Şuşanın qayalarına yazılan adlar: Vətənpərvərlik t...
11:40 06.09.2026
0
0
1
NAXÇIVAN :
06 Sentyabr 2026, Bazar
Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrlə 2025-2026-cı tədris ilində ümumi təhsil müəssisələrini yüksək nəticələrlə başa vuran məzunlar qızıl və gümüş nişanlarla təltif olunublar. Naxçıvan məktəblərinin dörd məzunu da bu siyahıda yer alaraq iki qızıl və iki gümüş nişana layiq görülüb. Bəs bu nəticənin arxasında hansı zəhmət, əzm və məqsədlər dayanır? “Şərq qapısı” olaraq dörd məzunun uğur hekayəsini dinlədik.
Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin məzunu Ərsadiq Cabbarlı yüksək nəticəsi ilə seçilərək qızıl nişana layiq görülüb. O, təhsilini Türkiyənin Orta Doğu Texniki Universitetində Aerokosmik mühəndislik ixtisası üzrə davam etdirməyi planlaşdırır. SAT imtahanında 1600 baldan 1530 bal toplayan Ərsadiq, həmçinin Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan təqdimat müsabiqəsində III yerə layiq görülüb.
Qızıl nişana layiq görülməsini böyük sevinc hissi ilə qarşılayan gənc bu nəticəni uzun müddət davam edən hazırlığın və zəhmətin bəhrəsi kimi qiymətləndirir. Onun fikrincə, hazırlıq prosesində ən vacib məsələlərdən biri vaxtı düzgün bölüşdürməkdir. Ərsadiq gündəlik planını əvvəlcədən hazırladığını, dərslə yanaşı, sosial həyatına, idmana və digər maraqlarına da vaxt ayırdığını bildirir. Onun bu mərhələdə uğur qazanmasında məktəb rəhbərliyinin, müəllimlərinin və ailəsinin dəstəyi də mühüm rol oynayıb. Ərsadiq hesab edir ki, nəticə əldə etmək üçün istedad və zəhmət bir-birini tamamlamalı, qarşıya qoyulan məqsəd isə bütün bu səylərə istiqamət verməlidir. Çətinliklərlə qarşılaşdıqda onu irəli aparan əsas amilin də məhz gələcək hədəfləri olduğunu deyir. Gəncin ən böyük arzusu ali təhsilini uğurla başa vuraraq seçdiyi ixtisas üzrə fəaliyyət göstərmək və qazandığı bilikləri peşəsində tətbiq etməkdir.
Qızıl nişanla təltif olunan məzunlardan biri də Culfa rayonunun Saltaq kənd tam orta məktəbinin yetirməsi Murad Zülfüqarovdur. 585 bal toplayan Murad təhsilini Naxçıvan Dövlət Universitetində Əczaçılıq ixtisası üzrə davam etdirəcək. Onu yüksək nəticəyə aparan yolda isə uzunmüddətli hazırlıq, əzmkarlıq və qarşıya qoyduğu məqsədə sadiqlik mühüm rol oynayıb. Uğuru illərlə çəkdiyi zəhmətin və əməyin bəhrəsi kimi dəyərləndirən Murad bu xəbəri böyük sevinc və qürur hissi ilə qarşılayıb. Onun sözlərinə görə, əldə etdiyi nəticə həm özünə, həm də ona inanan insanlara olan inamını daha da möhkəmləndirib. Hazırlıq dövründə gününün böyük hissəsini dərslərə ayıran gənc üçün yorğunluq və vaxt çatışmazlığı əsas çətinliklərdən olub. Qarşısına qoyduğu məqsəd isə bu çətinlikləri geridə qoymasına kömək edib.
Bu prosesdə ailəsinin mənəvi dəstəyini və müəllimlərinin istiqamətləndirməsini xüsusi qeyd edən Murad onları uğura aparan yolun vacib hissəsi hesab edir. Onun fikrincə, müəllim yalnız bilik verən deyil, şagirdin özünə inanmasına və doğru istiqamət seçməsinə kömək edən insandır. O, yüksək nəticə əldə etmək istəyən şagirdlərə səbirli olmağı, əzmlə çalışmağı və öyrənməkdən zövq almağı tövsiyə edir.
Yüksək nəticə göstərərək gümüş nişana layiq görülən Fidan Babayevanın hekayəsində də zəhmət və məqsəd əsas yer tutur. Babək rayonunun Şəkərabad kənd tam orta məktəbinin məzunu 544 balla fərqlənib. O, təhsilini Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsində davam etdirəcək.
“Yüksək nəticənin əsas şərtlərindən biri özünü sevməkdir”, – deyən Fidan üçün əldə etdiyi nəticə məktəb illərində göstərdiyi səylərin nəticəsidir. Onun fikrincə, məsuliyyətli olmaq, qarşıya aydın məqsədlər qoymaq və həmin məqsədə doğru inamla addımlamaq uğuru şərtləndirir. Fidan məktəb illərində müxtəlif müsabiqə və olimpiadalarda da fəal iştirak edib. RFO-da Azərbaycan dili və ədəbiyyat fənni üzrə bir neçə dəfə yarımfinal mərhələsinə vəsiqə qazanıb, inşa və şeir müsabiqələrində yer tutub. Nizami Gəncəvinin 100 illiyi ilə bağlı keçirilən rollu oyunda komandası ilə respublika ikincisi olub. Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan “Ən yaxşı təqdimat” müsabiqəsində isə respublika birincisi olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə təltif edilib.
Dərslə yanaşı, sosial aktivliyə də maraq göstərən Fidan müxtəlif tədbirlərdə aparıcı kimi çıxış edib, nitqi və diksiyası üzərində çalışıb. Gələcəkdə özünü diplomat kimi görən gəncin ən böyük arzusu Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil etmək və ölkəsinin adını daha da yüksəklərə qaldırmaqdır.
Həmsöhbətlərimizin hekayəsində ortaq məqamlar olsa da, hər birini bu nəticəyə aparan yolu fərqlidir. Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin məzunu Solmaz Ələkbərli də yüksək nəticəsi ilə seçilən gənclərdəndir. 643 bal toplayan Solmaz gümüş nişana layiq görülüb və təhsilini Naxçıvan Dövlət Universitetində tədrisi ingilis dilində olan Hüquqşünaslıq ixtisası üzrə davam etdirəcək.
Solmaz bu nəticəni illər ərzində göstərdiyi əzmkarlığın və zəhmətin qarşılığı hesab edir. Onun fikrincə, yüksək nəticə əldə etmək üçün məsuliyyətli və sistemli çalışmaq vacibdir. İmtahana hazırlıq zamanı hər səhər görəcəyi işləri əvvəlcədən müəyyənləşdirdiyini və gündəlik dərs sisteminə əməl etdiyini deyən Solmaz bunun mövzuları daha yaxşı mənimsəməsinə və təkrar üçün vaxt qazanmasına kömək etdiyini bildirir.
Onun maraq dairəsi yalnız hüquqla da məhdudlaşmır. Uşaqlıqdan yazıçılığa maraq göstərən Solmaz 9-cu sinifdə 140 səhifəlik psixoloji-kriminal roman – “Vicdanlı qatillər” əsərini yazıb. Gələcəkdə hakim olmaqla yanaşı, yazıçılıq fəaliyyətini də davam etdirmək niyyətindədir.
Bu məzunların hekayələri göstərir ki, məktəb illərində göstərilən hər bir səy gələcək arzulara gedən yolun mühüm addımına çevrilə bilər. Qarşıda onları yeni bir təhsil mərhələsi, yeni hədəflər və arzular gözləyir.
Zəhra VƏLİYEVA
Digər xəbərlər