Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Müasir dövrdə enerji sistemlərinin sabit və etibarlı işləməsi üçün istehsal güclərinin artırılması ilə yanaşı, istehsal olunan enerjinin səmərəli şəkildə idarə edilməsi və saxlanılması da vacibdir. Bu baxımdan, batareya enerji saxlanma sistemləri elektrik enerjisinin pik tələbat dövrlərində istifadəsini təmin etməklə şəbəkənin yüklənməsinin qarşısını alır, itkiləri azaldır və ümumi səmərəliliyi artırır. Prezident İlham Əliyevin iştirakı ilə bu il martın 25-də açılışı olan “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin yaradılması da həm enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, həm də dayanıqlı enerji sisteminin formalaşdırılması baxımından Azərbaycanın enerji sektorunda mütərəqqi və strateji addımlardan biridir.
Son illərdə ölkəmizdə enerji sektorunun davamlı inkişafı və müasir çağırışlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən layihələr xüsusi əhəmiyyət daşıyır. Bu mənada, Prezident İlham Əliyevin tapşırığına əsasən “AzərEnerji” ASC tərəfindən 100 faiz daxili maliyyə vəsaiti hesabına iki əsas yarımstansiyada – 500 kV-luq “Abşeron” və 220 kV-luq “Ağdaş” yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzlərinin yaradılması strateji yanaşmanın bariz nümunələridir. Bu cür mərkəzlərin qurulması yalnız Azərbaycanda deyil, ümumilikdə, MDB regionunda ilkdir. Layihə çərçivəsində “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin ərazisində 50 akkumulyator batareya və 13 invertor konteyneri quraşdırılıb. Beynəlxalq məsləhətçi şirkətlərin (ABŞ-nin TETRA Tech və Türkiyənin EPRA) apardıqları araşdırma Azərbaycanda, təxminən, 1850 MVt gücündə bərpa olunan enerji mənbələrinin təhlükəsiz şəkildə enerji sisteminə qoşulması üçün bu cür batareya sistemlərinin yaradılmasının zəruri olduğunu göstərib. Batareya Enerji Saxlanc Mərkəzi çevikliyi ilə seçilir. Belə ki, onlar 2 saat ərzində tam doldurula və ya boşaldıla bilər. Artıq enerji, o cümlədən günəşli saatlarda istehsal olunan enerji burada toplanır və pik saatlarda – enerjiyə tələbat artan zaman avtomatik olaraq şəbəkəyə verilir. Bir sözlə, bu sistemlər enerjini yığıb saxlayır, lazım gəldikdə isə onu istifadəyə yönəldir.
Belə mərkəzin tətbiqi enerji şəbəkəsinə bir çox üstünlüklər verir. Nümunə üçün qeyd edə bilərik ki, burada SCADA sistemi ilə enerji sisteminə real vaxt rejimində nəzarət olunur, şəbəkədə sabitlik, o cümlədən tezlik və gərginlik qorunur, qəfil enerji çatışmazlıqları avtomatik tənzimlənir, qəzaların təsiri azalır və sistem daha etibarlı olur. Bundan başqa, pik saatlarda elektrikə tələbat daha rahat qarşılanır, günəş və külək enerjisindəki fasilələrin təsiri azalır, enerji sisteminin sıfırdan bərpası mümkün olur. Eyni zamanda Günəş batan saatlarda yük dəyişiklikləri daha rahat idarə edilir. Bir sözlə, Batareya Enerji Saxlanc Mərkəzinin yaradılması Azərbaycanın enerji sistemini daha müasir, çevik və dayanıqlı edir. Xüsusilə günəş və külək enerjisinin artdığı bir dövrdə bu cür saxlanc sistemləri gələcəyin enerji modelinin əsas hissəsi hesab olunur.
Azərbaycan son illərdə alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması və enerji ixracına dair mühüm layihələrə imza atır. Bu xüsusda Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl enerji zonası” elan edilərək buna müvafiq işlər reallaşdırılır, eyni zamanda “yaşıl enerji”nin Qara dəniz kabeli, regional enerji dəhlizləri və digər layihələr vasitəsilə Avropa bazarlarına ixracı əsas hədəfdir. Qara dəniz kabelinin 1300 MVt “yaşıl enerji” ötürmə imkanı olacaq. Bütün bunları nəzərə alanda gələcəkdə enerji istehsalının həcminin indiki səviyyədən xeyli artacağı qənaətinə gəlmək olar. Belə olan halda saxlanc mərkəzlərinin rolu daha da ön plana çıxır və bu baxımdan, “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyətə malik layihə kimi qiymətləndirilə bilər.
“Şərq qapısı”
Digər xəbərlər