NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Məşğulluğun artırılması dövlət siyasətinin əsas prioritetidir “Şirvan Aqro” heyvandarlıq kompleksi əhali məşğulluğuna və aqrar inkişafa mühüm töhfədir

...

Prezident İlham Əliyev: "Yüzlərlə iş yeri, gözəl şərait yaradırıq. Bu müəssisənin həm Şamaxı rayonunun, həm də ümumilikdə ölkəmizin kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyəti var. Bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük həm ətlik, həm südlük təsərrüfatıdır. Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır. Biz elə etməliyik ki, özümüzü həm ətlə, həm südlə, süd məhsulları ilə 100 faiz təmin edək. Buna yaxınıq, amma hələ ki, buna nail ola bilməmişik. Belə təsərrüfatların fəaliyyətə başlaması bu məqsədi də təmin edəcək və gələcəkdə biz hətta ət və süd məhsullarını ixrac edə də bilərik".

Ölkəmizdə son illərdə onlarla müxtəlif profilli yeni müəssisənin yaradılması iqtisadi inkişafın əsas göstəricilərindən biri olmaqla yanaşı, sosial rifahın yüksəlməsində də mühüm rol oynayır. Bu proses, ilk növbədə, yeni iş yerlərinin açılmasına səbəb olur ki, bu da əhalinin məşğulluq səviyyəsinin artmasına birbaşa təsir göstərir. İşsizliyin azalması insanların həyat şəraitinin yaxşılaşmasına, gəlir imkanlarının genişlənməsinə və ümumi sosial sabitliyin möhkəmlənməsinə xidmət edir.
Respublikamızda yaradılan yeni müəssisələr sənaye, kənd təsərrüfatı, xidmət sektoru və texnologiya sahələrini əhatə edir. Bu müxtəliflik, sözsüz ki, əmək bazarında fərqli ixtisaslara olan tələbatı artırır və insanların öz bacarıqlarına uyğun iş tapmaq imkanlarını genişləndirir. Xüsusilə regionlarda müəssisələrin yaradılması həmin ərazilərdə iqtisadi fəallığın artmasına, miqrasiyanın azalmasına və yerli əhalinin doğma yurdlarında işləyib yaşamasına şərait yaradır. Bu baxımdan, Şamaxı rayonunda yeni yaradılan “Şirvan Aqro” heyvandarlıq kompleksi həm əhalinin məşğulluğunun artırılmasına, həm də insanların keyfiyyətli yerli məhsullarla təminatına xidmət edəcək. Prezident İlham Əliyev martın 23-də kompleksin açılışından sonra müəssisə əməkdaşları ilə görüşündə “Şirvan Aqro”nun fəaliyyətini həm yeni iş yerlərinin yaradılması, həm də yerli, keyfiyyətli məhsullarla təminat baxımından yüksək qiymətləndirib: “Yüzlərlə iş yeri, gözəl şərait yaradırıq. Bu müəssisənin həm Şamaxı rayonunun, həm də ümumilikdə, ölkəmizin kənd təsərrüfatının inkişafı üçün çox böyük əhəmiyyəti var. Bu, nəinki, Azərbaycanın, Cənubi Qafqazın ən böyük həm ətlik, həm südlük təsərrüfatıdır. Bizdə indi idxal həcminin azaldılması istiqamətində işlər aparılır. Biz elə etməliyik ki, özümüzü həm ətlə, həm südlə, süd məhsulları ilə 100 faiz təmin edək. Buna yaxınıq, amma hələ ki, buna nail ola bilməmişik. Belə təsərrüfatların fəaliyyətə başlaması bu məqsədi də təmin edəcək və gələcəkdə biz hətta ət və süd məhsullarını ixrac edə də bilərik”.
Heyvandarlıq kompleksi 100 hektara yaxın ərazini əhatə edir və yaradılmasında məqsəd ölkə əhalisinin yüksəkkeyfiyyətli süd və ət məhsulları ilə təmin olunmasına, bu məhsulların ixracına, həmçinin regionun inkişafına, xüsusən də Şamaxı və ətraf rayonlarda məşğulluğun artırılmasına töhfə verməkdir. Kompleksdə 9000 baş heyvanın – 3200 baş südlük, 3000 baş ətlik mal-qaranın və 2800 baş buzovun saxlanılmasına şərait var. Hazırda burada Holşteyn-Friz, Limuzin, Aberdin-Anqus və digər cinslərdən heyvanlar saxlanılır. Ən son texnologiyalarla təchiz edilən və süni intellekt vasitələri ilə idarə olunan bu kompleks Qafqaz regionunda və MDB məkanında ən böyük heyvandarlıq müəssisələrindən biridir. Bura həm də ölkəmizdə alternativ və “yaşıl enerji”dən istifadə edən ilk heyvandarlıq kompleksidir. Kompleksdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün dünyanın qabaqcıl texnologiyalarının tətbiqini öyrədəcək Təlim-Tədris Mərkəzi də fəaliyyət göstərəcək. Müəssisədə Azərbaycanın və Cənubi Qafqazın ən böyük “Karusel” tipli süd sağımı, həmçinin “Paralel” sağım sistemləri yaradılıb. Hər bir sağım nöqtəsində süd keyfiyyətinin onlayn analizatoru quraşdırılıb. Ölkədə südün 32 dərəcədən 4 dərəcəyədək sürətli soyudulması üçün qabaqcıl sistem, həmçinin dünyadakı ən son genetik materiallar əsasında fəaliyyət göstərən, süd həcminin artırılmasını təmin edən ilk Reproduksiya Mərkəzi yaradılıb. Saxlanılan heyvanlar arasında xəstəliklərin erkən diaqnozu və tez bir zamanda müalicəsi üçün tətbiq olunan innovativ sürü idarəetmə sistemi mövcuddur. Burada real vaxtda sürü inkişafı monitorinqinin həyata keçirilməsi, kökəltmənin səmərəli idarə edilməsi və çəkinin elektron hesablanması üçün xüsusi tərəzi sistemi tətbiq olunur.
“Şirvan Aqro”nun yaradılması, qeyd etdiyimiz kimi, ilk növbədə, əhalinin məşğulluğunun artırılmasına xidmət edir. Belə ki, Şamaxı və ətraf rayonlardan 200-dən çox sakin burada işlə təmin olunub. Kompleksin ərazisində digər rayonlardan işləməyə gələnlər və xarici mütəxəssislər üçün yaşayış binasının olması sosial təminat baxımından mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, bu cür müasir kompleksin istifadəyə verilməsi kənd təsərrüfatının mühüm sahələrindən biri olan heyvandarlığın inkişafına, eləcə də ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfədir. Layihənin icrası, ümumilikdə, regionun kənd təsərrüfatı potensialının artırılmasında da mühüm rol oynayacaq. Əminliklə demək olar ki, yeni kompleksin fəaliyyətə başlaması, həm iş imkanlarının genişlənməsinə, həm aqrar sahənin inkişafına, həm də ölkəmizin ixrac potensialının güclənməsinə müsbət təsir göstərəcək.

Nail ƏSGƏROV
 

Nəşr edilib : 24.03.2026 16:21