NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

AzMİ nümayəndəsi COOMET-in prezident şurasının növbəti iclasına qatılıb

...

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktorunun müavini, Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) vitse-prezidenti Azər Qurbanov COOMET-in prezident şurasının 43-cü iclasında iştirak edib. Dövlət Agentliyindən “Şərq qapısı”na bildirilib ki, Türkiyə Elmi və Texnoloji Tədqiqat Təşkilatının Milli Metrologiya İnstitutunda (TÜBİTAK UME) təşkil olunan tədbirə COOMET-in prezidenti Lazizbek Saidoripov, vitse-prezidentlər Siuy Szinfen (Çin), Mustafa Çetintaş (Türkiyə), Yevgeni Lazarenko (Rusiya), eləcə də COOMET Katibliyinin rəhbəri Marat Yunusov (Özbəkistan) və TÜBİTAK UME-nin keyfiyyət üzrə meneceri Enver Sadıkoğlu qatılıblar. İclas çərçivəsində 2026-2030-cu illər üçün COOMET Strategiyası və təşkilatın gələcək inkişaf istiqamətlərini müəyyən edən transformasiya layihələri, etalonların tutuşdurulması, birgə elmi-tədqiqat işlərinin təşkili, o cümlədən cari ildə metrologiyada rəqəmsallaşma üzrə seminarların keçirilməsi və digər zəruri məsələlər müzakirə olunub.
Bundan əlavə, A. Qurbanov COOMET “Keyfiyyət Forumu”nun fəaliyyəti haqqında təqdimatla çıxış edib, “Keyfiyyət Forumu”nun fəaliyyətini tənzimləyən sənədlərə dəyişikliklər edilməsi, COOMET çərçivəsində tutuşdurmaların qeydiyyatı və icrası proseslərinin sürətləndirilməsi yolları barədə təkliflər səsləndirib. Sonda tədbir iştirakçıları TÜBİTAK UME-nin laboratoriyalarına baxış keçiriblər.

Nəşr edilib : 20.04.2026 18:43