Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəl...
21:55 02.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
5 il əvvəl…
Hər bir zəfər yalnız döyüş meydanlarında qazanılan bir qələbə deyil, eyni zamanda bir xalqın gücünü, iradəsini və əzmini nümayiş etdirən bir tarixdir. Hər bir zəfərin içində bir xalqın yaşadığı ağrı, çətinlik və mübarizə var. Bu zəfər yalnız döyüş meydanlarında deyil, xalqımızın ürəyində də qazanıldı. 5 il əvvəl biz yalnız torpaqlarımızı geri almadıq, həm də ruhumuzun, inancımızın və birliyimizin zəfərini əldə etdik. Tariximizin bu möhtəşəm səhifələrini biz: hər birimizin evindən bir şəhid, bir qazi, hər birimizin ən az bir dostu, yaxını, qohumu yazdı və gələcək nəsillərimiz də bizim kimi bu zəfəri yaşayacaq. Bu hadisələri yaşadıqca, keçmişin kədəri ilə bu anın sevinci arasındakı fərqi daha çox hiss edirik.
Gözlərimizi açdıqda qulağımıza çatan “Azərbaycanın 20 faiz torpağı işğal altındadır” sözləri artıq bir keçmişin parçasıdır. Məktəb divarlarında “işğal altındakı ərazilərin tarixini əzbərləyin” deyə yazılanlar yalnız bir zamanın yadigarıdır. Hər ay bir itirilmiş torpağın ildönümünü qeyd edərək yas saxlamağımızın artıq mənası qalmadı. Biz artıq keçmişin acı xatirələrindən azad olmuşuq. Bizim gözlərimizdə bu torpaqların geri alındığı, xalqımızın azadlıq qazanması anları var. Bu, bizə yaşadığımız dövrün möhtəşəmliyini bir daha sübut edir.
Şanlı zəfərimizin izləri
Biz, şanlı qələbəmizin şahidləri, rəşadətli ordumuzla, hər çətinliyə sinə gərərək yumruq olmağı bacardıq. Tarixi ədalətsizliklərlə üzləşərək etnik təmizləməyə məruz qalmış, dili, kimliyi dəyişilmək, yox olmaq təhlükəsi altına düşmüş, dəfələrlə soyqırıma, zülmə və illərlə ədalətsizliklərlə mübarizə aparmış və çox zaman da mübarizə meydanında köməksiz qalmış, lakin heç zaman əyilməyən, sınmayan, ruhunda azadlıq qanını daşıyan və əsla əsarətlə barışmayan xalqımızla nə qədər qürür duysaq, yenə azdır. Düşünürəm ki, bu qələbəmizin mahiyyətini zaman keçdikcə daha yaxşı dərk edəcəyik, çünki biz gözümüzün önündə yazılan bu tarixin bir parçasıyıq. Müstəqil Azərbaycanın qalib vətəndaşlarıyıq, tarix bizi yazır və tarixin yaddaşında əbədi yaşayacağıq. İllər sonra uşaqlar bu qələbəmizi tarix kitablarından oxuyacaq və qürurlanacaqlar. Biz kitabdan işğala məruz qalmış ərazilərimizi və “Qan yaddaşımız” başlığı ilə düşmən tapdağı altında qalan torpaqlarımızı oxuyurduq, gələcək nəsillərimiz isə “Şanlı Zəfər Tariximiz” başlığı ilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarımızın adlarını qürurla oxuyacaqlar, çünki biz artıq qalib xalqın nümayəndələriyik.
Bu qələbə hamımızındır. Ordu gücü, xalq birliyi, dövlət iradəsi bir bütövdür. Bu bütövlüyü formalaşdıran, birliyimizin qurucusu, güclü ordumuzun memarı məhz Ümummilli Liderimiz Heydər Əliyevdir. Ulu Öndərimiz Qarabağı yalnız torpaq kimi yox, xalqımızın qəlbi, gələcəyimizin simvolu kimi görürdü. O, hər gecəsini və hər gündüzünü bu torpağın bütövlüyü üçün düşünərək keçirirdi, hər addımında gələcək nəsillərin ümidini daşıyırdı:
“Arzu edirəm ki, sizinlə birlikdə yenidən Şuşaya gedək. İnanıram ki, biz gedəcəyik. Buna inanın. Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Ona görə də Şuşa təkcə yaşayış məkanı deyildir. Şuşa bizim milli rəmzimizdir, mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da əzizdir. Laçın Azərbaycanın ən yüksək dağları, gözəl, səfalı meşələri, bulaqları, çayları olan bir diyarımızdır. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, məkan, bağ-bağat, gözəl yer, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o yüksək dağları, çeşmələri, İstisuyu - biz onlarsız heç vaxt yaşaya bilmərik. Heç vaxt Azərbaycanı bu gözəl guşələrsiz təsəvvür edə bilmərik”.
Dahi rəhbərin vəsiyyəti, onun dəyanəti bu torpaqda, hər zəfərimizdə, hər addımımızda yaşayır, ruhumuzu dirildir və hər an iradəmizi möhkəmləndirirdi…
Azərbaycan Ordusu dövlətimizin başçısı tərəfindən “Dəmir yumruq” adı verilən əks-hücum əməliyyatına – Vətən müharibəsinə qalxdı. Cəmi 44 gün ərzində Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz sərkərdəlik bacarığı ilə qəhrəman oğullarımızın igidliyi və şücaəti birləşdi. Yenilməz Azərbaycan Ordusu tarixi missiyanı şərəflə başa vuraraq düşməni diz çökdürdü. Azərbaycan Ordusu torpaqlarımızı bir-bir azad edərək şanlı bir tarix yazdı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı kimi şəhərlər, həmçinin xalqımızın yaddaşında, mədəniyyətində və ruhunda müqəddəs yer tutan – Qarabağın tacı sayılan Şuşa şəhəri düşmən işğalından xilas edildi. Bununla yanaşı, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavəndin Hadrut qəsəbəsi və çoxsaylı kəndlər, Tərtərin Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə yaşayış məntəqəsi də azad olundu. Ümumilikdə 300-dən çox kənd və qəsəbə, eləcə də Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində yerləşən strateji yüksəkliklər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində yenidən Vətənə qovuşdu. Azərbaycanın hərbi sahədə qazandığı parlaq zəfərlər, xüsusilə 8 noyabrda Şuşa şəhərinin düşmən əsarətindən azad olunması Vətən müharibəsinin taleyində dönüş nöqtəsi oldu. Bu möhtəşəm qələbə ilə Azərbaycan Ordusu sarsılmaz iradəsini və döyüş gücünü bir daha nümayiş etdirdi. Şuşanın azadlığı düşmənin müqavimət ruhunu qırdı, Ermənistan isə məğlubiyyətini etiraf etməyə məcbur qaldı. Nəhayət, 2020-ci il 10 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladığı üçtərəfli bəyanatla müharibə Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Ermənistan kapitulyasiya edərək Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu və bununla da Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfəri kimi tarixə yazıldı. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən cəmi bir günlük antiterror tədbirləri ilə dövlətimizin suverenliyi tam şəkildə bərpa edildi. Cəmi 23 saat 48 dəqiqə davam edən bu əməliyyat nəticəsində erməni separatçı qüvvələri ağ bayraq qaldıraraq təslim oldular.
II Qarabağ döyüşləri Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik sahədə ard-arda qələbələri ilə yekunlaşdı. Zaman göstərdi ki, bu qələbələr bitməyib Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada ən nüfuzlu ölkələr sırasında dayanır və dünya Liderləri artıq bizim varlığımızı qəbul edir, regional münasibətlərdə Azərbaycanın iştirakı və mövqeyini əhəmiyyətli hesab edirlər.
2025-ci ilin 8 avqustunda Vaşinqtonda baş tutan, Azərbaycan diplomatiyasının növbəti böyük qələbəsi sayılan mərasimdə tarixi üçtərəfli görüş Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Cənubi Qafqazın taleyində yeni bir səhifə açdı. Bu görüş, uzun illərdir davam edən münaqişələrə nöqtə qoymaqla yanaşı, bölgədə sülhün, sabitliyin və əməkdaşlığın təməlini qoyan diplomatik dönüş nöqtəsi kimi tarixə düşdü. Bu görüş Azərbaycan üçün təkcə diplomatik deyil, mənəvi və simvolik bir zəfər idi, çünki ölkə 8 noyabr qələbəsinin 5 illiyini bu dəfə 8 avqust diplomatik qələbəsi ilə tamamladı. İki tarixdəki “8” rəqəminin təkrarı, həm liderin uzaqgörən siyasətinin, həm də ilahi ədalətin təcəssümü kimi dəyərləndirilir. Vaşinqtonda diqqət çəkən məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı qərar oldu. ABŞ-ın təşəbbüsü ilə bu strateji yol “Trump Route for International Peace and Prosperity (TRIPP)” adlandırılaraq sülh və rifah üçün beynəlxalq ticarət marşrutu rolunu oynayacaq. Bu, regionun logistika xəritəsini yenidən formalaşdıracaq, enerji və ticarət axınlarına yeni istiqamət verəcək bir addım kimi tarixə yazıldı. Görüşün daha bir mühüm nəticəsi isə ABŞ-nin 907-ci düzəlişi ləğv etməsi oldu. Prezident İlham Əliyevin sözləri ilə desək, bu qərar “33 il sonra ədalətin bərpası” idi. Bu da Azərbaycanın haqlı mövqeyinin bir daha beynəlxalq səviyyədə qəbul edilməsi deməkdir. Beləcə, Vaşinqton görüşü təkcə siyasi deyil, həm də iqtisadi və texnoloji baxımdan yeni bir dövrün başlanğıcını müjdələdi.
Rəşadətli Azərbaycan ordusunun döyüş meydanındakı şücaəti ilə Azərbaycan xalqı artıq müzəffər xalq kimi tarixdə öz yerini tutmuşdur. Əlbəttə, bu qələbə hər birimizin qələbəsidir, amma hər şeydən əvvəl torpaqlarımızın azad edilməsi Ümummilli Liderimizin illərlə xalqın yaddaşında yaşayan müqəddəs vəsiyyətinin gerçəyə çevrilməsidir. O, bu xalqın qəlbinə azadlıq ümidini əkdi, biz isə o ümidin barını DƏMİR YUMRUQLA, inamımızla, birliyimizlə yığdıq. Ali Baş Komandan Şuşanın azad edilməsi ilə bağlı xalqa müraciətində bu məsələyə toxunaraq demişdir:
“Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim: Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Bu zəfər yalnız torpaqlarımızın azad edilməsi deyil, ruhumuzun, şəhidlərimizin, tariximizin qələbəsidir. Bu gün qürurla deyirik ki, QARABAĞ AZƏRBAYCANDIR!
Emin ZEYNALOV
Naxçıvan baş gömrük idarəsinin əməkdaşı
Digər xəbərlər