Türkiyənin Dil və Sistem Fondunun sədri: Heydər Əl...
12:36 05.05.2026
0
0
0
NAXÇIVAN :
05 May 2026, Çərşənbə axşamı
Gəncə Dövlət Kukla Teatrının yaradıcı kollektivi 4-5 may tarixlərdə ingilis xalq nağılı əsasında hazırlanmış “Üç donuz balası” tamaşasını nümayiş etdirmək üçün Naxçıvana qastrol səfərinə gəlib. Naxçıvan Dövlət Kukla Teatrının səhnəsində keçirilən tamaşadan əvvəl Gəncə Dövlət Kukla Teatrının Yaradıcı şöbəsinin müdiri Şamil Məmmədli “Şərq qapısı” qəzetinə müsahibəsində fikirlərini bölüşüb:
“Gəncə Dövlət Kukla Teatrı Naxçıvana ilk dəfədir, qastrol səfəri edir. Son 10 ildə isə Naxçıvan Dövlət Kukla Teatrı ilə bir neçə dəfə birgə qastrol səfərlərində iştirak etmişik. “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası çərçivəsində teatrların bölgələrə qastrol səfərləri nəzərdə tutulub. Bu çərçivədə Gəncə Dövlət Kukla Teatrı maraqlı tamaşalarından biri olan “Üç donuz balası” ilə Naxçıvan Dövlət Kukla Teatrının qonağıdır. Tamaşanın quruluşçu rejissoru teatrın direktoru, respublikanın Əməkdar artisti Fərmayıl Paşayevdir. Qeyd edim ki, iki teatr arasında memorandum imzalanıb. Bu memorandum bizim aramızda dostluq körpüsü yaradıb. Memorandum çərçivəsində aktyor, rəssam və rejissorların qarşılıqlı sənət mübadiləsi nəzərdə tutulur”.
“Artıq Naxçıvan Dövlət Kukla Teatrı bir dəfə Gəncədə qastrol səfərində olub və Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşasını nümayiş etdirib. Biz bu dəfə səkkiz nəfərlik heyətlə Naxçıvana gəlmişik. İki gündür, buradayıq və Naxçıvanın qonaqpərvərliyi, şəhərin təmizliyi, abadlığı və insanların isti münasibəti bizi çox heyran etmişdir. Şəhərinizə böyük məhəbbət hissi ilə gəlmişik və inanıram ki, bu xoş təəssüratlarla geri qayıdacağıq”, – deyə Şamil Məmmədli əlavə edib.
Tamaşanın nümayişindən sonra Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov da öz fikirlərini bildirib: “Bu gün Naxçıvan Dövlət Kukla Teatrında Gəncə Dövlət Kukla Teatrının möhtəşəm tamaşası baş tutdu. Naxçıvan tamaşaçılarına ingilis xalq nağılı əsasında hazırlanmış “Üç donuz balası” təqdim olundu. Tamaşaçılarımız tamaşanı böyük maraqla qarşıladılar. İki qardaş teatr arasında bağlanan əməkdaşlıq memorandumuna əsasən Gəncə Dövlət Kukla Teatrı Naxçıvanda qastrol səfərindədir. Çox müasir və dinamik üslubda qurulan tamaşa 2 gün (4-5 may) nümayiş etdiriləcək. Bu münasibətlə kollektivi ürəkdən təbrik edir, gələcək işlərində uğurlar arzulayıram”.
Rafiq TƏHMƏZ
Digər xəbərlər