Türkiyənin Dil və Sistem Fondunun sədri: Heydər Əl...
12:36 05.05.2026
0
0
0
NAXÇIVAN :
05 May 2026, Çərşənbə axşamı
BMT Baş Assambleyasının 1992-ci ildə qəbul etdiyi qərara əsəsən, hər ilin mayın 5-i Əlilliyi olan Şəxslərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycanda da əlilliyi olan şəxslər sosial təminat və reabilitasiya sistemi ilə əhatə olunub. Prezident İlham Əliyevin tapşırıqları əsasında 2018-ci ildən əlavə maliyyə tutumu 8 milyard manata yaxın olmaqla, 4 milyon nəfəri əhatə edən 5 sosial islahat paketi həyata keçirilib. Minimum əməkhaqqının 3,1 dəfə, minimum pensiyanın 2,9 dəfə, orta aylıq pensiyanın 2,9 dəfə, sosial müavinət və təqaüd ödənişlərinin həcminin 5 dəfə artmasına imkan verən bu islahatlar çərçivəsində əlilliyi olan şəxslərə yönələn sosial ödənişlər də ciddi şəkildə artıb.
Bildirilib ki, bu kateqoriyadan olan vətəndaşlara ƏƏSMN tərəfindən əlilliyə görə aylıq pensiya və ya sosial müavinət verilir. Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olan şəxslər, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslər əlilliyə görə aylıq pensiya və ya aylıq sosial müavinətlə yanaşı, Prezidentin aylıq təqaüdü ilə də təmin edilir, eyni zamanda, I dərəcə əlilliyi olan şəxslərə və əlilliyi olan uşaqlara qulluq edənlərə də aylıq təqaüdü ödənilir.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi bu sahədə önəmli fəaliyyəti ilə seçilir. 2021-ci ildə açılışı olan Mərkəzdə, habelə sonralar İsmayıllı və Bərdədə yaradılan filiallarında 1000-dək benefisiar üçün müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlər təşkil olunub. Onların bacarıqları inkişaf etdirilib, sosial pedaqoji və psixoloji xidmətlərlə təminatı həyata keçirilib.
Ötən dövrdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 16 mindən çox mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7,7 min avtomobil verilib.
Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri olaraq Naxçıvan, Gəncə, Yevlax şəhərlərində açılan Regional İnformasiya mərkəzləri də gözdən əlilliyi olan şəxslərin İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsinə xidmət edir.
Azərbaycanda son illər müasir reabilitasiya sistemi qurulub, yeni reabilitasiya mərkəzləri açılıb. Əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri sırasına robotik, sosial-psixoloji reabilitasiya, yoqa, rəqs terapiyası, hippoterapiya və s. kimi reabilitasiya xidmətləri də daxil edilib. 2018-ci ildən ötən dövrdə reabilitasiya mərkəzlərində xidmətlə təmin edilən əlilliyi olan şəxslərin illik sayı 12 dəfəyədək artaraq 142 minə, onlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin illik sayı 6 dəfə artaraq ötən il 212 minə çatıb.
Eyni zamanda, tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 500-dən çox hərbçimiz 622 yüksək texnologiyalı protezlə təmin edilib. Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi üçün də ardıcıl işlər aparılır. Təkcə son bir ildə nazirlik tərəfindən əlilliyi olan 6 minə yaxın şəxsin işlə təminatı həyata keçirilib, 1300 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub və 500 şəxs peşə kurslarına cəlb olunaraq onlara yeni peşələr öyrədilib.
Əlilliyi olan gənclərin sosial reabilitasiyasında, peşə hazırlığının təşkilində nazirliyin Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzi mühüm rola malikdir. Onlar Mərkəzdə 3-6 aylıq kurslarda 10-dan çox istiqamət üzrə peşə bacarıqlarına yiyələnirlər. Kursları uğurla bitirən şəxslərə peşə şəhadətnamələri verilir və əmək bazarına çıxışı üçün dəstək göstərilir. Mərkəzə qəbul olunanlar burada dövlət hesabına yataqxana, yemək, sosial-psixoloji və tibbi-sosial xidmətlərlə təmin olunurlar.
Digər xəbərlər