NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Ali Məclisdə NDU tələbələri üçün növbəti təcrübə proqramına start verilib

...

Aprelin 20-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Naxçıvan Dövlət Universiteti tələbələrinin növbəti təcrübə proqramına başlanılması münasibətilə görüş keçirilib.
Tədbirdə Ali Məclisin Aparat rəhbərinin müavini, Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Fazil Məmmədov çıxış edərək bildirib ki, tələbələrin muxtar respublikanın ali qanunvericilik orqanında təcrübə keçmələri artıq ənənə halını alıb. Qeyd edilib ki, ötən il həyata keçirilən təcrübə proqramı uğurlu nəticələr verib və bu təşəbbüs gənclərin dövlət idarəçiliyi sahəsində praktiki biliklərinin artırılmasına mühüm töhfə verir. Diqqətə çatdırılıb ki, tələbələrin təcrübə keçəcəyi bu binada vaxtilə Ulu Öndər Heydər Əliyev Ali Məclisin Sədri kimi fəaliyyət göstərərək müasir dövlətçiliyimizin təməlini qoyub. Ümummilli Liderin bugünkü qüdrətli Azərbaycan naminə burada həyata keçirdiyi tədbirlər gənc kadrların milli dövlətçilik ruhunda formalaşması üçün əvəzsiz stimuldur.
Fazil Məmmədov real iş mühitində qazanılan təcrübənin gələcək peşəkar fəaliyyət üçün mühüm rol oynadığını vurğulayaraq tələbələrə bu imkandan səmərəli istifadə etməyi tövsiyə edib və onlara uğurlar arzulayıb.
Naxçıvan Dövlət Universitetinin prorektoru Elsevər Əsədov və digər çıxış edənlər qanunverici orqan olan Ali Məclisdə təcrübə keçməyin tələbələr üçün dəyərli imkan olduğunu diqqətə çatdırıb, yaradılan şəraitin əhəmiyyətini bildirib, minnətdarlıqlarını ifadə ediblər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 20.04.2026 14:41