NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Bol məhsulun sirri: zəhmət, texnologiya və su təminatı

...

Prezidentin Sərəncamı Şərurda təsərrüfatlara yeni nəfəs verir

Muxtar respublikanın ən böyük aqrar rayonu sayılan Şərurda hər il kənd təsərrüfatı sahəsində uğurlu nəticələr əldə olunur. Yazın təravətli nəfəsi ilə canlanan ərazilərdə kənd adamının zəhməti, topladığı təcrübə və dövlət dəstəyi bir araya gələrək bol məhsulun əsasını qoyur. Bu gün rayonun geniş əkin sahələrində müasir aqrar texnologiyaların tətbiqi, torpaqlardan səmərəli istifadə və fermerlərin peşəkarlığının artması kənd təsərrüfatının dinamik inkişafını aydın şəkildə nümayiş etdirir.

Şərurda ənənəvi və eyni zamanda inkişaf edən əsas sahələrdən biri də kartofçuluqdur. Statistik göstəricilər bunu açıq şəkildə təsdiqləyir. Belə ki, 2025-ci ildə 589,33 hektar kartof əkin sahəsindən 17 min 825,8 ton məhsul əldə olunub. Bu isə hər hektar üzrə 302,5 sentner orta məhsuldarlıq deməkdir. 2026-cı il üçün rayon üzrə pay torpaqlarında 2152 hektar yazlıq əkin proqnozlaşdırılıb. Bunun 430 hektarında kartof əkini nəzərdə tutulur. Eyni zamanda həyətyanı sahələrdə də 200 hektaradək kartof əkilməsi gözlənilir. Beləliklə, cari ildə rayon üzrə kartof əkin sahəsinin, ümumilikdə, 630 hektarı ötəcəyi proqnozlaşdırılır.

Kənd təsərrüfatı sahələrinin, xüsusilə də əkinçiliyin inkişafında əsas məsələlərdən biri də, sözsüz ki, etibarlı su təminatının yaradılmasıdır. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bu il martın 19-da Şərur rayonunda torpaq mülkiyyətçiləri ilə görüşündə də bu məsələni ön plana çəkdi, Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamının əhəmiyyətini vurğuladı. Qeyd etmək yerinə düşər ki, bu sənəd yalnız strateji istiqamətləri müəyyənləşdirmir, eyni zamanda torpaq mülkiyyətçilərinə real dəstək mexanizmlərini də özündə əks etdirir. Tədbirlər Planında muxtar respublikanın bütün bölgələri kimi, Şərur rayonunun da su infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin icrası nəzərdə tutulur. Belə ki, rayon ərazisində Arpaçaydan qidalanan hidrotexniki qurğuların, Araz çayından qidalanan nasos stansiyalarının və təzyiqli boru xətlərinin yenidən qurulması suvarma imkanlarını genişləndirəcək. Şərurun Püsyan, Tumaslı və Xanlıqlar kəndlərinin ərazisində kollektor-drenaj şəbəkələri tikintisi isə torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.

Dövlətimizin həyata keçirdiyi mütərəqqi tədbirlər rayonun torpaq mülkiyyətçilərinin təsərrüfat fəaliyyətini daha da stimullaşdırır, onların əkin sahələrini genişləndirərək bol məhsul əldə etmələrinə əlverişli şərait yaradır. Cari təsərrüfat ilində də rayon zəhmətkeşləri qarşılarına böyük hədəflər qoyublar. Cəlilkənd kənd sakini, qabaqcıl təsərrüfatçı Yaqub Tağıyev artıq 20 ilə yaxındır, əkinçiliklə məşğuldur və əsas fəaliyyət sahəsi kartofçuluq və qismən soğançılıqdır. Onun sözlərinə görə, ötən il 55 hektara qədər sahədə kartof əkini aparıb. Hər hektar üzrə orta hesabla 50-60 ton məhsul əldə olunub. Cari ildə isə əkin sahəsini daha da genişləndirərək 75 hektara çatdırıb.

Fermer qeyd edir ki, təsərrüfatında məhsulun saxlanması üçün 3 min ton tutumu olan soyuducu anbarı, o cümlədən  300 tonluq saxlanc, 2 ədəd “New Holland” markalı traktor və 12 aqreqatı vardır. Anbarın olması məhsulu uzun müddət keyfiyyətini itirmədən saxlamağa və bazara mərhələli şəkildə çıxarmağa imkan verir. Məhsulun satışı həm daxili bazarda, həm də ölkənin müxtəlif bölgələrində həyata keçirilir. Əsasən, Bakı şəhərinə, eləcə də Bərdə və Cəlilabad rayonlarına kartof göndərilir. Paytaxtın müxtəlif bazarlarında və meyvə-tərəvəz satış məntəqələrində bu təsərrüfatın məhsullarına rast gəlmək mümkündür.

Fermer vurğulayır ki, kartofçuluqda uğurun əsas şərtlərindən biri düzgün, keyfiyyətli toxum seçimidir. Bundan əlavə, torpağın münbitliyi və növbəli əkin sistemi də mühüm rol oynayır.

Digər bir təsərrüfat adamı İlham Tağıyev isə deyir ki, ötən il 15 hektar sahədə əkin apardığı halda, bu il əkin sahəsini 25 hektara çatdırıb. Əsasən, kartof əkininə üstünlük verir. Əvvəlki illərdə müəyyən ərazidə soğan əksə də, bu il bütün sahələri kartofa ayırıb. Məhsulun satışı, əsasən, rayon bazarlarında həyata keçirilir. Bununla yanaşı, Naxçıvan bazarlarının təminatında da bu təsərrüfatın rolu var.

Fermerin sözlərinə görə, kartofçuluqda əsas amil düzgün və vaxtında suvarmadır: “Əkin torpağa qoyulduqdan sonra, təxminən, 3 ay ərzində məhsul yetişir. Bu müddətdə sahələr 3-5 gündən bir çiləmə üsulu ilə suvarılır. Məhsuldarlıq göstəricilərinə gəldikdə isə ötən il hər hektardan, təxminən, 70 ton məhsul əldə olunub. Bu il məhsuldarlığın daha yüksək olması gözlənilir. Dövlət dəstəyi də bu sahədə mühüm rol oynayır. Prezidentimizin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi və icrası yaxın gələcəkdə fermerlər üçün əlavə imkanlar yaradacaq”.

Muğancıq-Müslüm kənd sakini Hüseyn Cəfərov isə bildirir ki, təsərrüfatında, əsasən, kartof əkini aparır və bu sahədə kifayət qədər təcrübə toplayıb. Fermerin sözlərinə görə, ötən il 15 hektar sahədə əkin aparıldığı halda, bu il əkin sahəsini genişləndirərək 20 hektara çatdırıb. Təsərrüfatında istifadə olunan texnikaları lizinq yolu ilə əldə edib. Suvarma sistemi, traktorlar, kartof əkən və çıxaran avadanlıqlar, dərman səpən texnikalar fermer təsərrüfatın uğur qazanmasında əsas faktorlardır.

O qeyd edir ki, Şərurda torpaqların münbitliyi məhsuldarlığa birbaşa təsir edir: “Torpaqlarımız çox əlverişlidir, məhsul yaxşı olur. Keçən il hər hektardan 55-60 ton məhsul götürmüşdük. Bu il isə daha yüksək nəticə gözləyirik. Əsas odur ki, su problemi olmasın. Bu da, əsasən, yağıntılardan asılıdır. Prezidentimizin su təminatının yaxşılaşdırılması ilə bağlı Sərəncamı da, bu baxımdan, təsərrüfatçılara böyük stimuldur və bizi daha çox əkib-becərməyə həvəsləndirir”.

Fermer əlavə edir ki, sahələrində növbəli əkin üsulundan da istifadə olunur. Kartof yığıldıqdan sonra torpaq boş qalmır, mərhələli şəkildə digər tərəvəzlər əkilir. Bu sıraya lobya, bibər, kələm, pomidor, eləcə də çuğundur və kök daxildir. Sözügedən yanaşma torpaqdan daha səmərəli istifadə etməyə imkan yaradır. Məhsulun satışı da qənaətbəxşdir. Məhsullar həm yerli bazarlara çıxarılır, həm də Bakı şəhərinə və ölkəmizin digər rayonlarına göndərilir. Fermer bildirir ki, ötən il satış baxımından uğurlu olub və bu il də oxşar nəticələr gözlənilir. Dövlət dəstəyi onların məhsuldar fəaliyyətində mühüm rol oynayır. Xüsusilə subsidiyaların verilməsi və gübrələrlə təminat təsərrüfatların inkişafına ciddi təkan verir. Eyni zamanda yaxın gələcəkdə “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nın icrası da bölgə təsərrüfatçılarına əhəmiyyətli dəstək olacaq.

Ümumilikdə, aparılan müşahidələr və fermerlərlə söhbətlərimiz göstərir ki, Şərur rayonunda həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əkin sahələrində məhsuldarlıq ildən-ilə artır, kənd təsərrüfatının ümumi göstəriciləri yüksəlir. Xüsusilə su təminatının düzgün təşkili əkinçiliyin bütün sahələri ilə yanaşı, kartofçuluqda da davamlı uğurun əsas amili kimi çıxış edir. Bu baxımdan, əminliklə demək olar ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nın icrası yaxın gələcəkdə suvarma infrastrukturunun daha da müasirləşdirilməsinə, fermerlərin imkanlarının genişlənməsinə və aqrar sahənin dayanıqlı inkişafına mühüm töhfə verəcək.

Nail ƏSGƏROV

Nəşr edilib : 02.04.2026 10:20