NAXÇIVAN :

18 Iyun 2025, Çərşənbə

2025-ci ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

...

2025-ci ilin yanvar-may aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 598 milyon 755 min 900 manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2,7 faiz artaraq 1270,4 manat olmuşdur.

***

​Cari ilin yanvar-may aylarında muxtar respublikada 209 milyon 445 min 400 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricidən 3,6 faiz çoxdur. Sənaye məhsulunun 173 milyon 95 min 700 manatı və ya 82,6 faizi malların, 36 milyon 349 min 700 manatı və ya 17,4 faizi isə xidmətlərin payına düşmüşdür.

Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 78,4 faizi emal, 19,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

***

2025-ci ilin yanvar-may aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 55 milyon 672 min 800 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 31,5 faiz çoxdur.
Əsas kapitala vəsait qoyuluşunun 34 milyon 861 min 200 manatı və ya 62,6 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çoxdur.

 

 ***

Cari ilin yanvar-may aylarında muxtar respublikada 86 milyon 631 min 300 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 8 milyon 566 min 900 manatı bitkiçilik sahəsi üzrə, 78 milyon 64 min 400 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,7 faiz artmışdır.

***

2025-ci ilin yanvar-may aylarında muxtar respublikada nəqliyyat sektorunda 2 milyon 859 min 700 ton yük, 19 milyon 79 min 800 sərnişin daşınmışdır. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yükdaşınması 1,1 faiz, sərnişin daşınması isə 0,9 faiz artmışdır.

***

Cari ilin yanvar-may aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16,8 faiz artaraq 16 milyon 527 min 500 manat olmuşdur. Xidmətlərin 46,8 faizi mobil telefon rabitəsi sahəsində formalaşmışdır.


***

2025-ci ilin yanvar-may aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 562 milyon 23 min 700 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz çoxdur. Ticarət şəbəkəsində 290 milyon  4 min 200 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 272 milyon 19 min 500 manatlıq qeyri-qida məhsulları satılmışdır.

***

Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 51,6 faiz artaraq 2025-ci il may ayının 1-nə milli valyuta ekvivalentində 29 milyon 544 min 900 manat təşkil etmişdir. Əmanətlərin 93,4 faizi milli, 6,6 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 48,6 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 2,1 dəfə artmışdır.

***

Cari ilin yanvar-may aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 48 milyon 879 min 270 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 4 milyon 744 min 530 dollarını və ya 9,7 faizini ixrac olunmuş məhsulların, 44 milyon 134 min 740 dollarını və ya 90,3 faizini isə idxal məhsullarının dəyəri təşkil etmişdir. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 13,6 faiz, o cümlədən idxal 15,5 faiz azalmış, ixrac isə 9,3 faiz artmışdır.


                                                         ***

​2025-ci ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 87 milyon 117 min 500 manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz çoxdur.

***

​2025-ci ilin yanvar-aprel aylarında muxtar respublikada ortaaylıq nominal əməkhaqqı 814,4 manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çoxdur.

***

1 may 2025-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2169 nəfər və ya 0,5 faiz artaraq 471434 nəfər olmuşdur.

 

 

Nəşr edilib : 18.06.2025 17:21