MÜTDA: 85 minə yaxın uşaq avtomatik olaraq 1-ci si...
16:50 30.04.2025
0
0
0
NAXÇIVAN :
30 Aprel 2025, Çərşənbə
2025-ci ilin 28 aprel tarixi Azərbaycan dövlətçilik salnaməsinə şanlı bir səhifə kimi daxil oldu. Həmin gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında baş tutan görüş yalnız diplomatik protokolun tələblərini yerinə yetirmədi. Bu görüş xalqın illərlə daşıdığı ümidlərin alovlandığı, yeni bir dövrün başlanğıcı oldu.
İki qonşu, iki dost və qardaş ölkənin liderləri bu görüşdə, sadəcə, sözlər deyil, gələcəyin qapılarını açan qərarlar verdilər. Prezident İlham Əliyev bir daha sübut etdi ki, siyasi uzaqgörənlik, dəmir iradə və xalqa xidmət məramı Azərbaycanı Cənubi Qafqazın qüdrətli dövlətinə çevirib.
Görüşün ən önəmli nəticəsi isə Naxçıvan Muxtar Respublikasına aid olan məsələdir. İllərdir, blokada şəraitində yaşayan qədim diyarın ümidinə su səpildi: Araz Dəhlizi layihəsi rəsmən təsdiqləndi. Bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək və illərdir, arzu edilən quru əlaqə reallaşacaq. Blokadanın daş divarları uçurulur, yollar açılır, ümidlər qanadlanır.
Naxçıvanın blokada illəri həm çətinliklərlə, həm də möhtəşəm iradə nümunəsi ilə yadda qaldı. Sərhədlərin bağlandığı, yolların kəsildiyi bir dövrdə naxçıvanlılar inadla yaşadı, qurdu, yaratdı. Bu gün isə onların çəkdiyi əziyyətin bəhrəsini görmək vaxtıdır. Prezident İlham Əliyev bu tarixi missiyanı yerinə yetirərək Naxçıvanın gələcəyini işıqlandırdı.
Araz Dəhlizi yalnız Naxçıvanı blokadadan çıxarmır. Bu dəhliz Azərbaycanın iqtisadi gücünü artırır, bölgənin ticarət arteriyasına çevrilməsini təmin edir. Arazın sahilində salınacaq körpülər, yollar, logistika mərkəzləri Naxçıvanı təkcə Vətənə deyil, Avropaya və Asiyaya bağlayacaq. Naxçıvan daha təcrid olunmuş bir diyar deyil, regionun mühüm tranzit mərkəzinə çevriləcək.
Bu təkcə iqtisadi layihə deyil, milli ruhun zəfəridir. İllərlə doğmalarına qovuşmaq üçün yolları gözləyən nənələrin, həsrətdən kövrələn ataların, doğma torpağına qayıtmaq istəyən övladların duası qəbul olur. Arazın sahilində birləşən körpülər, əslində, könüllərin körpüsüdür.
Azərbaycan-İran strateji əməkdaşlığı isə bu tarixi dönüşü mümkün etdi. İki dövlətin liderləri bir daha göstərdilər ki, bölgənin gələcəyini bölgənin xalqları müəyyən etməlidir. Xarici təsirlərə, qərəzli təzyiqlərə baxmayaraq, Azərbaycan müstəqil siyasət yürüdür və öz gələcəyini özü formalaşdırır.
Bu gün Naxçıvan gəncləri sabaha daha böyük inamla baxır. Sabah yeni məktəblər, yeni iş yerləri, yeni sənaye sahələri Naxçıvanda çiçəklənəcək. Turizm, kənd təsərrüfatı, sənaye – hər sahədə partlayış gözlənilir. Möhtəşəm tarixi və mədəni irsə sahib olan Naxçıvan indi yalnız regional deyil, beynəlxalq əhəmiyyətə malik bir mərkəz olmağa doğru irəliləyir.
Bu görüş – 28 aprel 2025-ci il Azərbaycanın siyasi ağıllığının, diplomatik ustalığının və xalqın birliyinin təntənəsi oldu.
Naxçıvan artıq blokadanı tarixdə qoyur və nurla dolu yeni bir səhifəyə qədəm qoyur.
Və biz, bu tarixi yazan xalqın nümayəndələri, sabaha daha böyük inamla, daha böyük qürurla irəliləyirik!
Sevinc ABBASOVA
Tarix elmləri doktoru,dosent
Naxçıvan Dövlət Universitetinin
“Azərbaycan tarixi” kafedrasının müəllimi
Digər xəbərlər