NAXÇIVAN :

24 Yanvar 2026, Şənbə

Zəngəzur adlı həsrət cığırı

...

Naxçıvanım… Dağların qoynunda anasından cismən ayrı düşmüş doğma və qədim yurd yerim. Baş-başa vermiş dağları düşmənin qarşısında sipər və gözdağıdır. Möhtəşəmlik simvolu olan dağlarda həsrət var, nigarançılıq var.

Naxçıvanım… Burada hər an bir xatirə, bir nəfəsdir. Çiçəklər burada həzin bir mahnı oxuyur, hər nəğmə ayrılığı, həsrəti pıçıldayır küləklərə...

Naxçıvanım… Hər səhər burada günəşin ilk şüaları yavaş-yavaş yüksəlir qanad açan quşlar kimi, sanki içimizdəki həsrəti hayqırır dağlara.

Naxçıvanım… Azərbaycanın qəlbi, tarixin şahidi, minillərin yadigarı, əzəli torpağım. Amma bu torpaq uzun illər boyu öz doğma yurdundan ayrı düşdü. Bir tərəfdə Azərbaycan – o biri tərəfdə isə Naxçıvan. Bir Vətənin iki parçası, lakin aralarında sərhədlər, bağlanmış yollar, çəkilmiş, məftillər…

Biz naxçıvanlılar öz doğma torpaqlarımızda olsaq da, Vətənin qalan hissəsindən ayrı düşmüşük; sərhəd məhdudiyyətləri, düşmən blokadası, bağlanan yollar həyatımızın bir parçasına çevrilib. Rusiyanın əlaltısı kimi tarix boyunca özünə yer etməyi hədəf edən Ermənistan sovetləşdikdən sonra sovet rəhbərliyinin də apardığı anti-Azərbaycan siyasətinin məntiqi nəticəsi kimi 1920-ci illərdə Zəngəzur ərazisinin çox böyük hissəsi Ermənistana verildi. Bununla Azərbaycanın tarixi torpaqları hesabına Ermənistan SSR-nin tərkibində Zəngəzur qəzası yaradıldı. Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı düşdü. Həmin dövrdə naxçıvanlıların kəskin etirazı bu acı müqəddərata mane ola bilmədi. Ona görə də bu məsələlərdən bəhs edən Ümummilli Lider Heydər Əliyev deyirdi: “Əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də, Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti Naxçıvanı ana Vətəndən daha da təcrid etdi. Bakı ilə Naxçıvan arasındakı yollar, elektrik enerjisi kəsildi, qaz xətləri bağlandı. Blokada illərində naxçıvanlılar aclıqla, soyuqla, yoxsulluqla mübarizə aparmağa başladılar. Elektrik enerjisi yox, ərzaq çatışmazlığı insanları imtahana çəkir, kommunikasiyalar da bərbad vəziyyətdə idi. İnsanlar bir parça çörək üçün saatlarla növbələrə dayanırdılar. Amma onların ən böyük acısı bu deyildi – ən böyük acı Vətəndən ayrı düşmək idi. Görkəmli dövlət xadimi Heydər Əliyev erməni təcavüzü qarşısında Naxçıvanı qorudu. O, blokadanın aradan qaldırılması üçün Türkiyə ilə əlaqələr yaratdı. 1992-ci ildə Araz çayı üzərində “Ümid” körpüsü inşa olundu. Bu körpü təkcə fiziki bir yol deyildi – bu, Naxçıvanın nəfəs borusu idi. Lakin bu yenə də qovuşma demək deyildi, çünki Bakıdan gələn qatarlara minmək hələ də mümkün deyildi, Vətənin bir parçası hələ də ayrılıqda idi...

İllər boyunca Naxçıvan və qalan Azərbaycanın əsas hissəsi birləşməyə, bir yerdə döyünməyə həsrət qalmışdı. Zəngəzur, bir zamanlar bu birliyi təmin edən torpaq, indi isə böyük bir həsrət... Yollar bağlı, sərhədlər sərt... Hər bir naxçıvanlının ürəyində bir boşluq, bir yaranan aclıq... Bu torpaq, yalnız coğrafi deyil, eyni zamanda emosional bir səddi təmsil edir.

Ancaq bu gün… Zəngəzur dəhlizi artıq bir ümid cığırına çevrilib! Tarixin səhifələrindən silinməyən o bağlanmış yollar bu gün yenidən açılır. Həsrətə son verilir, qovuşmağa başlanılır. O cığır artıq illərlə qovuşmağa həsrət qalmış torpaqları deyil, iki ürəyi birləşdirən bir yola çevrilməkdədir. Zəngəzur dəhlizi artıq səhra deyil, bir kəmər kimi gələcək üçün ümid verən bir işıqdır. Naxçıvan və Azərbaycan arasında qurulacaq bu yol yalnız bir coğrafi keçid deyil, həm də illərlə itirilmiş ümidin geri dönüşüdür. Həsrət cığırı artıq açılır və bütün xalq üçün yeni bir səhifə başlayır!

Naxçıvan və naxçıvanlılar üçün tarixi günlərdir. Naxçıvanlılar bu günü illərdir ki, gözləyirlər. O gün yaxınlaşır. Bir gün Bakıdan çıxan qatar bu yolla Naxçıvana çatacaq. Bir gün Qarabağdan gələn yollar Naxçıvana açılacaq. Bir gün insanlar sərhədlərə baxmadan, təyyarəyə bilet gözləmədən, maneəsiz, rahat şəkildə öz evlərinə, doğmalarına qovuşacaq.

Bu, sadəcə bir yolun açılması deyil – bu, bir xalqın birləşməsi, Azərbaycanın tam olmasıdır.

Bir vaxtlar bizi ana Vətənimizdən coğrafi cəhətdən ayırmışdılar, amma dualar heç vaxt ayrılmadı. Yollar sərhəddə ilişib qalsa da, dualar illər öncə varacağı yerə çatmışdı…

Artıq soruşan olmayacaq: “Naxçıvan hələ də gözləyir?” Çünki gözləyən torpaqlar qovuşan qəlblər kimi sevinəcək. Çünki yollar çəkiləcək, amma həsrət illərin dərinliyində unudulmayacaq. Çünki bu ayrılıq bir tarix idi, amma gələcək artıq qovuşmaqdır!

Emin ZEYNALOV

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşı

Nəşr edilib : 27.11.2025 09:43