NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Zəngəzur dəhlizi regionu logistik və tranzit mərkəzinə çevirəcək

...

Qədim Naxçıvan diyarı tarixi İpək Yolun üzərində  yerləşmiş əsas ticarət və sənətkarlıq mərkəzlərindən biri olmuşdur. Böyük coğrafi kəşflərdən sonra İpək Yolu öz əhəmiyyətini zamanla itirmiş, XXI əsrin əvvəllərində  formalaşan beynəlxalq iqtisadi konyunktura ilə bu yol öz tarixi əhəmiyyətini yenidən qazanmaqdadır.

İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sona çatmış, regional sülh və beynəlxalq nəqliyyat yollarının açılması üçün   tarixi şans yaranmışdır. Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizinin əhəmiyyəti beynəlxalq ticarət yollarına və geosiyasi strategiyalara potensial təsir göstərərək bilavasitə regiondan kənara çıxır.

Son onilliklərdə yüksəlişdə olan Çin iqtisadiyyatı qlobal təchizat zəncirlərinin formalaşmasında həlledici rol oynamışdır. Çin  və Avropa arasındakı yükdaşımaların sürəti  orta hesabla dəniz yolu ilə 36 gün, Trans-Sibir marşrutu  ilə 20 gün çəkməkdədir. Bu yollara alternativ olaraq Orta Dəhlizdə daşınmalar 12 gün müddətində həyata keçirilir.   Zəngəzur layihəsi ilə Çin və Avropa arasındakı Orta Dəhliz üzərində yerləşən ölkələr Qlobal ticarətdə mövqelərini gücləndirə və iqtisadiyyatın şaxələndirilməsini  təmin edə biləcəklər.

Zəngəzur dəhlizi Anadoluda, Qafqazda və Mərkəzi Asiyada yaşayan türk xalqları arasında körpü rolunu oynayacaq. Bu layihə türk dövlətlərinin  ortaq maraqlarını daha geniş müstəvidə həyata keçirməyə şərait yaradacaqdır. İqtisadiyyat, təhlükəsizlik, mədəniyyət və digər sahələrdə əməkdaşlığa geniş imkanlar yaradacaq.  Ölkələr arasında ticarət artaraq, mal və xidmət dövriyyəsi yüksələcək. Beləliklə, Zəngəzur dəhlizinin açılması Türk dünyasının güclənməsinə, türkdilli dövlətlərin yaranan yeni şəraitdə onların dünya iqtisadiyyatında və dünya siyasətində daha önəmli rol oynamasına imkan verəcək.         

Zəngəzur dəhlizindən keçəcək marşrut Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə alternativ olaraq Türkiyə ilə Azərbaycan arasında  məsafəni 320 km qısaldır. 2025-ci ildə Türkiyə tərəfi İğdır-Vəlidağ istiqamətində dəmir yolu inşaatını başlatmışdır. Zəngəzur dəhlizi layihəsi və Naxçıvan Muxtar Respublikasının nəqliyyat infrastrukturuna qoyulacaq investisiyaların həcmi, təqribən, 5 milyard dollar miqyasında qiymətləndirilir. Buna qarşılıq olaraq gələcək 20 ildə enerji xərclərinə 25-30 milyard dollar qənaət ediləcəkdir.

Zəngəzur dəhlizi layihəsi Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üçün əvəzolunmaz imkanlar yaradacaqdır. Blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının nəqliyyat və enerji infrastrukturuna inteqrasiya olunacaq. Muxtar respublika ilə maneəsiz nəqliyyat əlaqələri təmin  olunacaq.  Zəngəzur dəhlizindən istifadə olunaraq dəmir yolu ilə  Naxçıvan Muxtar Respublikasına daşınacaq yüklərin nəqliyyat xərcləri  əhəmiyyətli dərəcədə azalacaqdır. 

Beynəlxalq nəqliyyat yolu keçəcəyi ərazilərdə iqtisadi inkişaf üçün stimul yaradacaqdır. Muxtar respublikanın iqtisadi inkişafı ilə əlaqədar əsas perspektivlər Zəngəzur dəhlizinin açılması ilə bağlıdır ki, bu layihə Naxçıvan Muxtar Respublikanın tarixi izolyasiyasını aradan qaldırmaqla yanaşı, regionu logistika və tranzit mərkəzinə çevirəcək, ticarəti, turizmi və ixrac potensialını artıracaq, yeni yollar, dəmir yolları və enerji xətləri vasitəsilə iqtisadi artımı sürətləndirəcək. Birbaşa xarici investisiyaların artması iqtisadiyyatın diversifikasiyasını təmin edəcək.

Səməd ƏLİYEV

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

Yazı “Şərq qapısı” qəzetinin elan etdiyi “Müstəqil Azərbaycan: “Konstitusiya və Suverenlik İli”nin təntənəsi” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir

Nəşr edilib : 20.10.2025 10:21