NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

50 illik ömrün 120 yaşlı yubileyi Səməd Vurğun, Naxçıvan fotoları və tənqidə tuş gələn ömür

...

Azərbaycanın ilk Xalq şairi, saymaqla bitməyən külliyyat və 50 illik ömür... Nə idi Səməd Vurğunu Azərbaycan ədəbiyyatına bu qədər sevdirən? Azərbaycan ədəbiyyatını və sözün dəyərini daim diqqət mərkəzində saxlayan dövlət başçısı İlham Əliyevin Azərbaycanın ilk “Xalq şairi” adına layiq görülmüş şairi, dramaturq Səməd Vurğunun 120 illik yubileyi ilə bağlı Sərəncamı Azərbaycan ədəbiyyatsevərləri üçün gözlənilən xəbər idi. Səməd Vurğunla bağlı internet resurslarında araşdırma apararkən çoxlu sayda maraqlı məqalələr və daha çox eynitipli məlumatlar qarşımıza çıxır. Səməd Vurğunun adı çəkiləndə, bəlkə də, ağıllarda ilk olaraq bir sual canlanır. Uşaqlıqdan bəri dilimizdə əzbər olan məşhur “Azərbaycan” şeirinin müəllifi Səməd Vurğunun Sovet Sosialist Respublikalar İttifaqı dövründə necə oldu ki, repressiya adlı burulğanda açdığı yelkən onun söz gəmisini həmin dəhşətli dalğalardan xilas etməyi bacardı. Yadımdadır...    2 il bundan əvvəl Bakı şəhərində yerləşən Siyasi Repressiya Qurbanları Muzeyində olarkən yaşlı muzey bələdçisinə bir sual vermişdim... “Deyirlər ki, Mikayıl Müşfiq, Əhməd Cavad kimi şairlərin repressiyaya qurban getməsində Səməd Vurğun, Rəsul Rza və digər şairlərin rolu olub, bu doğrudur?” Cavabında isə bu cür faktların real sənədlərə əsaslanmadığı qeyd edildi... Bəzən deyirlər, “Bəs Səməd Vurğun nə üçün repressiyaya qurban getmədi?” Bəlkə də, şairin bu burulğandan xilas olması Vətəninin adını və dilini uzun müddət yaşatmaq üçün idi, nə bilmək olar? 
Şairin poeziyasına nəzər saldıqda, gah özünün “nə tez qocaldığından” bəhs etdiyini, gah da uşaq yaşlarında anasının dünyadan köçməsi ilə bağlı dərin kədər hissini bildirdiyini oxuyur və eyni hisslərə bir növ şərik oluruq. Çoxumuz bəzən sevgi hissinə qapılarkən özümüzü dahi Nizaminin Məcnununa tay tuturuq. Elə həmin əsəri bizim dilə çevirərək örnək sevgi anlayışını yaradan şair də məhz Səməd Vurğundur… 
Səməd Vurğunla bağlı araşdırma aparakən şair Mikayıl Müşfiqlə Səməd Vurğunun dəniz gəzintisindəki bir fotosu qarşıma çıxdı. Foto 1936-cı ildə çəkilmişdi. Yəni gənc şair Mikayıl Müşfiqin vəfatından  2 il əvvəl. Nə bilmək olar, bəlkə də, bu foto şairin öz dostunu itirdikdən sonra əlində qalan son, mənim isə şair haqqında tapdığım ilk maraqlı fotolardan idi. Elə həmin fotolara olan marağım məni Naxçıvan Ədəbiyyat Muzeyinin arxiv fonduna yollanmağa vadar etdi. Arxivi araşdırarkən Səməd Vurğunun vəfatından dörd il öncə, yəni 1952-ci ildə Naxçıvana səfər etdiyini öyrənirik. Maraqlı fotolar qarşımıza çıxdıqca insanın üzündə gah qəribə bir gülümsəmə, gah da təəssüf və kədər yaranır. Şairin Naxçıvandakı kolxozçu qadınlarla söhbətləşdiyi anda çəkilmiş bir foto insanın diqqətini özünə çəkir. Səmimi gülümsəmələr, maraqlı bir söhbət... 
Bundan başqa, Naxçıvanda doğulmuş nəğməkar şair İslam Səfərlinin müəllifi olduğu “Göz həkimi” əsəri tamaşaya qoyularkən aparılan hazırlıq işləri zamanı çəkilən fotolar da öz səmimiyyətini bugünkü kimi hələ də qorumaqdadır. Ədəbiyyat muzeyinin arxivində saxlanılan həmin fotoların birində İslam Səfərli, Səməd Vurğun və aktyor Ələsgər Ələkbərov tamaşa hazırlıqları zamanı əks olunublar. Eyni foto ilə bağlı internet resurslarında araşdırma apararkən eyni məkanda çəkilmiş digər bir foto da qarşımıza çıxır. Bu dəfə fotoda, eyni zamanda Azərbaycan teatr və kino rejissoru, aktyor Adil İsgəndər­ovun da həmin məkanda olduğunu görür, məkanın Bakı Akademik Milli Dram Teatrı, tarixin isə 1955-ci il olduğunu öyrənirik. Bundan əlavə, araşdırma zamanı 1952-ci ildə  şairin Naxçıvana səfəri zamanı Naxçıvanda hərbçilərlə görüşdüyü foto da qarşımıza çıxır. Hərbçilərin üzündə həzin bir təbəssüm və birinin əlində gül dəstəsinin olduğunu görmək mümkündür. Həmin fotoda sanki barıt və söz eyni anda bir-biri ilə həmsöhbət olur. Naxçıvan Ədəbiyyat Muzeyinin birinci mərtəbəsi ilə tanış olarkən divardan asılmış fotoların birində şair Səməd Vurğunun öz qələm dostu, naxçıvanlı yazıçı Hüseyn İbrahimovla birgə fotosunun olduğunu görürük. Eyni foto arxiv fondunun fotoları içərisində də qarşımıza çıxır. Bu dəfə fotonun daha bir detalı olan çəkilmə tarixini də öyrənirik – 1954-cü il... Muzeyin arxivindəki və divarlarındakı fotolara nəzər saldıqda birdən-birə xəyalımda akademik Yusif Məmmədəliyevin Ordubad şəhərində yerləşən ev-muzeyinin divarından asılmış fotolar düşür. Bəzi fotolarda şair Səməd Vurğun və akademik Yusif Məmmədəliyevin yaxın dost olduğu aydın şəkildə görünür...
Bütün bu faktlar, fotolar və xatirələr bir həqiqəti açıq şəkildə ortaya qoyur: Səməd Vurğun təkcə şeirləri ilə deyil, yaşadığı dövrün bütün ağrılarını, ziddiyyətlərini və susdurulmuş səslərini öz taleyində daşıyan bir simadır. Onun 50 illik ömrünün bu gün 120 yaşlı yubiley kimi qeyd olunması da təsadüf deyil. Çünki zaman hər şeyi köhnəldə bilir, amma sözü yox. Repressiya burulğanından sağ çıxması kimlər üçün sual, kimlər üçün qınaq doğurursa doğursun, Səməd Vurğun həmin dövrdə Azərbaycan dilinin, milli ruhun və poeziyanın yaşaması üçün bir körpü rolunu oynadı. O körpüdən keçən söz bu gün də yaşayır, oxunur, müzakirə olunur. Bəlkə də, məhz buna görə Səməd Vurğun həm ən çox sevilən, həm də ən çox mübahisə olunan şair olaraq qalır. Çünki o yalnız öz dövrünün deyil, bütün zamanların suallarını da özü ilə aparan bir ömür idi. Və bu ömür, yarımçıq qalsa da, sözlə tamamlandı.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 21.03.2026 09:00