Romada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində k...
22:32 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
Görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın tibb elminin inkişafındakı xidmətləri bu gün əsl nümunədir. Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, görkəmli ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq kimi Zərifə xanımın həyat fəlsəfəsi, mənəvi dünyası və elmi fəaliyyəti zəngin və çoxcəhətlidir. Alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.
Akademik Zərifə xanım Əliyeva 160-dan çox elmi əsər, 10 monoqrafiya, 12 səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifidir. Onun daha bir xidməti yüksəkixtisaslı tibb kadrları yetişdirməsidir. Zərifə xanımın rəhbərliyi və qayğısı ilə həmin illərdə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. Azərbaycan oftalmologiya elmini dünyada tanıdan Zərifə xanım Əliyevanın açdığı yol ildən-ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.
Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, işini mükəmməl bilən, nursuz gözlərə işıq paylayan, insanlara həyat eşqini qaytaran Zərifə xanım Əliyeva. İlin gözəl fəslində, 1923-cü il aprelin 28-də dünyaya gələn, 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşan, qayğıkeş həkim Zərifə xanım Əliyeva ömür salnaməsinə gözəl əməllərdən başqa heç nə yazılmayan şəfqətli əllər sahibi olmaqla kamil, xeyirxah insan kimi də hamının hörmətini qazananlardan idi. Bu keyfiyyətləri şəxsiyyətində birləşdirən Zərifə xanım kamillik nümunəsi idi. Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli və parlaq ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir.
Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xəti olan novator bir alim idi. Azərbaycan tibb elminin yeni nəsil həkimləri alimin elmi irsindən və təcrübələrindən yararlanaraq daha böyük nailiyyətlərə doğru inamla addımlayırlar. O özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirirdi. Təsadüfi deyil ki, Moskva oftalmoloji məktəbi Zərifə xanımı “oftalmologiyanın mirvarisi” adlandırırdı. Dünyaşöhrətli oftalmoloq, akademik A.Nesterov vaxtilə deyirdi ki: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada O, bir nömrəli idi”.
Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, fəaliyyətinə nəzər salarkən bu gözəl insanın nəcib və xeyirxah şəxsiyyət olması faktı bir daha təsdiqini tapır. Bəli, göz həkimi olan Zərifə xanım bütün ömrünü insanlara işıq bağışlamağa həsr etmişdir. Bu ömrün mənası zülmət və qaranlıqla mübarizə aparmaqdan ibarət olmuş, işığını itirmiş gözlərə nur vermək istəyi onun parlaq obrazını qeyri-adi bir nəcibliyə qovuşdurmuşdur. Akademik Zərifə xanım Əliyeva yazıb-yaratdığı dəyərli əsərləri, qoyub getdiyi elmi nailiyyətləri ilə birgə ideal bir həkim, alim və insan kimi xatirələrdə daim yaşayacaqdır. Həyatda şərəfli bir ömür yaşayan, Vətənə, torpağa məhəbbəti, sədaqəti, xalqa xidməti ilə yaddaşlarda qalan insanların əməlləri, xeyirxah işləri daim anılır. Bu həyatda yalnız yaxşılığın əbədi olduğu və bunu həyat amalına çevirən Zərifə xanım Əliyeva kimi. Prezident İlham Əliyev anası, dəyərli ziyalımız, akademik Zərifə xanım Əliyeva haqqında demişdir: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O həmişə mənim qəlbimdədir”.
Şəhla ƏHMƏDOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər