NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Eşitmə və danışma məhdudiyyətli şəxslər üçün innovativ texnoloji həll

...

Müasir dövrdə texnologiya yalnız həyatımızı asanlaşdırmaqla kifayətlənmir, eyni zamanda cəmiyyətin həssas qrupları üçün də yeni imkanlar yaradır. Xüsusilə eşitmə və danışma məhdudiyyəti olan insanların gündəlik həyatda qarşılaşdıqları ünsiyyət problemləri bu sahədə innovativ həllərin zəruriliyini ortaya qoyur. İnkişaf edən süni intellekt və mühəndislik yanaşmaları sayəsində artıq bu baryerləri aradan qaldırmaq mümkündür. Məhz belə bir yeniliyə imza atan gənc tələbənin layihəsi həm texnoloji, həm də sosial baxımdan diqqət çəkir.

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Kompüter mühəndisliyi ixtisası üzrə IV kurs tələbəsi Dilsuz Zeynallının müəllifi olduğu “ON8 - Neural Gesture Recognition System” adlı kompüter proqramı “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib. Layihəyə görə universitetə və müəllifə rəsmi şəhadətnamə təqdim olunub. Bu uğur, eyni zamanda Azərbaycan gəncliyinin, yerli mütəxəssislərin yüksək texnologiya dünyasında nə qədər böyük potensiala sahib olduğunun parlaq göstəricisidir əslində.

Biz də layihə ilə daha yaxından tanış olmaq, onun necə bir zəhmətin bəhrəsi olduğunu öyrənmək üçün layihə müəllifi Dilsuz Zeynallı ilə həmsöhbət olduq.

Onun sözlərinə görə layihənin əsas məqsədi eşitmə və danışma məhdudiyyəti olan insanların cəmiyyətlə daha rahat ünsiyyət qurmasına imkan yaratmaqdır: “Gündəlik həyatda bu insanlar çox vaxt öz fikirlərini qarşı tərəfə çatdırmaqda çətinlik çəkirlər. Xüsusilə işarə dilini bilməyən şəxslərlə ünsiyyət zamanı bu problem daha qabarıq şəkildə hiss olunur. “ON8 - Neural Gesture Recognition System” məhz bu çətinliyi aradan qaldırmağa yönəlmiş texnoloji həlldir. Layihə çərçivəsində istifadəçilər bədən dili və əl hərəkətləri vasitəsilə ünsiyyət qurur, sistem isə bu hərəkətləri xüsusi texnologiya vasitəsilə səsli ifadəyə çevirir. Kameralar və sensorlar vasitəsilə istifadəçinin əl və bədən hərəkətləri izlənilir, əldə olunan məlumatlar proqram tərəfindən analiz edilir və nəticədə, avtomatik şəkildə səsli formaya salınır. Bu isə işarə dilini bilməyən insanların belə qarşı tərəfi asanlıqla başa düşməsinə şərait yaradır. Beləliklə, ünsiyyət daha əlçatan və effektiv hala gəlir”.

Layihənin texniki tərəfi də olduqca maraqlıdır: “Sistem yalnız mövcud texnologiyalarla kifayətlənmir, gələcək inkişaf üçün də geniş perspektivlər vəd edir. Növbəti mərhələdə layihədə flex sensorların istifadəsi nəzərdə tutulur. Bu sensorlar əl və barmaq hərəkətlərini daha dəqiq qeydə alaraq sistemə ötürəcək. Nəticədə, istifadəçi, sadəcə, əlini hərəkət etdirməklə fikrini daha dəqiq və sürətli şəkildə ifadə edə biləcək. Bu isə sistemin həssaslığını və funksionallığını daha da artıracaq”.

Dilsuz Zeynallı  vurğulayır ki,  gələcəkdə sistemə inteqrasiya olunmuş mikrofon vasitəsilə qarşı tərəfin danışığının da qəbul edilməsi planlaşdırılır: “Bu yenilik sayəsində ünsiyyət yalnız bir istiqamətli yox, ikitərəfli olacaq. Qarşı tərəfin danışığı da sistem tərəfindən emal edilərək istifadəçi üçün daha əlçatan formada təqdim olunacaq. Bu isə layihəni daha da funksional və universal hala gətirəcək. “ON8 - Neural Gesture Recognition System” eyni zamanda sosial məsuliyyət nümunəsidir. Layihə insanların bir-birini daha yaxşı anlamasına, cəmiyyətdə inklüzivliyin artmasına xidmət edir. Əgər texnologiyadan düzgün istiqamətdə istifadə etsək,  texniki ilə yanaşı, həm də humanitar problemlərin həllinə də töhfə verə bilərik”, –  deyə layihə müəllifi qeyd edir.

Bu təşəbbüs bir daha təsdiq edir ki, Azərbaycan gəncliyi müasir texnologiya və innovasiya sahəsində yüksək intellektual potensiala malikdir. Bu cür layihələrin dəstəklənməsi həm gələcəkdə daha geniş tətbiq imkanlarının yaranmasına, həm də cəmiyyətin bütün təbəqələri üçün bərabər imkanların təmin olunmasına zəmin yaradır.

Ünsiyyət hər bir fərdin təməl hüququdur və bu hüququn hər kəs üçün əlçatanlığı müasir, inklüziv cəmiyyətin ən mühüm meyarlarından biri hesab olunur. Texnoloji tərəqqinin humanitar hədəflərlə birləşməsi, vətəndaş məmnuniyyətinə xidmət edən mühitlərin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 01.04.2026 15:17