NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

FHN Naxçıvan Muxtar Respublika Kitabxanasında mülki müdafiə məşqi keçirib

...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə və əməliyyat planlaşdırma işinin təşkili idarəsinin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə məşqi keçirilib.

"Şərq qapısı" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin, Təcili Tibbi Yardım Xidmətinin və kitabxananın müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi məşqin keçirilməsində məqsəd fövqəladə hallar zamanı davranış qaydalarının aşılanması, şəxsi heyətin yanğın-xilasetmə əməliyyatları üzrə bilik və bacarıqlarının artırılması olub.

Əvvəlcə məşqin nəzəri hissəsində FHN-nin əməkdaşları tərəfindən kitabxananın kollektivinə fövqəladə hallar, həmçinin yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib.

Sonra məşqin praktiki hissəsinə start verilib. Belə ki, şərti zəlzələ və yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-nin yanğın-xilasetmə bölmələri operativ qaydada hadisə yerinə çataraq kitabxananın mülki müdafiə qüvvələri ilə əlaqəli şəkildə obyektin təxliyə planına uyğun insanların təhlükəsiz yerə təxliyəsini həyata keçiriblər. 

Paralel olaraq xilasedicilər tərəfindən “zərərçəkənlər” dağıntı altından çıxarılıb, yuxarı mərtəbələrdəki zərərçəkənlər müxtəlif üsullarla təxliyə edilib, “yanğınla mübarizə” tədbirləri yerinə yetirilib, habelə şərti xəsarət alan şəxslərə “ilkin yardım" göstərilib.

Məşq uğurla başa çatıb və qarşıya qoyulan məqsədlərə nail olunub.

Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq təşkil olunur.

Nəşr edilib : 20.04.2026 17:59