Bozumbayev: Rusiya və Azərbaycan aviaqəzanın krimi...
22:12 26.12.2024
0
0
0
NAXÇIVAN :
27 Dekabr 2024, Cümə
27 sentyabr 2020-ci il… Bu şanlı tarix xalqımızı böyük zəfərə aparan yolun başlanğıcı oldu. Vətən uğrunda haqq savaşımız başladı bu tarixdə… Qələbəyə gedən yol çox keşməkeşli idi xalqımız üçün. Dədə-baba yurdumuzdan özünə torpaq qəsb etməyə çalışan məkrli düşmən illər boyu həsrət qoydu Vətəni müqəddəs torpaqlarına. İllər ötdükcə Vətən həsrəti ilə yanan bağrımız alovlandı, haqqımız nazilərkən… Ancaq nazilsə də, üzülmədi haqqımız, tükənmədi səbrimiz, qırılmadı ümidimiz. Nə vaxtsa bir gün vüsala çatacağımıza şübhə etmədik, çünki dövlətimizin qüdrətinə, ordumuzun gücünə hər zaman inandıq. Yanılmadıq, məyus olmadıq, əksinə, qürurlandıq verilən hər qərarla, fəxr etdik düşünülərək atılan hər addımla, fərəhləndik yenilməz ordumuzla, tək yumruq olduq mübariz xalqımızla, öyündük mərd, cəsur, qorxmaz, igid oğullarımızla… Öz haqqımız – düz 30 il qara bağlayan Qarabağımız uğrunda bir an belə düşünmədən döyüşə atıldı on minlərlə hünərli, qeyrətli oğullarımız. Yazdığı qəhrəmanlıq salnaməsi ilə bütün dünyaya göstərdi Azərbaycanın qüdrətini, gücünü, birliyini. Müstəqilliyimiz, torpaqlarımızın toxunulmazlığı uğrunda gözünü qırpmadan özünü odlu-alovlu cəbhəyə atan igidlərimizi müqəddəs bir amal birləşdirirdi bu tarixdə: “Vətən sağ olsun!” Bu amalla yaşayan təkcə igidlərimiz deyil, onlara bu cəsarəti, bu gücü verən, sıralarını möhkəm edən xalq-ordu birliyi idi həm də.
Xalqımız vahid bir yumruq altında birləşib, “dəmir yumruq” oldu. Elə bir yumruq ki xalqın gücünü, vəhdətini, mübarizliyini bütün dünyaya göstərdi. Xalq “dəmir yumruq” ətrafında birləşdi, bu yumruqla daha da qüvvətləndi, mübarizləndi. Bu yumruqla irəlilədi qələbəyə doğru. Haqq savaşımızda, vətən, bayraq, torpaq uğrunda kimisi şəhid oldu, kimisi qazi. 44 günlük haqq savaşımızda şəhid verən əsgər analarımız böyüdüb boya-başa çatdırdıqları övladları yolunda ah-nalə çəkmədilər, fəxarətdən gözyaşı tökdülər, atalar belibükük deyil, başı dik dayandılar, övladlarının cənazəsi bükülən bayrağı öpərkən “Təki Vətən sağ olsun! Biz oğulu bayraq üçün, torpaq üçün böyütdük”, – dedilər. Övladı, yarı Vətən uğrunda döyüşlərdə can verən, qan tökən qadınlar şəhid cənazələrini çiyinlərinə alıb şərəflə daşıdılar. Qürur duyduq, fəxr etdik, yurdumuzun Nigar kimi ər qeyrətli, Həcər kimi dəyanətli, əyilməz iradəli, böyük ürəkli qadınları ilə…
Düz dörd ildir ki, dövlətimiz 30 illik bir tarixi yenilədi. 30 illik bir işğal tarixini dəyişdi. 30 il sonra 44 günlük bir zəfər tarixinə imza atdı. Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, əzmli və azad olmamışdı. Bu, dövlətin mükəmməl siyasəti, xalqın inamı nəticəsində baş verdi. Bu inamı doğruldansa yenilməz sərkərdə və xalq vəhdəti oldu. Liderimizin qətiyyətinin nəticəsi idi ki, ən ağır vəziyyətlərdə belə Azərbaycan xalqı heç kimin qarşısında baş əymədi, sözünü cəsarətlə və inamla deyə bildi. “Qarabağ Azərbaycandır və nida”, tribunadan deyilən bu fikir sahibinin dünyaya çağırışı da əbəs yerə deyildi. Bu həddini aşanlara bir səsləniş, bir xəbərdarlıq idi. Bu ifadəni bütün dünyaya əməli ilə sübut edən qalib sərkərdənin bir çox yersiz fikirlərə qoyduğu nöqtə idi. Məhz “dəmir yumruq” siyasətinin nəticəsidir ki, bu gün biz rahatlıqla deyə bilirik ki, “Qarabağ Azərbaycandır!”
…Biz bu gün xoşbəxtik, biz bu gün qürurluyuq. Çünki azadlığı, müstəqilliyi, müqəddəs torpağı uğrunda şəhid verən xalq xoşbəxt xalqdır. Bu mənada, Azərbaycan xalqının qürur hissi keçirməyə, başını uca tutmağa tam mənəvi haqqı var. Bu haqqı bizə verən ömürlərinin bahar çağında Vətən torpağı uğrunda canlarını qurban edən Vətən oğullarıdır. Onlar yurdumuzun hər yerini əbədi laləzara çevirən solmaz fidanlardır. Bu şərəfli yolda hünərlə addımlayan, Vətən darda olanda onun hayına çatan, yağı gülləsinin qarşısına igidcəsinə çıxan, Vətənə tükənməz məhəbbətin son zirvəsinə ucalmaq kimi müqəddəs bir amal üçün haqq savaşında məharətlə vuruşan, məzarları ilə uyuduqları məkanı müqəddəs ziyarətgaha çevirən qəhrəman eloğullarımızın ruhu Vətən göylərində indi azaddır. İllər ötüb, qərinələr dolaşsa da, bu tarix və onlar əsla unudulmayacaq, başımızı uca edən ərənlərimiz həmişə minnətdarlıq duyğuları ilə anılacaq.
Digər xəbərlər