NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Bakı görüşü: Azərbaycanın TDT-də sədrlik və strateji missiyası

...

Azərbaycanla türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlıq son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Bu prosesdə Türk Dövlətləri Təşkilatı (TDT) ortaq maraqların reallaşdırılması, siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsi baxımından əsas platforma kimi çıxış edir. Respublikamız 2009-cu ilin oktyabrın 3-də Naxçıvanda əsası qoyulan bu təşkilatın inkişafında ilk gündən fəal rol oynayır. Ötən dövrdə ölkəmiz təşkilatın institusional möhkəmlənməsi, fəaliyyət istiqamətlərinin genişlənməsi və beynəlxalq nüfuzunun artması üçün mühüm təşəbbüslərlə çıxış edib, konkret layihələrin reallaşdırılmasına töhfə verib. Prezident İlham Əliyevin “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirləri Azərbaycanın bu birliyə verdiyi həm mənəvi, həm də strateji əhəmiyyətin aydın ifadəsidir. Bu sözlər təkcə siyasi bəyanat deyil, eyni zamanda konkret addımlar və təşəbbüslərlə müşayiət olunan praktik fəaliyyət xəttidir. Bu baxımdan, aprelin 2-də Bakı şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü də xüsusi əhəmiyyət daşıyır. Sözügedən görüş təşkilat daxilində əməkdaşlığın daha da dərinləşdirilməsi, prioritet sahələr üzrə koordinasiyanın gücləndirilməsi və yeni birgə layihələrin müzakirəsi baxımından mühüm məqamları ilə yadda qaldı. Eyni zamanda bu toplantı 2026-cı ildə TDT-yə sədrlik edən Azərbaycanın irəli sürdüyü “Türk dünyası ailəsi” konsepsiyasının praktik müstəvidə daha da möhkəmlənəcəyini göstərdi.

Ticarət və strateji layihələrdə aparıcı rol

Xatırlatmaq yerinə düşər ki, ideyası türkdilli xalqlar arasında əsrlərboyu formalaşan siyasi, iqtisadi və mədəni həmrəyliyə söykənən TDT Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən qurulub. Özbəkistan (2019) əsas, Macarıstan (2018), Türkmənistan (2021) və Şimali Kipr Türk Respublikası (2022) isə müşahidəçi üzv qəbul olunublar. 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına TDT-nin müşahidəçi statusu verilib. Siyasi dialoqun gücləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-tranzit imkanlarının artırılması, enerji təhlükəsizliyinin təmin olunması, rəqəmsal transformasiya və humanitar sahələrdə inteqrasiyanın dərinləşdirilməsi təşkilatın prioritet istiqamətləri sırasındadır. Türk Dövlətləri Təşkilatının (TDT) 180 milyona yaxınlaşan ümumi əhalisi və illik orta hesabla 5 faizlik artım tempi ilə 2,1 trilyon dollara doğru irəliləyən ümumi daxili məhsulu ticarət əlaqələrini daha da gücləndirmək üçün potensialın böyüklüyünü göstərir. Həmçinin 2024-cü ildə TDT-yə üzv və müşahidəçi ölkələrin öz aralarındakı ixracının ümumi həcmi 35,3 milyard dollara çatıb. Bu rəqəm TDT ölkələrinin dünya üzrə ümumi ixracının 6,1 faizinə bərabərdir. Ölkələr bütün dünya ilə ticarətdə, təxminən, 1,2 trilyon dollarlıq dövriyyəyə nail olaraq qlobal miqyasda çəkilərini bir daha sübut ediblər. Qarşılıqlı ixracın ümumi ixracdakı payının yaxın dövrdə ən azı 10 faizə çatdırılacağı hədəflənir. Azərbaycanın da bu xüsusda rolu olduqca böyükdür. Coğrafi mövqeyi və geosiyasi əhəmiyyəti sayəsində ölkəmiz Şərqlə Qərb arasında mühüm körpü funksiyasını yerinə yetirir. Bu baxımdan, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında fəal iştirak edir. Xüsusilə Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu türk dövlətləri arasında ticarət dövriyyəsinin artmasına və regionun logistika imkanlarının genişlənməsinə mühüm töhfə verir. Bu xüsusda onu diqqətə çəkmək olar ki, ötən il Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ümumi ticarət dövriyyəsi 5 faizdən çox artıb. Üzv dövlətlərə yatırılan sərmayələrin ümumi həcminin 21 milyard ABŞ dollarına çatması, eləcə də tərəfdaş ölkələrlə yaradılmış birgə investisiya fondlarının fəaliyyət göstərməsi Azərbaycanın TDT çərçivəsində iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə verdiyi töhfənin bariz göstəriciləridir. Bu mexanizmlər prioritet sahələr üzrə qarşılıqlı sərmayə qoyuluşunun genişlənməsinə və iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Yaxın illərdə Zəngəzur dəhlizi layihəsinin reallaşması isə ölkəmizin TDT-nin gücləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin effektivliyini yeni mərhələyə yüksəldərək Türk dünyası birliyinin qlobal əhəmiyyətini daha da artıracaq. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünün iştirakçılarını qəbul edərkən Türk dünyasının dünəni, bu günü və sabahı ilə bağlı bütün aspektlərə toxundu və Zəngəzur dəhlizinin həm türkdilli ölkələr, həm də geniş coğrafiya üçün böyük önəm daşıdığını vurğuladı. Sitat: “O ki qaldı Zəngəzur dəhlizinin icrasına, orada avtomobil yolunun təqribən 90 faizi, dəmir yolunun isə, təxminən, 70 faizi hazırdır. Ümid edirəm ki, yaxın gələcəkdə bu layihə tam icra ediləcəkdir. Bilirik və çox şadıq ki, Türkiyədə də Qars-Naxçıvan dəmir yolunun tikintisinə start verilmişdir. Beləliklə, bu layihələrin uzlaşdırılması, koordinasiya şəklində icra edilməsi yeni bir önəmli beynəlxalq dəhliz açacaqdır. Bu, Orta Dəhlizin bir qolu olacaq və bizim inşa etdiyimiz dəmir yolu infrastrukturu birinci mərhələdə 15 milyon ton yükün daşınmasına hesablanıb. Amma gələcəkdə bu arta da bilər və yəqin ki, artacaq. Amma hər halda 15 milyon tonluq yeni bir dəhlizin açılması həm ölkələrimiz, həm də geniş coğrafiya üçün böyük önəm daşıyır”.

Enerji, rəqəmsal və humanitar liderlik

TDT-nin nüfuzunun güclənməsi baxımından enerji təhlükəsizliyi məsələsi olduqca vacibdir və bu istiqamətdə də Azərbaycanın rolu danılmazdır. Ölkəmiz zəngin enerji resursları, strateji mövqeyi və müasir infrastruktur layihələri ilə təkcə Avropa üçün deyil, həm də TDT daxilində etibarlı tərəfdaş kimi çıxış edir. Həyata keçirilən iri enerji layihələri türk dövlətləri arasında qarşılıqlı əməkdaşlığı artırır, regionda sabitliyi möhkəmləndirir və enerji sahəsində əlaqələrin davamlı inkişafına zəmin yaradır. Eyni zamanda rəqəmsal transformasiya sahəsində əməkdaşlıq da son illərdə böyük maraq kəsişməsi yaratmaqdadır. Bu mənada, innovativ texnologiyaların tətbiqi, rəqəmsal xidmətlərin genişləndirilməsi və informasiya mübadiləsinin gücləndirilməsi türk dövlətlərinin qlobal rəqabət qabiliyyətini artırır, həmçinin üzv ölkələr arasında bilik və təcrübə mübadiləsini sürətləndirir. Azərbaycan bu sahədə də lider mövqe nümayiş etdirərək rəqəmsal inkişaf strategiyalarının formalaşdırılmasında fəal iştirak edir və innovativ layihələrin həyata keçirilməsinə töhfə verir. Humanitar sahədə də Azərbaycan TDT çərçivəsində həm təşəbbüskar, həm də koordinasiyaedici rol oynayır. Ölkəmiz təhsil, elm, mədəniyyət və turizm sahələrində birgə layihələrin həyata keçirilməsinə öncülük göstərir, Türk dünyasında gənc nəsillərin qarşılıqlı anlaşma və dostluq əlaqələrinin möhkəmləndirilməsinə xidmət missiyasını uğurla yerinə yetirir. Həmçinin Azərbaycan münaqişə bölgələrinə humanitar yardımların təşkili, mədəni irsin qorunması və sosial layihələrin reallaşdırılmasında aktiv iştirak edərək TDT-nin humanitar məramını da aydın şəkildə ortaya qoyur. Hazırkı mürəkkəb geosiyasi vəziyyəti də nəzərə alsaq, bütün bunların fonunda aprelin 2-də Bakı şəhərində keçirilən görüşü xüsusi strateji əhəmiyyətli hadisə kimi qiymətləndirmək olar. Sözügedən toplantı TDT çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi, konkret layihələrin müzakirəsi, prioritet sahələr üzrə birgə fəaliyyət mexanizmlərinin müəyyənləşdirilməsi və üzv dövlətlər arasında siyasi iradənin möhkəmləndirilməsi baxımından olduqca mühümdür. Eyni zamanda bu yüksək səviyyəli görüş Türk dünyasında ortaq məqsədlərə nail olmaq üçün koordinasiyanın gücləndiyini və qarşılıqlı etimadın daha da artdığını nümayiş etdirir. Görüş çərçivəsində birgə bəyanat da qəbul edilib. Bəyanatda əməkdaşlığın bütün istiqamətlərinə toxunulub, Azərbaycan Respublikasının TDT-də davam edən sədrliyinə dəstək ifadə edilib və ölkəmizin birlik, institusional potensialın gücləndirilməsi və prioritet sahələr üzrə praktiki əməkdaşlığın inkişafına yönəlmiş fəal səyləri yüksək qiymətləndirilib. Həmçinin Naxçıvan Sazişi və TDT-nin digər əsas sənədləri çərçivəsində üzv dövlətlərin öhdəlikləri bir daha təsdiqlənib və TDT çərçivəsində sıx əməkdaşlığın regionda və onun hüdudlarından kənarda sülh, sabitlik və davamlı inkişafın təşviqində mühüm rol oynadığı vurğulanıb.

Son illərin geosiyasi və geoiqtisadi mənzərəsi göstərir ki, Azərbaycan TDT çərçivəsində yalnız fəal iştirakçı deyil, eyni zamanda təşəbbüskar və istiqamətverici rol oynayan ölkədir. Bu mövqe Türk dünyasında inteqrasiyanın dərinləşməsinə, ortaq layihələrin reallaşmasına və uzunmüddətli əməkdaşlıq perspektivlərinin formalaşmasına mühüm töhfə verir. Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü də bu strategiyanın növbəti təzahürü kimi qiymətləndirilə bilər və türk dövlətləri arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da genişlənəcəyindən xəbər verir. Prezident İlham Əliyevin dediyi kimi: “Bütövlükdə, Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Bu bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir. Dəfələrlə müxtəlif kürsülərdən bəyan etmişdik ki, Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi, təbii ki, çox önəmlidir”.

Nail ƏSGƏROV

Nəşr edilib : 02.04.2026 17:46