NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Zəhmətkeş xanımların qış tədarükü – Əriştə

...

Xatirimdədir ki, uşaq ikən babamgilin həyətinə qohum-qonşu yığılar, qış üçün tədarük görülərdi. İlin bu fəsli yaxınlaşan zaman həmin illər canlanır gözümdə. Sevindirici haldır ki, bu adət-ənənələrimizin hələ də muxtar diyarımızda yaşadılır. Bunlar arasında  əriştə kəsilməsi də var. Biz də “Şərq qapısı” qəzeti olaraq milli mətbəximizin ləziz təamlarından olan əriştənin hazırlanma qaydasını öyrənmək üçün yol adıq yurdumuzun alınmaz qalası olan Sədərək rayonuna.

Burada ailə təsərrüfatçısı Mehbarə Hüseynovanın qonağı olduq. Əvvəlcədən razılaşdığımız həyətdə əriştə kəsmək üçün hazırlıq aparıldığını gördük. Yaxın qonşu olan xanımlar da gəlmişdilər. Çünki  əriştəni hazırlayıb hasilə gətirmək tək adamın işi deyil. Mehbarə xanım bildirdi ki,  əriştə kəsən zaman qohum-qonşu bir araya toplaşar, bir bir-birinə kömək edər. Bu da xalqımızın unudulmayan mətbəx  adətlərindən birirdir. Bu qida məhsulunu hazırlamaq üçün un  ələyir, üstünə duz, yumurta və su əlavə edib qarışdırırıq. Daha sonra xəmir yoğuraraq hissələrə bölüb, kündələyirik. Həmin kündədən nazik yuxa yayırıq. Yuxanın oxlovla bükür, əriştə kəsirik. Kəsilmiş əriştələr asaraq qurutmaq üçün həyətdə ipdən  hazırladığımız şəritlərə sərilir. Əriştənin  daha yaxşı alınması üçün quruduqdan sonra ocaqda qovururuq. Qovurarkən yandırmadan qızarmasına da xüsusi diqqət yetirilir. Qovurduqdan sonra qazanlara yığıb qışa saxlayırıq.

Digər müsahibimiz Yetər Abbasova  deyir ki, kənd yerlərində qış aylarında daha çox xəmir yeməklərinə üstünlük verilir. Əriştə payız və qış aylarının ən sevimli yeməyidir. Bu yeməyə Şərur, Sədərək rayonlarının bir çox kəndində “umac aşı” da deyirlər. Yetər xanım diqqətimizə çatdırır ki, əriştəni təkcə özümüz üçün deyil, həm də şəhərdə yaşayan qohumlarımız üçün hazırlayırıq.

Əriştələri alıb ocaq başında dayanan  Nailə xanım bizə  əriştənin  bişirilmə qaydasından da  danışır. “Əriştə aşı hazırlamaq üçün qazanın içərisinə  əvvəla soğan,  sonra kiçik  ölçülü lobya dənələri də atılaraq qaynadılır. Suyu süzülür. Quru alça, ərik yuyulur, əriştə qazana tökülməmişdən qabaq xörəyə vurulur. Bu yeməyə xüsusi dad və ətir verən ələyəzdir. Onu yeməyə əlavə etməzdən əvvəl mütləq qaynar suda islatmaq lazımdır. Sonra həmin ələyəzi möhkəm sıxırıq ki, acı suyu çıxsın”. O bir məsləhət də verir: – Əriştəni təzə-təzə kəsib bu yeməyi bişirəndə daha dadlı olur. Bir də ki, kəsilən əriştəni dəstələyəndə bir az unlu saxlayıb yeməyə əlavə edəndə yeməyin suyu qatılaşar. Bu həm də yeməyin doyuruculuğunu, həm də dadını artırır. Qazana ən son əriştəni əlavə edirik, əriştə qazandakı suyun üzərinə çıxanda yemək hazır olur.

İşin sonunda bacarıqlı xanımlar süfrə başına toplaşaraq  zəhmətlə hazırladıqları əriştənin dadına baxaraq nuş edirlər.

Biz də yolyoldaşlarımızla birgə “Yolçu yolunda gərək” deyib Sədərəyin  qonaqpərvər  sakinləri ilə  sağollaşıb gələcəyimiz ünvana doğru yola çıxırıq.

Əziz oxucularımız, onu da diqqətə çatdıraq ki, bu gün naxçıvanlıların  əzizləyə-əzizləyə bişirdiyi xəmir yeməklərindən olan əriştə qış aylarında təşrif buyuran qonaqlar üçün süfrəyə gətirilən ən ləziz yemək hesab edilir.

        

Bülbül QULİYEVA

Nəşr edilib : 08.10.2024 18:54