Gürcüstanda ilk azərbaycanlı qadın deputat haqqınd...
00:03 05.08.2026
0
0
0
NAXÇIVAN :
05 Avqust 2026, Çərşənbə
Müasir dövrdə qlobal logistika və enerji böhranları fonunda etibarlı nəqliyyat dəhlizləri artıq təkcə onlardan faydalanan ölkələrin deyil, bütün dünyanın geosiyasi xəritəsində mühüm strateji xətlərə çevrilmişdir. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən sonra beynəlxalq siyasi gündəmdə xüsusi yer tutan Zəngəzur dəhlizi də Azərbaycanın liderliyi ilə Cənubi Qafqazda formalaşan dayanıqlı sülhün və regional əməkdaşlığın əsas açar anlayışlarından biridir.
Bu dəhliz təkcə 30 ildən artıq müddətdə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında bağlı qalmış kommunikasiyaları bərpa etməyəcək. O eyni zamanda muxtar respublikanın bütün rayonlarının sosial-iqtisadi inkişafını yeni mərhələyə yüksəldəcək. Bakı ilə Naxçıvan arasında sərnişin və yükdaşımalarının genişlənməsi, turizmin inkişafı, enerji, o cümlədən “yaşıl enerji” layihələrinin reallaşması, logistika və xidmət sektoruna yeni investisiyaların cəlbi, yerli sənaye və kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişlənməsi Zəngəzur dəhlizinin Naxçıvan iqtisadiyyatına verəcəyi əsas töhfələrdəndir.
Zəngəzur dəhlizinin əhəmiyyəti barədə bu gün çox yazılır, müxtəlif yanaşmalar irəli sürülür. Bu da təbiidir. Azərbaycanın və Naxçıvanın sosial-iqtisadi inkişafını araşdıran yerli və xarici ekspertlər, media nümayəndələri dəhlizin perspektivlərini daha yaxından öyrənmək üçün Naxçıvana səfər edir, uzun illər davam etmiş blokadanın nəticələrini yerində müşahidə edir, infrastruktur layihələri ilə tanış olur və gələcək inkişaf imkanlarını qiymətləndirirlər.
Təkcə “Google Scholar” bazasında Zəngəzur dəhlizinə həsr olunmuş jurnal məqalələri, konfrans materialları, kitab fəsilləri və dissertasiyalar üzrə 700-ə qədər elmi araşdırmaya rast gəlinir. Bunun əhəmiyyətli hissəsi geosiyasət, beynəlxalq münasibətlər, logistika və nəqliyyat mövzularına aiddir. 2020-ci il 10 noyabr tarixli Bəyanatdan sonra isə müxtəlif dillərdə bu mövzuya dair minlərlə analitik məqalə, ekspert rəyi və media materialı dərc olunmuşdur. Dövlət qurumlarının açıqlamaları, beyin mərkəzlərinin hesabatları və müxtəlif tədqiqatlar göstərir ki, Zəngəzur dəhlizi artıq təkcə regional layihə deyil, beynəlxalq iqtisadi və geosiyasi gündəliyin mühüm mövzularından birinə çevrilmişdir.
Bütün bu araşdırmalar bölgədə gedən proseslərin düzgün qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Bununla yanaşı, Naxçıvanın gələcək inkişaf perspektivlərini dəyərləndirmək üçün regionun iqtisadi, sosial və mədəni xüsusiyyətlərini yaxından bilmək, onun potensialını yerində öyrənmək daha obyektiv nəticələr əldə etməyə imkan verir.
Naxçıvan blokada şəraitində yaşadığı uzun illər ərzində sahib olduğu dəyərləri, ziyalı potensialını, dürüst sahibkarlarını və insanların bir-birinə bağlılığını qoruyub saxlamışdır. Məhz bu amillər bu gün Zəngəzur dəhlizi kimi XXI əsrin mühüm geoiqtisadi layihəsi fonunda daha böyük əhəmiyyət kəsb edir. Çünki gələcək tranzit-logistika imkanlarının səmərəli reallaşdırılması, ilk növbədə, peşəkar insan resurslarından asılı olacaqdır.
Doğulduğu torpağı yaxşı tanıyan yerli kadrlar, onların yetişdiyi ali təhsil müəssisələri və elmi mühit dövlət başçısının müəyyən etdiyi inkişaf prioritetlərinə uyğun olaraq regionun sosial-iqtisadi inkişafına, eyni zamanda qlobal çağırışlara cavab verən yeni yanaşmaların formalaşdırılmasına mühüm töhfə verirlər. Buna görə də Naxçıvanı tanımaq istəyən hər bir tədqiqatçı üçün regionun iqtisadi potensialını, mədəni irsini, turizm ehtiyatlarını və logistika imkanlarını yerində öyrənmək daha obyektiv nəticələr əldə etməyə imkan verir.
Odur ki, müasir araşdırmaçı üçün ölkəmizi və ya Naxçıvanı tanımaq və tanıtmaq üçün kiminsə şirin çayına saldığı qənd tikələrini saymaq yerinə regionumuzu, onun iqtisadi-mədəni potenisalını, turizm ehtiyatlarını, logistika imkanlarını öyrənməsi, fikrimizcə, daha məqbul və müstəcəb olardı.
Şərur iqtisadi potensialı, zəngin torpaq-iqlim şəraiti, əməksevər insanları və qonaqpərvərliyi ilə təkcə Naxçıvanın deyil, bütövlükdə, Azərbaycanın seçilən bölgələrindən biridir. Qədim dövrlərdən Türk dünyasına açılan mühüm qapılardan biri olan bu yurd Azərbaycanla qardaş Türkiyə arasında etibarlı əlaqə məkanlarından biri kimi tanınmışdır.
Sovet hakimiyyəti illərində rayonun adı iki dəfə dəyişdirilsə də, xalq yaddaşında, ziyalıların çıxışlarında, Azərbaycan ədəbiyyatında və “Şərq qapısı” qəzetinin səhifələrində Şərur adı daim yaşadılmışdır. Bu fakt belə rayonun tarixi kimliyinə və insanların doğma yurda bağlılığına verilən dəyərin bariz nümunəsidir.
Naxçıvanın Əshabi-kəhf, Ordubad, Batabat və Əlincə kimi məşhur məkanlarını ziyarət etmiş hər bir qonağın Şərura da xüsusi maraq göstərməsi təsadüfi deyil. Çünki bu qədim diyar həm zəngin tarixə, həm də müasir inkişaf potensialına malik bölgələrdən biridir.
1930-cu ildə rayon statusu alan Şərurun bu gün 815 kvadratkilometrdən artıq ərazisi, 64 yaşayış məntəqəsi və 111 mindən çox əhalisi vardır. Onların 30 mindən çoxu rayon mərkəzi olan Şərur şəhərində yaşayır. Naxçıvanın ikinci böyük şəhəri sayılan Şərur Ermənistan və İranla həmsərhəd olmaqla yanaşı, Türkiyə istiqamətində uzanan mühüm avtomobil yolları, dəmir yolu və enerji xətlərinin üzərində yerləşir. Məhz bu strateji mövqe XXI əsrin yeni nəqliyyat xəritəsində rayonun əhəmiyyətini daha da artırır.
Şərurun təbiəti onun iqtisadi həyatının ayrılmaz hissəsidir. Bir tərəfdə uca dağ silsilələri, digər tərəfdə isə məhsuldar düzənliklər uzanır. Burada torpaq il ərzində iki dəfə məhsul verir. Yaz fəslinin hələ fevralın sonlarından başlaması rayonun kənd təsərrüfatına xüsusi üstünlük qazandırır. Şahbuzda ağaclar yenicə çiçəkləyərkən şərurlular artıq təzə kartofunu, sulu göycəsini və digər yaz məhsullarını bazara çıxarırlar.
Keçmiş SSRİ dövründə Şərurun erkən mövsüm məhsulları ittifaqın iri şəhərlərinə göndərilir, burada istehsal olunan şərablar isə geniş bazarlara ixrac edilirdi. Bu gün də rayonun münbit torpaqları və zəngin aqrar ənənələri onun iqtisadi inkişafının əsas dayaqlarından biri olaraq qalır.
Rayondan keçən Araz və Arpaçay çayları əsrlərboyu burada həyatın və kənd təsərrüfatının davamlılığını təmin etmişdir. Hazırda da bu çaylar içməli su təminatının, suvarma sistemlərinin və ekoloji tarazlığın əsas mənbələrindəndir. Təxminən, 150 milyon kubmetr tutuma malik Arpaçay su anbarı təkcə mühəndislik qurğusu deyil, həm də regionun sosial-iqtisadi inkişafına xidmət edən mühüm strateji obyektdir.
Şahbulaq kəndinə aparan yol boyunca uzanan dərin kanyon və onun yaratdığı qeyri-adi relyef ilk baxışdan Mars səthini xatırladır. Bu unikal təbiət mənzərəsi fotoqraflar, təbiətsevərlər və macəra turizmini sevənlər üçün xüsusi maraq doğurur. Şərura gələn xarici turistlərin ən çox maraq göstərdikləri mənzərələrdən biri isə Ağrı dağının rayon ərazisindən açılan möhtəşəm panoramıdır. Bu mənzərə həm təbiətin gözəlliyini, həm də regionun coğrafi üstünlüklərini özündə birləşdirən nadir görüntülərdəndir.
Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Şərur əsrlərboyu ticarət yollarının, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan olmuşdur. Bu gün isə Zəngəzur dəhlizi ətrafında formalaşan yeni nəqliyyat və iqtisadi münasibətlər rayonu təkcə Naxçıvanın deyil, bütövlükdə, Cənubi Qafqazın mühüm logistika və turizm mərkəzlərindən birinə çevirmək potensialına malikdir. Lakin Şərurun əsl zənginliyi yalnız əlverişli coğrafi mövqeyi ilə məhdudlaşmır. Bu torpaq minilliklər boyu müxtəlif sivilizasiyalara ev sahibliyi etmiş, onların izlərini günümüzədək yaşatmışdır. Tənənəm kəndində yerləşən Paleolit dövrünə aid Qazma mağarası, Oğlanqala şəhər-qala kompleksi, Qarasu qalası, Qızqala yaşayış yeri, Maxta nekropolları, Parçı İmamzadəsi, Piri-Süleyman xanəgahı, Yengicə hamamı və tarixi buzxana Şərurun zəngin mədəni irsinin ən qiymətli nümunələridir. Bu abidələr gələcəkdə rayona gələcək minlərlə turist üçün böyük maraq doğura biləcək mühüm turizm resurslarıdır.
Şərur həm də qəhrəmanlar yurdudur. Birinci və İkinci Qarabağ müharibələrində rayonun 103 igid övladı Vətən uğrunda canından keçmişdir. Bu qəhrəmanlıq salnaməsi Şərurun müasir tarixinin ayrılmaz hissəsidir. Şəhərin ən görkəmli məkanlarından birində yerləşən, daim gül-çiçəyə qərq olan Şəhidlər xiyabanını ziyarət edən hər bir qonaq burada Vətən uğrunda canını fəda etmiş şərurluların ömür yoluna və qəhrəmanlıq nümunəsinə böyük ehtiramla şahid olur.
Ümummilli Lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Şərurun inkişafını diqqət mərkəzində saxlamış, rayonun potensialını yüksək qiymətləndirmişdir. Ulu Öndərin “Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar var” fikri bu qədim diyarın təbii sərvətlərini, zəhmətkeş insanlarını və inkişaf imkanlarını dəqiq ifadə edir.
Şərur sakinləri zəhmətsevərliyi, təşəbbüskarlığı və vətənpərvərliyi ilə blokada illərinin ən çətin sınaqlarından uğurla çıxmış, doğma yurdun inkişafı naminə böyük fədakarlıq göstərmişlər. Bu gün isə regionda yeni inteqrasiya mərhələsinin başlanması, nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsi və Zəngəzur dəhlizinin açılması perspektivi rayon üçün tamamilə yeni inkişaf imkanları yaradır.
Yaxın gələcəkdə Şərurun regional logistika mərkəzi, kənd təsərrüfatı məhsullarının ixrac qovşağı, xidmət və ticarət məkanı kimi mövqeyinin daha da möhkəmlənəcəyi gözlənilir. Türkiyə istiqamətindən Naxçıvana gələcək turistlər üçün əsas dayanacaq məntəqələrindən birinə çevrilməsi, nəqliyyat əlçatanlığının artması, yeni hotellərin, restoranların, ailə təsərrüfatlarının, kənd turizmi obyektlərinin və digər xidmət sahələrinin inkişafı rayonun iqtisadi fəallığını əhəmiyyətli dərəcədə artıracaqdır.
Zəngəzur dəhlizi təkcə yeni nəqliyyat marşrutu deyil, Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan arasında iqtisadi, sosial və humanitar əlaqələri daha da möhkəmləndirəcək strateji inkişaf layihəsidir. Bu layihənin əsas keçid məntəqələrindən biri olan Şərur əlverişli coğrafi mövqeyi, zəngin təbii ehtiyatları, qədim tarixi, əməksevər insanları və formalaşmış təsərrüfat ənənələri ilə yeni dövrün ən böyük qazanan bölgələrindən biri olmaq üçün bütün üstünlüklərə malikdir.
Əslində, Şərur bu gün öz gələcəyini sıfırdan qurmur. O, minilliklər boyu formalaşmış tarixini, zəngin mədəni irsini, məhsuldar torpaqlarını və insan kapitalını yeni inkişaf mərhələsinə daşıyır. Zəngəzur dəhlizinin yaratdığı imkanlar isə bu potensialın daha dolğun reallaşmasına xidmət edəcək.
Bu baxımdan, Şəruru Zəngəzur dəhlizi üzərində yerləşən adi bir rayon kimi deyil, qədim tarixini müasir inkişaf strategiyası ilə birləşdirən, Cənubi Qafqazın gələcək nəqliyyat, logistika, turizm və iqtisadi xəritəsində xüsusi yer tutmağa hazırlaşan gizli xəzinə kimi dəyərləndirmək daha doğru olar.
Əli CABBAROV
Digər xəbərlər