NAXÇIVAN :

18 Iyun 2025, Çərşənbə

44 günlük Vətən müharibəsi – müasir zəmanəmizin vətənpərvərlik nümunəsi

...

XX əsrin 1980-ci illərinin sonları və 1990-cı illərinin əvvəllərində Ermənistan, Azərbaycanın tarixi torpaqlarına açıq şəkildə ərazi iddiaları irəli sürərək ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən siyasi qeyri-sabitlik və idarəolunmaz vəziyyətdən istifadə edən Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal etmişdir. Ermənistan tərəfindən həyata keçirilən məqsədli etnik təmizləmə siyasəti nəticəsində isə bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin düşərək qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.

Azərbaycan ərazilərinin işğaldan azad olunması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsi məqsədilə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın qeyri-konstruktiv və destruktiv mövqeyi səbəbindən nəticə verməmişdir. Xüsusilə 2019-cu ildən etibarən Ermənistanın hərbi-siyasi rəhbərliyinin ardıcıl şəkildə verdiyi təxribat xarakterli bəyanatlar və həyata keçirdiyi addımlar danışıqlar prosesini bilərəkdən pozmuş, bu ölkənin əsas məqsədinin işğal olunmuş ərazilərdə status-kvonu saxlamaq və Azərbaycan torpaqlarını ilhaq etmək olduğu açıq şəkildə nümayiş etdirilmişdir.

Ermənistanın qəbul etdiyi hücum yönümlü milli təhlükəsizlik strategiyası və hərbi doktrinası, işğal altındakı ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “Yeni ərazilər uğrunda yeni müharibə” şüarları ilə çıxış etməsi, mülki şəxslərdən ibarət “könüllü dəstələr”in yaradılması kimi qərarlar, 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində həyata keçirdiyi təxribat, eyni zamanda cəbhə xəttində gərginliyin süni şəkildə artırılması, qoşunların təmas xəttinə və sərhədyanı bölgələrə cəmləşdirilməsi, silah-sursat ehtiyatlarının artırılması Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşdığını açıq şəkildə göstərirdi.

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini bir neçə istiqamətdən intensiv atəşə tutmuşdur. Bu növbəti hərbi təxribat nəticəsində mülki şəxslər və hərbi qulluqçular arasında ölən və yaralananlar olmuşdur. Yaranmış real və potensial təhlükələri aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamışdır.

Azərbaycan Respublikasının Hərbi Doktrinasına əsasən ərazilərimizin Ermənistan tərəfindən işğal altında saxlanılması və bu məsələnin sülh yolu ilə həllindən imtina edilməsi fonunda, ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi güc daxil olmaqla bütün zəruri vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır. Azərbaycan Respublikası müstəqil, demokratik, hüquqi, dünyəvi və unitar dövlət olaraq milli maraqlarını qorumaq məqsədilə milli təhlükəsizlik siyasətini müəyyən edir və reallaşdırır.

Prezident İlham Əliyevin sədrliyi ilə dərhal Təhlükəsizlik Şurasının iclası keçirilmiş və Ermənistanın təcavüzkar hərəkətlərinə qarşı adekvat tədbirlər görülməsi ilə bağlı konkret tapşırıqlar verilmişdir. Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarını işğal altında saxlaması nəticəsində yaranmış real təhlükə səbəbindən, ölkənin əhalisinin, ərazisinin və Silahlı Qüvvələrinin müdafiəyə tam hazırlıqlı olması məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2020-ci il 27 sentyabr tarixdə hərbi vəziyyət elan edilmiş, 28 sentyabrda isə qismən səfərbərlik haqqında Sərəncam imzalanmışdır. Bununla yanaşı, hərbi əməliyyatların hazırlanması və icrasına dair qərarlar qəbul olunmuşdur.

Əks-hücum əməliyyatlarının ilk günlərindən etibarən Azərbaycan Silahlı Qüvvələri bir sıra rayonları və strateji əhəmiyyətli əraziləri işğaldan azad etmişdir. Bu çərçivədə 2020-ci il 29 sentyabr tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərman imzalanmışdır. Həmin Fərmana əsasən azad edilən ərazilərdə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılmış, onların nəzdində müxtəlif dövlət qurumlarının nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları fəaliyyətə başlamışdır.

Azərbaycanın rəşadətli və qəhrəman Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələri ciddi itkilər verərək geri çəkilməyə məcbur olmuşdur. Bu məğlubiyyətlərin əvəzini çıxmaq məqsədilə Ermənistan münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərləri və rayonlarını, o cümlədən mülki infrastruktur obyektlərini – yaşayış evlərini, məktəbləri, xəstəxanaları, dövlət binalarını və təsərrüfat obyektlərini hədəf seçərək ağır artilleriya və ballistik raketlərlə atəşə tutmuş, bununla da müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdir.

Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi çevik hərbi və siyasi strategiya yalnız döyüş meydanında deyil, beynəlxalq informasiya və diplomatik müstəvidə də mühüm nəticələr verdi. 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər tarixi qələbə idi. Prezident İlham Əliyevin iradəsi qətiyyəti və uzaqgörənliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa etdi. Bu müharibə yalnız torpaqların işğaldan azad edilməsi deyildi, bu həm də Azərbaycanın milli kimliyinin, qürurunun və suverenliyinin dünyaya sübutu idi.

Prezident İlham Əliyev çıxışlarının birində belə qeyd etmişdir: “Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Bir daha demək istəyirəm, heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə gedirdilər... İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi, ölkəmizi gücləndirdi... Biz bu ağır yükü çiynimizdən atdıq, bu damğanı boynumuzdan atdıq... Biz üzümüz ağ, alnımız açıq, müzəffər xalq kimi yaşayırıq. Buna görə sizə və sizin kimi on minlərlə hərbçiyə borcluyuq. Azərbaycan xalqı bunu bilir və yaxşı qiymətləndirir”.

Azərbaycan xalqı uzun illər boyu tarixi torpaqlarına qovuşmaq, Xocalı qətliamına ədalət, Dağlıq Qarabağ münaqişəsinə son qoymaq arzusu ilə yaşamışdır. İlham Əliyev xalqın bu etimadını doğruldaraq Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sadiq qalmaqla verdiyi bütün vədləri yerinə yetirmiş, ölkənin ən böyük arzularını reallaşdırmışdır.

Azərbaycan xalqının dəmir iradəsi, iqtisadi gücü, müasir və qüdrətli ordu quruculuğu, xalq-iqtidar birliyi Vətən müharibəsində qələbənin əsas təməl daşları oldu. Azərbaycan xalqı yeni bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq düşmən üzərində tarixi zəfər qazandı və qalib xalq statusunu bütün dünyaya sübut etdi.

Cavanşir ZEYNALLI

Naxçıvan Dövlət Universitetinin baş müəllimi

Nəşr edilib : 18.06.2025 15:48