Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Bəzən bir rəssamın fırçasını hərəkətə gətirən istedad əvəzinə, dərin bir hiss, yaşanmış bir ağrı olur. İlham İsmayılovun yaradıcılıq hekayəsi məhz belə başlanır. Onun sənət yolunun əsası uşaqlıq illərinə təsadüf edir və bu yolun başlanğıcında böyük bir itki dayanır:
“Rəssamlığa marağım uşaqlıqdan yaranıb, beş yaşımda anamı itirdim. İlk yaratmaq istədiyim obraz onun portreti oldu. Hər şey o istəklə başladı. Mən o zaman heç anlamırdım ki, bu ilk rəsmlər, sadəcə, xatirə olacaq, yoxsa gələcəkdə mənim sənət yolumun əsasını qoyacaq. Amma zaman keçdikcə başa düşdüm ki, hər fırça zərbəsi, hər xətt anamın xatirəsini yaşatmaq üçün idi və bu, mənim üçün həm bir dərs, həm də terapiya rolunu oynadı. Uşaqlıq ağrısının mənə verdiyi ən böyük hədiyyə isə yaradıcılığı kəşf etmək oldu. O vaxtdan bəri rəssamlıq mənim üçün daxili dünyamın əks olunmasıdır”.
Rəssamın əsərlərində həyatın ən dərin ziddiyyətləri, yəni xeyir və şər, sevgi və nifrət, ədalət və ədalətsizlik təqdim olunur: “Mənim üçün sənət yalnız gözəllik yaratmaq deyil. Mən rəsm vasitəsilə insan ruhunun ən gizli qatlarını açmaq, həyatın ikili təbiətini göstərmək istəyirəm. Mənim tablolarımda işıq və qaranlıq, ümid və ümidsizlik paralel şəkildə mövcuddur və hər detal izləyicini həm estetik, həm də düşüncə baxımından sınağa çəkir. Mən çalışıram ki, hər bir əsərim insanın duyğu və düşüncəsini oyatsın, onu düşündürsün və bəzən də içində gizlənmiş suallara cavab tapsın. Hər rəsm mənim üçün bir dialoqdur, mən və izləyici arasında, həmçinin mənim iç dünyam ilə qələmlə yaratdığım obrazlar arasında”.
İlham İsmayılovun sözlərinə görə, o, yaradıcılığında sürrealist üsluba daha çox üstünlük verir: “Əsərlərim sürrealist üslubdadır. Bu üslub mənim şüuraltı düşüncələrimi, daxili təlatümlərimi və dünyaya baxışımı ən geniş şəkildə ifadə etməyimə imkan verir. Sürrealizm mənim üçün yalnız texnika ilə yanaşı, bir dil, hisslərimi və düşüncələrimi sərbəst ifadə etməyimin vasitəsidir. Bu üslub mənə imkan verir ki, məntiqi qaydalara sığmayan, xəyalın sərhəd tanımadığı dünyaları da tablolarıma gətirim. Mən çalışıram ki, izləyici mənim əsərlərimdə həm tanış, həm də qəribə bir dünyanı görsün, onun içində öz duyğularını, qorxularını və ümidlərini tapsın”.
Rəssamın sənət yoluna ən böyük təsiri göstərən məşhur isə ispan sürrealist rəssam Salvador Dali olub: “Dalinin sərhədsiz fantaziyası və simvolik dili məni çox ilhamlandırıb. Onun yaradıcılığı mənə göstərdi ki, fantaziya sərhəd tanımır və mən də əsərlərimdə sərhədsiz olmağa çalışıram. Onun tablolarındakı qeyri-real, lakin, eyni zamanda mənalı təsvirlər məni düşündürürdü və mən öz işlərimdə də bunu əks etdirməyə çalışdım. Hər detalın, hər simvolun bir mənası var, amma bu mənalar izləyici üçün sərbəstdir. Hər kəs öz hekayəsini çıxara bilər. Dalinin sənəti mənə həm texniki, həm də ideya baxımından ilham verir”.
Bununla yanaşı, kübizm, barokko və modernizm də onun maraq dairəsindədir: “Bu müxtəlif sənət istiqamətlərinin sintezi mənim əsərlərimə həm klassik dərinlik, həm də müasir dinamika qatır. Kübizmin formaları, barokkonun dramatik işıq-qaranlıq kontrastları və modernizmin sərbəst ifadə imkanları mənə çox şey öyrədib. Mən çalışıram ki, bu müxtəlif təsirləri öz üslubuma uyğun birləşdirim və izləyici üçün həm vizual, həm də emosional cəlbedici əsərlər yaradım”.
İlham İsmayılov, həmçinin qara tonlarla ustalıqla işləməyi bacarması ilə də fərqlənir: “Rəng mənim üçün ifadənin ən canlı vasitəsidir. Hər rəngin öz emosional yükü var və mən bunu əsərlərimdə diqqətlə istifadə etməyə çalışıram. Amma, eyni zamanda qara tonlarla işləmək mənə digər bir ayrıcalıq verir. Qara tonlarla işləmək həyatın ikilik üzərində qurulmasına işarədir. Mən burada ağlı-qaralı, xeyirli-şərli prosesləri izləyiciyə çatdırmaq istəyirəm. Bu tonlarda yaradılmış əsərlər baxışda sadə görünə bilər, amma diqqətlə incələndikdə həyatın, insan ruhunun və daxili ziddiyyətlərin dərin qatlarını üzə çıxarır. Rəng və qara tonlar birləşəndə isə əsər həm vizual, həm də emosional olaraq daha zəngin olur. Mən çalışıram ki, izləyici həm rəngin enerjisini, həm də qara xətlərin dərinliyini eyni anda hiss etsin”.
Qara qələm ilə işləmək isə rəssam üçün xüsusi səbir və diqqət tələb edir. Səhv etmək imkanı, demək olar ki, yoxdur: “Bu texnika zərgər dəqiqliyi tələb edir. Hər xətt diqqətlə çəkilməli, qələmin ucu tez-tez təmizlənməlidir. Bu mənə həm çətinlik, həm də məsuliyyət gətirir. Səhv etmək imkanı yoxdur deyə, hər detalı daha diqqətlə düşünürəm. Bu texnika mənim səbrimi sınayır və eyni zamanda hər yeni əsərə ciddi yanaşmağı öyrədir. Mən hər yeni əsərə başlamazdan əvvəl süjeti beynimdə qururam, amma işlədikcə hisslərim də mənə yol göstərir. Bəzən ən gözəl nəticə planlaşdırılmamış anlarda, intuisiya ilə ortaya çıxır”.
Rəssamın ilham mənbəyi, əsasən, təbiət və daxili dünyasıdır. Ağacların kölgəsi, küləyin hərəkəti, insan baxışları onun üçün vizual obrazlara çevrilir: “Eyni zamanda daxili duyğular, xatirələr, uşaqlıqdan gələn həsrət və yaşanmış həyat təcrübələri də əsərlərimə rəng qatır. Mənim üçün yaxşı rəsm, sadəcə, gözəl görünən şəkil yox, həyata, yaşama və gələcəyə töhfə verən əsərdir. Hər bir xətt, hər bir rəng mənim üçün bir hekayədir və izləyici bu hekayəni öz təcrübəsi ilə tamamlayır”.
İlham İsmayılovun yaradıcılığı yalnız yerli mühitlə məhdudlaşmayıb. O, Moskva və Türkiyədə yaşadığı dövrlərdə müxtəlif sərgilərdə iştirak edib və mükafatlar qazanıb: “Xarici ölkələrdə iştirak etdiyim sərgilər mənim sənət baxışımı genişləndirdi. Fərqli mədəniyyətlər, fərqli sənət mühiti mənə yeni baxış bucaqları açdı və əsərlərimə yeni çalarlar qatdı. Bu təcrübələr mənim üçün həm texniki, həm də ideya baxımından çox dəyərlidir. Mən çalışıram ki, hər yeni işimdə həm daxili dünyamı, həm də xarici mühitdən öyrəndiklərimi əks etdirim”.
Bu gün İlham İsmayılov həm qara xətlərin dili ilə, həm də rəngli palitralarla insan ruhunun ən dərin qatlarını danışdıran sənətkardır. Onun əsərlərində həm ağrı, həm ümid, həm qaranlıq, həm də işığa doğru bir çağırış var. Bir uşağın anasına olan həsrəti ilə başlayan bu yol, beynəlxalq uğurlarla və mükafatlarla zənginləşmiş peşəkar sənət yoluna çevrilib. Qara xətlərlə çəkilmiş hər detal həyatın ikili üzünü, insanın daxili dünyasını və ziddiyyətlərini izləyiciyə çatdırır və onun sənətini həm duyğusal, həm də fəlsəfi baxımdan unudulmaz edir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər