 il müddətinə Naxçıvanda tətbiq olunan vergi, sosial və gömrük güzəştləri sahibkarlığın inkişafında mühüm dönüş nöqtəsi hesab olunur. Bu güzəştlər sahibkarlıq subyektləri üçün vergi yükünün azaldılmasını, sosial ödənişlərdə yüngülləşdirmələri və idxal-ixrac əməliyyatlarında gömrük rüsumlarının optimallaşdırılmasını əhatə edir. Nəticədə, biznes xərcləri azalır, investisiya cəlbediciliyi artır və yeni müəssisələrin yaranması sürətlənir.
Həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirlərinin nəticəsidir ki, bu ilin birinci rübündə regionda sahibkarlığın təşviqi və investisiya fəallığının artırılması istiqamətində mühüm nailiyyətlər əldə edilib. Bu müddətdə Naxçıvan Muxtar Respublikasında yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də mövcud layihələrin genişləndirilməsi istiqamətində 48 layihə icra olunub. Həmin layihələrdən 13-ü yeni yaradılma, 35-i isə mövcud layihələrin genişləndirilməsi üzrə həyata keçirilib. Eyni zamanda 38-i yaradılma və 65-i genişləndirmə olmaqla, ümumilikdə, 103 layihənin icrası davam etdirilib. Əminliklə demək olar ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası, eyni zamanda Zəngəzur dəhlizi və Azad İqtisadi Zonanın (AİZ) reallaşdırılması fonunda tətbiq olunan vergi, sosial və gömrük güzəştləri muxtar respublika iqtisadiyyatına yerli sərmayələrin və investisiyaların cəlb olunmasına əlverişli şərait yaradacaq. Bu isə sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafına, paralel olaraq yeni iş yerlərinin yaradılmasına və əhali məşğulluğunun artmasına mühüm təkan verəcək. Bütün bu proseslərin həyata keçirilməsi Naxçıvanda inkişaf coğrafiyasını xeyli genişləndirəcək, həm sənaye, həm də kənd təsərrüfatı sahələrinin dirçəldilməsinə səbəb olacaq. Eyni zamanda ticarət və logistika ilə yanaşı, turizm sektorunda da əhəmiyyətli canlanma müşahidə olunacaq.
Sadalanan bütün faktlar və reallaşdırılan layihələr belə deməyə əsas verir ki, Azərbaycanda sahibkarlığın inkişafı dövlət müstəqilliyinin bərpasından sonra həyata keçirilən ardıcıl iqtisadi islahatların nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji siyasi kurs və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi, dövrün tələblərinə uyğun yeni keyfiyyət mərhələsinə yüksəltməsi nəticəsində sahibkarlıq ölkə iqtisadiyyatının aparıcı qüvvələrindən birinə çevrilib. Qarabağda reallaşdırılan genişmiqyaslı bərpa və iqtisadi quruculuq işləri, Naxçıvanda tətbiq olunan güzəştlər, icra olunan genişmiqyaslı layihələr və ölkə üzrə həyata keçirilən inzibati islahatlar bu inkişafın yeni mərhələyə keçdiyini göstərir.

Nail ƏSGƏROV

 

Nəşr edilib : 30.04.2026 14:18