NAXÇIVAN :

12 Noyabr 2025, Çərşənbə

Zirvə görüşü Türk dünyasının əlaqələrini daha da möhkəmləndirir

...

“Oktyabrın 7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının XII Zirvə görüşündə TDT-yə üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçıları, nümayəndə heyətləri iştirak ediblər. Bu əlamətdar tədbirin həm tarixi, həm də müasirliyi simvollaşdıran Qəbələdə təşkil olunması türk dövlətləri arasında dostluq, həmrəylik və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üzrə TDT-nin ümumi mövqeyini əks etdirir. Zirvə görüşü təşkilata üzv ölkələr üçün prioritet sahələrdə qabaqcıl layihələr müzakirə etməsinə imkan yaradacaq. Heç şübhəsiz ki, əlaqələrin daha da gücləndirilməsi, inteqrasiyanın dərinləşdirilməsi, Türk Dövlətləri Təşkilatının gələcək inkişafı üçün yeni istiqamətlərin müəyyən edilməsində Qəbələ Zirvə görüşü vacib rol oynayacaq. Qeyd edək ki, təşkilatın təsis olunmasında da Azərbaycanın mühüm rolu olub. TDT (ozamankı Türk Şurası) 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan,  Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulmuş olan beynəlxalq təşkilatdır.

Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Gülxarə Tarverdiyeva deyib.

Qeyd edək ki, ötən il Şuşa  Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi edib. Prezident İlham Əliyev sammitdə çıxışı zamanı deyib: “Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərib. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”.

Deputat onu  da bildirib ki, Qəbələ Zirvə görüşü Türk dünyasının bütün əsas sahələrdə müştərək əməkdaşlığın müzakirə olunduğu platformaya çevrilə bilər: “TDT üzvü olan dövlətlər qarşıdakı illərdə siyasi dialoqu, iqtisadi əlaqələri, mədəni-təhsil inteqrasiyasını daha da dərinləşdirəcək ki, bu da, öz növbəsində, regional sülh, sabitlik və rifahı gücləndirəcək. Hazırda Türk Dövlətləri Təşkilatı dünya ölkələri tərəfindən mötəbər qurum kimi tanınır və üzv dövlətlərin sıx əməkdaşlığı, birgə səyləri ilə təşkilatın nüfuzu gündən-günə artmaqdadır. TDT-yə üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Belə ki, hələ 2020-ci ildə Vətən müharibəsi zamanı türk dövlətləri Azərbaycanın haqlı mübarizəsinə öz dəstəklərini verdilər. Türk ölkələrinin liderləri mütəmadi olaraq azad olunmuş ərazilərə səfərlər edirlər. Azərbaycan Prezidenti Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərlərini qardaşlıq həmrəyliyinin təzahürü adlandırıb. Prezident İlham Əliyevin də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə  dediyi kimi : “ Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi – bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”.

 

 

Nəşr edilib : 08.10.2025 14:13