Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətinin yaydığı məlumat – bir vətəndaşın xarici xüsusi xidmət orqanlarının təsiri altına düşərək öz dövlətinə qarşı xəyanət yolunu seçməsi Vətəni sevən hər kəsdə dərin məyusluq hissi doğurdu. Hər kəs etiraf edər ki, bu informasiya duyğularımıza toxundu.
Necə ola bilər ki, insan Vətəninə xəyanət etsin? Axı Vətən anlayışı, sadəcə, yaşadığımız, suyunu içdiyimiz, havasını udduğumuz bir məkan deyil. Vətən etibardır, sədaqətdir, məsuliyyətdir. O, tariximiz, şəhidlərimizin qanı, gələcək nəsillərə qarşı mənəvi borcumuzdur. Vətənə sədaqət insanın vicdanı ilə ölçülür və bu dəyər heç bir maraq qarşılığında dəyişdirilə bilməz. Heç bir maraq…
Biz Azərbaycan xalqı olaraq torpağımıza, dövlətimizə və müstəqilliyimizə sədaqətliyik. Amma təəssüf ki, “sapı özümüzdən olan baltalar” yenə də olur. Təbii ki, bu hallar heç vaxt dövlətin mahiyyətini, gücünü və dayanıqlılığını ifadə etmir. Əksinə, biz sevindik və qürur duyduq ki, fakt vaxtında aşkarlandı.
DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİNİN HƏYATA KEÇİRDİYİ ƏMƏLİYYAT-İSTİNTAQ TƏDBİRLƏRİ BİR DAHA QƏTİ ŞƏKİLDƏ NÜMAYİŞ ETDİRİR Kİ, AZƏRBAYCAN DÖVLƏTİ MİLLİ MARAQLARINA QARŞI YÖNƏLƏN İSTƏNİLƏN TƏHDİDİ DAİM NƏZARƏTDƏ SAXLAYIR VƏ ONA QARŞI PRİNSİPİAL, QƏTİYYƏTLİ ADDIMLAR ATIR.
Danılmaz faktdır ki, xəyanət fərdi xarakter daşıyır. Dövlət isə fərdlərlə deyil, xalqın iradəsi, qanunların aliliyi və güclü institutlarla mövcuddur. Tarix sübut edib ki, ayrı-ayrı xəyanət hallarının heç biri güclü dövlətləri zəiflədə bilməyib. Əksinə, bu cür hallar dövlətin özünümüdafiə mexanizmlərini daha da möhkəmləndirib. Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Naxçıvan Muxtar Respublikasının sakini Siyafət Fərzəliyev xarici ölkə ərazisində olarkən həmin dövlətin xüsusi xidmət orqanının nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilmiş, ölkəyə qayıtdıqdan sonra onların tapşırığı əsasında Naxçıvan şəhəri və Şahbuz rayonu ərazilərində yerləşən hərbi və digər strateji əhəmiyyətli obyektlərin videoçəkilişlərini apararaq xarici xüsusi xidmət orqanının nümayəndələrinə təqdim etmişdir. Görünür, qarşı tərəf Naxçıvanın blokada şəraitində olmasından sui-istifadə edərək burada yaşayan vətəndaşları öz niyyətlərinə davamlı cəlb edə biləcəyini zənn edib. Lakin unudulan əsas məqam odur ki, Naxçıvanda dövlətçiliyin təməlləri son dərəcə möhkəmdir və ən başlıcası, Dövlət Təhlükəsizliyi Xidməti daim ayıq-sayıqdır. Milli təhlükəsizliyə yönələn hər bir təhdidin vaxtında aşkarlanaraq qarşısının alınması üçün gecə-gündüz fasiləsiz xidmət aparılır.
Azərbaycan dövləti bu gün regionda sabitliyin, təhlükəsizliyin və suverenliyin əsas dayaqlarından biridir. Milli təhlükəsizlik siyasəti yalnız reaksiya üzərində qurulmayıb, preventiv tədbirlərlə, peşəkar kadr potensialı və yüksək məsuliyyət hissi ilə həyata keçirilir. Məhz buna görə də milli maraqlara yönələn hər bir təhlükə vaxtında neytrallaşdırılır.
Bu cür xəbərlər cəmiyyətdə haqlı olaraq məyusluq yaratsa da, eyni zamanda güvən hissini də möhkəmləndirir. Çünki vətəndaş bir daha əmin olur ki, dövlət ayıqdır, dövlət öz təhlükəsizliyini qorumağa qadirdir və bu sahə etibarlı əllərdədir.
Dövlətə sədaqət yalnız hüquqi məsuliyyət deyil, mənəvi borcdur. Bu borcu dərk edən xalq və bu borcu qoruyan dövlət olduğu müddətdə Azərbaycan daim yaşıl olacaq. Ayrı-ayrı xəyanət faktları isə tarixdə qaranlıq səhifə kimi qalacaq, lakin dövlətin iradəsi və gücü yoluna davam edəcək. Çünki bu dövlətin kökləri dərin, iradəsi sarsılmaz, təhlükəsizliyi isə etibarlı əsaslar üzərində qurulub.
Bu gün bir daha aydın olur ki, fərdi zəifliklər keçicidir, dövlətçilik isə əbədidir. Biz məyus olduq ki, vətəndaşımız bu cür yola əl atdı, amma qürur duyuruq ki, Vətənimiz bizi bizdən xəbərsiz qoruyan, ayıq-sayıq, etibarlı və güclü əllərdədir. Azərbaycan dövləti dünən olduğu kimi, bu gün də, sabah da milli maraqlarını qətiyyətlə qoruyacaq. Arxayınıq ki, bu cür xəyanətlərin qarşısı vaxtında alınır və heç bir təxribat dövlətimizin dayanıqlılığını sarsıda bilməz. Kimsə unutmasın: milli təhlükəsizlik sarsılmazdır və ayıq-sayıq olanlar daim hazırdır, dövlətimiz isə hər zaman xalqının etibarlı dayağıdır.
Sara ƏZİMOVA
jurnalist
Digər xəbərlər