Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Beş məhəllədən başlayan şəhərin tarixi
“Ordubad Azərbaycanın incisidir!” Ümummilli Lider Heydər Əliyevin sözləridir. 1980-ci ildə Ordubada səfəri zamanı böyük qürur və məhəbbətlə səsləndirmişdi bu fikri. Bəli, Ordubad təkcə qədim bir şəhər deyil, o, əsrlərin yaddaşını yaşadan, milli-mənəvi dəyərlərini bu günə qədər qoruyub saxlayan, hər məhəlləsində tarix qoxan bir mədəniyyət ocağıdır. Daş küçələri, səssiz həyətləri, bir-birinə söykənən evləri və adları tarixə çevrilmiş məhəllələri ilə Ordubad, doğrudan da, Azərbaycanın incisi olmağa layiqdir. Bu dəyərli söz bu gün də öz təsdiqini tapıb və qədim Ordubad şəhəri ICESCO tərəfindən İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib. Bu qərarın 2026-cı il fevralın 11-də, Daşkənddə keçirilən ICESCO-nun 13-cü sessiyasında qəbul olunması Ordubadın artıq təkcə Azərbaycanın deyil, bütün İslam dünyasının ortaq mədəni sərvəti kimi tanındığını göstərir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdim etdiyi nominasiya əsasında “Ordubad” Tarix-Memarlıq Qoruğunun bu siyahıya salınması bir daha sübut edir ki, burada qorunan hər daş, hər məhəllə, hər həyət qədim şəhər mədəniyyətinin canlı nümunəsidir.
Yolumuzu tez-tez tarixin nəfəsi duyulan qədim Ordubad rayonuna salırıq. Bu dəfə məqsədimiz, sadəcə, bu gözəlliyi seyr etmək deyil, eyni zamanda bu diyarın hər məhəlləsinin tarixini dinləmək, sakinlərin xatirələrində yaşayan Ordubadı oxucularımıza çatdırmaq idi.
Ordubad şəhərində bizi şəhərin mərkəzində, əsrlərə şahidlik edən çinar ağacının altında əyləşən sakinlər qarşıladı. Yaxınlaşıb salam verdik, gəlişimizin məqsədini – Ordubadın məhəllələri haqqında yazı hazırladığımızı söylədik. Sözümüzü eşidən kimi üzlərdə təbəssüm yarandı. Çünki ordubadlı üçün öz rayonu barədə danışmaq, sadəcə, söhbət deyil, həm də qürur məsələsidir. Elə ilk cümlələrdən hiss olunurdu ki, burada hər kəs yaşadığı məhəllənin tarixini ürəklə danışmağa hazırdır.
Həmsöhbət olduğumuz 74 yaşlı rayon sakini, sənətkar Cabir Cabbarov Ordubadın tarixindən söhbət açdı. Onun sözlərinə görə, Ordubadın qədimliyini sübut edən ən mühüm dəlillərdən biri şəhərin əsrlərboyu qorunub saxlanılan məhəllə quruluşudur. Cabir müəllim bildirir ki, qədim dövrlərdə Ordubad beş əsas məhəlləyə bölünüb: Kürdətal, Sərşəhər, Mingis (Minkəs), Ambaras və Üçtürləngə.
Qeyd edək ki, XIII əsrdə Ordubad artıq qəsəbə kimi tanınırdı və bu məhəllələr şəhərin memarlıq strukturunun əsasını təşkil edirdi. Onun sözlərinə görə, məhəllələrin quruluşu təsadüfi deyil. Şərq şəhərsalma ənənələrinə uyğun olaraq küçələr düz xətt üzrə deyil, qövsvari formada salınıb. Maraqlıdır ki, şəhərin hansı nöqtəsində olmağından asılı olmayaraq, yollar insanı mütləq mərkəzə, yəni Cümə məscidinin yerləşdiyi meydana aparır. Hər məhəllənin özünəməxsus döngələri, kiçik meydançaları olub və bu meydanlar məscid, çeşmə və qocaman çinarların ətrafında formalaşıb.
Cabir Cabbarov söhbət zamanı şəhərin adının mənşəyinə də toxunur. Onun sözlərinə görə, “Ordubad” adının kökü “orda-batan” ifadəsi ilə əlaqələndirilir. Rəvayətlərə əsasən qədim dövrlərdə yaşayış məntəqəsinin bir hissəsi su altında qalıb və bu hadisə yerli yaddaşda iz buraxıb.
Cabir müəllim bildirir ki, VII-VIII əsrlərdən etibarən şəhərin adı mənbələrdə artıq “Ordubad” kimi qeyd olunmağa başlayıb. Bu fakt həm adın qədimliyini, həm də bölgənin əsrlərboyu yaşayış məskəni olduğunu göstərir. Onun fikrincə, şəhərin adı ilə bağlı söylənilənlər təkcə dildə deyil, həm də Ordubadın keçdiyi mürəkkəb tarixi mərhələlərin özüdür. Tarixi mənbələrə əsasən Ordubad eyniadlı çayın dərin dərəsi boyunca iki hissəyə ayrılıb. Şəhərin ilkin mərkəzi çayın sağ sahilində, yüksək təpə üzərində yerləşən “Qala” kompleksi olub. Bu hissə daha qədim hesab edilir. Lakin XVII əsrdən etibarən şəhərin ictimai və inzibati mərkəzi çayın sol sahilinə yəni Cümə məscidinin ətrafına köçürülüb.
Cümə məscidi ətrafında formalaşan ictimai məkanda vaxtilə mədrəsə və ticarət mərkəzi Qeysəriyyə fəaliyyət göstərib. Bu ərazi əsrlərboyu Ordubadın ictimai həyatının ürəyi sayılıb. Şəhərin memarlıq xüsusiyyətləri isə onu Azərbaycanın digər bölgələrindən fərqləndirir. Ordubadın yaşayış evləri orta əsrlərə xas qapalı malikanə formasındadır. Evlər xarici aləmdən təcrid olunmuş şəkildə tikilib, həyətlərin içərisində isə meyvə bağları salınıb. Çiy kərpicdən inşa edilən bu tikililərin dərin oxvari eyvanları, incə işləmələri diqqəti cəlb edir. Xüsusilə maraqlı məqamlardan biri evlərin giriş qapılarında quraşdırılan metal döymə qapı zəngləridir. Qadınlar üçün nəzərdə tutulan “zəncirbab”, kişilər üçün isə “taqqılbab” adlanan bu elementlər insanda maraqlı düşüncə doğurur. Belə ki, həmin qapı zəngləri müxtəlif – qalın və incə səslər çıxararaq ev sahibinə kimin – qadın, yoxsa kişi qonağın gəldiyini bildirir. Qeyd edək ki, Ordubad evlərinin əksəriyyətində həyətin dərinliyində yerləşən yeraltı çeşmələrə enmək üçün xüsusi pilləkənlər düzəldilib ki, xalq arasında bunlara “Qırxayaq” deyilir. Bütün bu memarlıq elementləri şəhərin planlı, lakin təbii relyeflə uzlaşan quruluşunu tamamlayır. Cabir müəllim söhbətin sonunda bir fikri xüsusilə vurğulayır: “Ordubadın hər daşı danışır. Sadəcə, onu dinləməyi bacarmaq lazımdır”.
Bu faktlar da bir daha göstərir ki, Ordubad təkcə keçmişin yaddaşı deyil, gələcəyə bir mirasdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən tarixi-mədəni irsin qorunmasına göstərilən diqqət bu kimi şəhərlərin simasının qorunmasına və dünyaya tanıdılmasına mühüm töhfə verir. Ordubadın hər küçəsi, hər məhəlləsi bir tarix səhifəsidir və bu səhifələrin qorunması hər birimizin vəzifəsidir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər