NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Bəxtiyar Aslanbəyli: Sosial layihələrin coğrafiyası Naxçıvan Muxtar Respublikasında da genişlənir

...

"Bu gün biz çox şadıq ki, Azərbaycanın qədim diyarı Naxçıvan Muxtar Respublikasında da sosial layihələri həyata keçirməyə başlayırıq. Bu gün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə bağlanan müqavilə bizim bir neçə istiqamətdə Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində sosial layihələr həyata keçirməyimizin əsasını qoyur. Və ümid edirik ki, bu layihələrin davamı olacaq, əsasını qoyduğumuz əməkdaşlıq üzümüzə gələn illərdə daha böyük və geniş miqyasda irəliyə aparılacaq".
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə BP arasında əməkdaşlıq sazişi imzalandıqdan sonra jurnalistlərə açıqlamasında BP-nin Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. O bildirib ki, BP Azərbaycan şirkəti olaraq Azərbaycanda 30 ildən artıqdır, fəaliyyət göstəririk. Və bu fəaliyyətimiz dövründə çalışırıq ölkənin neft-qaz layihələri ilə yanaşı, sosial həyatında da iştirak edək. Və məsuliyyətli bir vətəndaş olaraq ölkənin sosial həyatının müxtəlif istiqamətlərinə, o cümlədən təhsil sistemində də müəyyən sosial layihələr həyata keçirməyə çalışırıq.
Bəxtiyar Aslanbəyli qeyd edib ki, bu gün imzalanan müqavilə çərçivəsində ilkin olaraq Naxçıvan Muxtar Respublikasında ingilis dili müəllimlərinin keyfiyyətlərinin daha da artırılması istiqamətində layihə həyata keçiriləcək: "British Council  ingilis dili dərslərini xüsusi həyata keçirəcək və nəticə etibarilə, ingilis dili müəllimlərimizin beynəlxalq sertifikasiyası həyata keçiriləcək və onların ingilis dili tədrisinin keyfiyyətinin daha da artmasına öz töhfəsini verəcək. Eyni zamanda peşə təhsil müəssisələrində və liseylərdə 2 emalatxana və 2 laboratoriyanın qurulması bu layihə çərçivəsində həyata keçiriləcək. Peşə təhsil müəssisələrində həyata keçirilən laboratoriyalar və eyni zamanda liseylərdə yaradılan kimya laboratoriyaları həm şagirdlərimizin, həm də oxuyan gənclərimizin təhsil keyfiyyətinin artmasına xidmət edəcək. Və nəhayət, bir istiqamətdə Naxçıvan Muxtar Respublikasında təhsil alan istedadlı şagirdlərimizin potensialının dünya olimpiadalarına hazırlanması həyata keçiriləcək. Bunun üçün xüsusi müəllimlər muxtar respublikaya cəlb olunacaq. Nəticə etibarilə, ümid edirik ki, Azərbaycanda beynəlxalq olimpiadalarda təmsil edilən şagirdlər arasında muxtar respublikanın istedadlı şagirdləri də öz yerini alacaq.
Bu müəllimlər Azərbaycanın digər bölgələrində, paytaxtımızda şagirdlərimizi beynəlxalq olimpiadalara hazırlayan yerli müəllimlərimiz olacaq. Onların Naxçıvan Muxtar Respublikasında təhsil alan istedadlı şagirdlərimizlə xüsusi iş qrafiki müəyyən olunacaq və onlar şagirdlərimizin beynəlxalq olimpiadalarda təmsil olunanlar sırasında yer almasına dəstək verəcəklər".

Zəhra VƏLİYEVA

Nəşr edilib : 10.04.2026 17:53